Bakı Mühəndislik Universitetində (BMU) informasiya texnologiyaları və mühəndislik sahələri üzrə təhsil alan tələbələr üçün Elm və Təhsil Nazirliyi və Müdafiə Sənayesi Nazirliyinin birgə əməkldaşlığı çərçivəsində həyata keçirilən İxtisaslaşmış Akademik Tədris Proqramı ilə bağlı infosessiya təşkil olunub.
Modern.az xəbər verir ki, BMU-nun tədris işləri üzrə prorektoru Həmzağa Orucov çıxışında universitet-sənaye əməkdaşlığının mühəndis hazırlığında mühüm rol oynadığını bildirib. Qeyd edib ki, bu kimi proqramlar gənclərin müdafiə sənayesi sahəsində ixtisaslaşmasına və gələcək karyera imkanlarının genişlənməsinə töhfə verir.
Çıxış edən müdafiə sənayesi nazirinin müşaviri Osman Okur müdafiə sənayesinin yalnız texnoloji deyil, həm də insan resursları baxımından güclənməsinin vacibliyini vurğulayıb. Bildirib ki, bu istiqamətdə əsas məqsəd gənc mühəndislərin potensialını üzə çıxarmaq və onları real layihələr üzərində işləyən peşəkar kadrlara çevirməkdir. O qeyd edib ki, müdafiə sənayesində kompüter, elektronika, kimya, çevrə mühəndislikləri və süni intellekt kimi sahələr üzrə ixtisaslı mütəxəssislərə böyük ehtiyac var.
Osman Aksoy çıxışında tələbələrə müraciətlə bildirib ki, müdafiə sənayesində çalışmaq gələcəkdə öz imzasını vacib layihələrdə görmək istəyən gənclər üçün mühüm fürsətdir. Müdafiə sənayesində fəaliyyət göstərmək yalnız peşə deyil, həm də ölkəyə xidmət və qürur mənbəyidir. Müşavir tələbələri bu sahədə üzərlərinə məsuliyyət götürməyə, ölkənin texnoloji inkişafında iştirak etməyə və müdafiə sənayesinin bir parçasına çevrilməyə çağırıb.
Sonra Müdafiə Sənayesi Nazirliyinin Ekosistemin təşkili və tərəfdaşlarla iş şöbəsinin müdiri Aytən Sadıqova Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosistemi Proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə İxtisaslaşmış Akademik Tədris Proqramına qəbul qaydaları barədə məlumat verib. Bildirilib ki, proqram strateji istiqamətlər və real layihələr əsasında tədrisin təşkili, nazirliyin yüksək səviyyəli laboratoriyalarında praktiki hazırlıq mərhələlərini əhatə edir. İnfosessiya zamanı proqram üzrə qeydiyyat prosesi, akademik göstəricilərin qiymətləndirilməsi, test və müsahibə mərhələləri barədə də tələbələrə ətraflı informasiyalar təqdim olunub.
Nazirliyin Elmi Tədqiqat İnstitutunun müşavirləri Elsevər İbadov və Qamət Kərimov çıxışlarında layihənin üstünlüklərini diqqətə çatdırıblar. Qeyd olunub ki, proqram iştirakçıları nəzəri biliklərini praktiki şəkildə möhkəmləndirmək imkanı qazanacaq, istehsalat təcrübəsini uğurla başa vuran tələbələrə sertifikat təqdim ediləcək və onlar müvafiq kadr bazasına daxil ediləcəklər. Çıxışlarda layihənin mühəndislik təhsili ilə sənaye arasında əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyəti xüsusi vurğulanıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.