Modern.az

Tramp-Cinpin görüşü: Azərbaycan qızıl ortanı tapıb 

Tramp-Cinpin görüşü: Azərbaycan qızıl ortanı tapıb 

Analitika

Bu gün, 14:56

ABŞ Prezidenti Donald Trump 9 ildən sonra Çinə səfər edir. Dünyanın iki ən böyük iqtisadi və hərbi gücü arasında baş tutacaq görüş təkcə Vaşinqton və Pekin üçün deyil, qlobal siyasət və iqtisadiyyat baxımından da xüsusi əhəmiyyət daşıyır.

İki gün davam edəcək səfər çərçivəsində Trampın Çin lideri Si Cinpin ilə ticarət müharibəsi, texnologiya rəqabəti, İran, Tayvan və qlobal təhlükəsizlik məsələlərini müzakirə edəcəyi gözlənilir. ABŞ Prezidenti İran mövzusunun əsas gündəm olmayacağını bildirsə də, ekspertlər görüşün Yaxın Şərqdən Asiya-Sakit okean regionuna qədər geniş geosiyasi təsirlərə malik olacağını düşünürlər.

Bəs Trampın Çin səfəri ABŞ-Çin münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? Vaşinqton-Pekin xəttində mümkün yumşalma Azərbaycana və regiona necə təsir göstərəcək?

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası işçi qrupunun üzvü Hikmət Babaoğlu bildirib ki, ABŞ Prezidentinin Çin səfərində 3 əsas məsələ prioritetdir:

“Donald Trampın Çinə səfəri ABŞ- ilə münasibətlərində mövcud olan gərginliyin aradan qaldırılmasına hesablanıb. Burada 3 əsas məsələ-qarşılıqılı ticarətdə tətbiq olunan rüsumların yumşaldılması, ABŞ-nin Çindən idxal etdiyi nadir torpaq elementləri ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması və Tayvan, eləcə də İranla bağlı məsələlərin ümumi müzakirələrinin aparılması prioritet istiqamətlər kimi müəyyən edilib. Əslində, hər üç məsələ Prezident Trampın zamanında gərginləşən münasibətlərin nəticəsi kontekstində ortaya çıxıb. Mənə elə gəlir ki, münasibətlərin əvvəlki məcrasına qaytarılması istiqamətində müəyyən səylər göstəriləcək. ABŞ və Çinin dünyanın iki böyük hərbi, iqtisadi gücü olduğunu və bunlar arasında mövqelərin tarazlaşdırlmasının olduqca çətin olacağını nəzərə alsaq, o zaman əlbəttə ki, bu üç istiqamətdə müəyyən razılığın əldə olunması müəyyən uğur sayıla bilər. Nəticədə, bu iki güc mərkəzinin strateji baxımdan daha da yaxınlaşması nə qısamüddətli, nə də ortamüddətli prespektivdə mümkün görünür. Tərəflər hazırda ikitərəfli münasibətləri idarəolunan rəqabət müstəvisində davam etdirməyə niyyətlidirlər. Gələcəkdə nəyin necə olacağı ilə bağlı nəsə demək üçün kimin hansı sahədə daha çox uğura imza atması əsas rol oynayacaq”.

Parlamentari Çin və ABŞ-nin Azərbaycanla bağlı maraqlarının fərqli olduğunu və bunun olduqca pozitiv durum olduğunu vurğulayıb:

