Qanun Nəşriyyatı tərəfindən nəşr olunan "Nağıllar və qaravəllilər" kitabı valideynlərin narazılığına səbəb olub. Kitabdakı bəzi nağılların adlarını "Gah-gah dağında üç xiyara aşiq olasan" və mətnlərdə işlədilən "Kömür alması" nağılındakı "oynaş", "lotu" kimi ifadələrin azyaşlı uşaqlar üçün uyğun olmadığını iddia edərək sosial mediada paylaşım ediblər.
Tərcüməçi-yazar, Qanun Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu mövzuyla bağlı Modern.az-a danışıb.
"Kitabı uşaq bölməsindən satın alması həmin kitabı uşaq kitabı etmir. Həmçinin nağıllar sadəcə uşaqlar üçün nəzərdə tutulmayıb. Nağılların içində kobud, vulqar ifadələr tarix boyu yer alıb. Məsələn,"Min bir gecə" nağılları var ki, onlar uşaqlar üçün deyil. Nağıllar ümumiyyətlə valideynlərin övladlarına oxuması üçündür. Yəni valideyn özü bilər hansı hissəni danışar, hansı hissəni danışmaz. "Tıq-tıq xanım" nağılı uşaqlar tərəfindən sevilən bir nağıldır. Ancaq nağılın içində 9 yaşı olan xanımın "Hara gedirsən?" sualına - "Ərə gedirəm" cavabı uşaqlar üçün uyğun olmadığı hamıya bəllidir. Yəni belə nağıllar olub və olacaq".

Ş.Xuduoğlu qeyd edib ki, folklor nümunələr 1988-ci ildə toparlanıb, kitab halına salındı. Bu bizim folklorumuz, xalqımızın yaradıcılığdır. Bunu heç kim dəyişə bilməz:
"Həmin kitabın nüsxəsi Milli Kitabxanada, Elmlər Akademiyasında da var. Tənqid olunan hissələrə gəldikdə isə, orada deyilən "aşna" sözü, aşna, oynaş sözü bizim ədəbiyyatda eşidilən bir sözdür. “Gah-gah dağında üç xiyara aşiq olasan” nağılındakı xiyar sözünü tənqid edilir, bu xiyar nə vaxtdan bizim dildə belə vulqar söz olub? Hər gün yediyimiz meyvədir də. Belə ifadələrə diqqət yetirmək, yozmaq əvəzinə mədəniyyətimiz və tariximiz olan nağıllarla uşaqlar maariflənməlidir. Hər birimiz o tərzdə böyümüşük. Dədələrimiz, babalarımız kobud zarafatlar edirdi, bizlərdə onların arasında böyümüşük".
Şahbaz Xuduoğlu sonda vurğulayıb ki,hər kəs öz düşüncəsinə uyğun yozursa, yozsun.

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, "Uşaq ədəbiyyatı" şöbəsinin rəhbəri, yazıçı Qəşəm Nəcəfzadə isə vurğulayıb ki, belə hallara qəti yol verilməməlidir.
"Nağıl olsa belə, uşaq yazıçıları tərəfindən həmin ifadələrə düzəlişlər edilməlidir. Mən bunu əvvəllki çıxışlarımda "Məlikməmməd nağılı" üçündə qeyd etmişdim. Qardaş qardaşının kəndirini kəsib quyuya salır, evdə o biri qardaş da öz qardaşından şübhələnir ki, mənim də kəndirimi kəsə bilərlər. Yəni belə qeyri-tərbiyəvi şeylərə yer verilməməlidir" - deyə o qeyd edib.