Modern.az

Xocalıda iş adamlarının sayı sürətlə artır - FOTO

Xocalıda iş adamlarının sayı sürətlə artır - FOTO

Aktual

Bu gün, 13:20

Mayın 13-də Xankəndi  şəhərində “Caspian Energy Club” tərəfindən təşkil olunan Milli Biznesin İnkişafı Forumu keçirilib.Forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlığın inkişafı, investisiya mühiti, vergi və təşviq mexanizmləri, həmçinin biznes fəaliyyətinin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Sahibkarların sualları tədbir iştirakçıları tərəfindən cavablandırılıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, bölgədə həyata keçirilən layihələrin əsas məqsədi yalnız infrastrukturun bərpası deyil, eyni zamanda dayanıqlı iqtisadi inkişafın təmin olunması, yeni iş yerlərinin yaradılması və özəl investisiyaların təşviqidir.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi bu prosesin əsas istiqamətlərindəndir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında özəl sektor üçün tətbiq edilən geniş güzəşt mexanizmləri əlverişli biznes mühiti formalaşdırıb. Regionda fəaliyyət göstərən rezidentlər üçün mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilər üzrə güzəştlər tətbiq olunur. Eyni zamanda istehsal və xidmət fəaliyyəti üçün idxal edilən avadanlıq və xammala görə ƏDV və gömrük rüsumlarından azad olmalar nəzərdə tutulur. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə sosial sığorta, əmək münasibətləri və kommunal xidmətlər sahəsində də əlavə güzəştlər tətbiq edilir. Bu dəstək mexanizmləri iqtisadi fəallığın artırılmasına və yeni sahələrin inkişafına töhfə verir. Azərbaycan Biznesin İnkişafı Fondu tərəfindən regionda fəaliyyət göstərən sahibkarlara dövlət zəmanətli kreditlər və kredit faizlərinin subsidiyalaşdırılması mexanizmləri tətbiq olunur. Bu tədbirlər xüsusilə istehsal, kənd təsərrüfatı, turizm və xidmət sektorlarında maliyyə resurslarına çıxış imkanlarını genişləndirir.

E. Yusubov bildirib ki, son 2 il ərzində Xankəndi, Ağdərə və Xocalı üzrə ümumilikdə 644 obyekt sahibkarlıq fəaliyyəti üçün icarəyə verilib. Bu dövr ərzində investorlar tərəfindən 100 milyon manatdan çox investisiya qoyulub. Fəaliyyətə başlamış obyektlər üzrə təxminən 4 000-ə yaxın şəxs işlə təmin olunub. Mövcud müqavilələr üzrə digər obyektlər istifadəyə verildikdən sonra iş yerlərinin sayının 6 000-ə çatdırılması gözlənilir. Hazırda bölgədə 34 minə yaxın şəxs məskunlaşıb. Onların bir hissəsi özəl sektorda məşğulluqla təmin edilib.

Qeyd edək ki, tədbirin sonunda bir sıra iştirakçılara sertifikatlar təqdim olunub.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?