Türkiyənin yaxın siyasi tarixinin mübahisəli simalarından olan Abdullah Çatlının 1980-ci il hərbi çevrilişindən sonra xaricə getməsini və Avropada keçirdiyi illəri əks etdirən “Çatlı 2” filmi oktyabrın 30-da tamaşaçılara təqdim olunacaq.
Modern.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, bioqrafik dram janrında çəkilən filmin rejissoru Deniz Enyüksekdir. Ekran əsərində 1980-ci illərin siyasi mühiti və beynəlxalq münasibətlər fonunda Çatlının həyatından bəhs olunur.
Filmin çəkilişləri İstanbul və Ankara ilə yanaşı, Macarıstanda da aparılıb. Layihənin hazırlıq mərhələsində təxminən beş ay araşdırma və hazırlıq işləri görülüb. “Çatlı” və “Çatlı 2” filmləri birlikdə çəkilib, çəkiliş prosesi isə təxminən 12 həftə davam edib.
Filmin İstanbulda yerləşən Emaar Square ticarət mərkəzində təqdimatı keçirilib. Abdullah Çatlı obrazını keçmiş futbolçu və aktyor Vedat İnceefe canlandırır.
Ekran əsəri Türkiyənin yaxın tarixinə aid mübahisəli bir şəxsiyyətin həyatını və həmin dövrün siyasi hadisələrini kino dili ilə təqdim etməyi hədəfləyir.