Tibbi Ərazi Bölmlərini İdarəetmə Birliyinin (TƏBİB) xəstəxanalarına yeni direktor və direktor müavinləri təyin olunub. Belə ki, Respublika Pediatriya Mərkəzinə direktor vəzifəsinə Erkin Rəhimov, Respublika Endokrinoloji Mərkəzinə direktor vəzifəsinə Dinar Qəhrəmanova, Nizami Tibb Mərkəzinə direktor müavini və doğum evinin rəhbəri vəzifəsinə Fərəh Qaraqurbanlı, Respublika Dəri-Zöhrəvi Mərkəzinə isə direktor müavini və baş həkim vəzifəsinə Rəxşəndə Əhmədova təyin olunub.
Modern.az saytı Respublika Pediatriya Mərkəzinə direktor vəzifəsinə gətirilən Erkin Rəhimovla əlaqə saxlayıb və onun təyinatla bağlı fikirlərini öyrənib.
Saytımıza açıqlamasında Erkin Rəhimov təyinat yeni olduğundan hələ ətraflı danışa bilməyəcəyini bildirib:
“Hələ indi baş verib bu məsələ. Biz görəv adamıyıq. Məqsədimiz ölkədə pediatriya sahəsinə əlimizdən gəldiyi qədər töhfə verməkdir. Hələ işin içinə tam daxil olmamışıq, təyinat yenidir. Ona görə də Allah bizi utandırmasın, yardımçı olsun ki, əlimizdən gələni edə bilək. Pediatriya istiqamətində nə mümkündürsə, onu etməyə çalışacağıq. Amma dediyim kimi, hələlik nəsə konkret fikir bildirmək çox tezdir. Müəyyən müddət keçəndən sonra daha dolğun təəssüratlar formalaşacaq.
Biz çalışacağıq ki, əvvəlkilərin gördüyü işlərin üzərinə daha yaxşılarını əlavə edək. Məqsədimiz pediatriya sahəsini daha da inkişaf etdirməkdir. Əsas odur ki, bütün bunlar uşaqlarımız üçün edilir. Biz ilk gündən bu ölkənin uşaqları üçün çalışmağı əsas məqsəd bilmişik. Nə ediriksə, gələcəyimiz üçün edirik.
Hələlik onu deyə bilərəm ki, xəyallarım, planlarım var. Ölkəmizdə görüləsi çox gözəl işlər var. Komanda şəklində, birlikdə çalışaraq əlimizdən gələn töhfəni verməyə çalışacağıq".
Məlumat üçün bildirək ki, Pediatriya Mərkəzinin əvvəlki direktoru Azər Əhmədov ötən gün vəzifəsindən azad edilib.