“Hazırda Azərbaycanın Çinlə strateji tərəfdaşlıq haqda iki anlaşması var. ABŞ ilə isə strateji tərəfdaşlıq haqda anlaşmanın hazırlanması üçün hər iki tərəfdən yaradılmış komissiyalar intensiv şəkildə işləyir. Azərbaycanın yaratdığı reallıqlar ABŞ və Çinin regiona marağını artırıb. Lakin  pozitiv məqam ondan ibarətdir ki, hər iki ölkənin maraqları fərqli kontekstlərdən özünü göstərir. Çinin Cənubi Qafqazda Azərbaycana marağı iqtisadi, kommunikasiya və yüksək texnologiyalar sahələrindədir. ABŞ-nin yeni reallıqlar kontekstində Azərbaycana marağı isə özünü hərbi, siyasi, təhlükəsizlik, enerji mənbələri üzrə mühüm dəhlizdə iştirakçılıq da göstərir. Maraqların fərqli olması Çin ilə ABŞ arasında region üzərindəki rəqabəti bir qədər azaltmış olur. Çünki Çinin beynəlxalq münasibətlər sitemində istifadə etdiyi əsas alətlər iqtiadi və müasir texnologiyalardır. ABŞ-nin istifadə etdiyi alətlər isə enerji və hərbi vasitələrdir. Azərbaycan çoxvektorlu siyasət həyata keçirməklə bu münasibətlərdə qızıl ortanı tapa bilib. Bir tərəfdən Tramp marşrutu və ya Suveyş kanalı məsələsi öz həllini tapmaqdadır ki, tərəflər buna etiraz etmir. Digər yandan Çinin Orta Asiya və Azərbaycan münasibətləri yeni kommunikasiyaların - Qırğızıstan, Özbəkistan və türkmənistan üzərindən onun yükdaşımalarının Avropaya çıxışı və iqtisadi maraqlarını təmin edir. Bütün hallarda Azərbaycan burada üstün mövqedədir və öz maraqlarını uğurla qoruya bilər. Sonda qeyd etmək istərdim ki, Çin və ABŞ  arasında əlaqələr Trampın səfərindən sonra idarəolunan rəqabət siyasətinin davam etdirilməsi olacaqsa, bu öz-özlüyündə nailiyyət hesab ediləcək”.

Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası işçi qrupunun digər bir üzvü Nigar Məmmədova qeyd edib ki, ABŞ prezidenti Donald Trampın 9 ildə sonra Çinə baş tutacaq səfərindən gözləntilər böyükdür:

“Məlum olduğu kimi, bu səfər 2 ay əvvələ - martın sonuna planlaşdırılırdı. Lakin İranda və Yaxın Şərqdəki vəziyyətlə əlaqədar olaraq səfər ertələndi. Ümumiyyətlə, Vaşinqton-Pekin ikitərəfli münasibətləri son illərin ən mürəkkəb mərhələsindədir. Ticarət çəkişmələri və texnoloji rəqabət davam edir. Ən qabaqcıl çiplərə sahib olmaq, süni intellekt sahəsində liderliyi qorumaq iddiası, həmçinin Tayvan, regional təhlükəsizlik məsələləri ilə bağlı gərginlik səngimir, İranla münaqişə də Yaxın Şərq məsələlərini ABŞ-Çin rəqabətinin əhatə dairəsinə daxil edib.

İran-ABŞ, İsrail qarşıdurmasının ən gərgin vaxtlarında da bir çox ekspertlər nəticənin Trampın Çinə səfərindən asılı olduğunu bildirirdilər.

Görünən budur ki, bu görüşün əsas məqsədi böyük irəliləyişlər axtarmaqdan daha çox risklərin idarə edilməsi olacaq. Yəni tərəflər münasibətləri sabitləşdirmək və onun nəzarətdən çıxmasının qarşısını almağa çalışır. Tramp nüfuzlu iş adamlarından ibarət nümayəndə heyəti ilə Pekinə gedir. Bu kontekstdə iqtisadi əməkdaşlığın müəyyən istiqamətlər üzrə bərpası, texnologiya və ticarət sahəsində məhdudiyyətlərin yumşaldılması, eləcə də qlobal bazarlarda sabitliyə təsir edə biləcək yeni razılaşmaların gündəmə gələcəyi gözlənilir. Xüsusilə enerji, logistika, yüksək texnologiyalar və istehsal zəncirləri üzrə veriləcək mesajlar beynəlxalq bazarlara təsirsiz ötüşməyəcək. Bu baxımdan Trampın Çin səfəri yalnız iki ölkə arasında deyil, bütövlükdə beynəlxalq münasibətlər sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir".

N.Məmmədova əlavə edib ki, Azərbaycan həm ABŞ, həm də Çinlə strateji əməkdaşlıq münasibətlərinə malikdir:

“ Rəsmi Bakı hər iki dövlətlə iqtisadi, enerji, nəqliyyat və investisiya istiqamətlərində əməkdaşlığı inkişaf etdirir. Xüsusilə Azərbaycanın Orta Dəhlizdə artan rolu ABŞ–Çin münasibətlərində yaranacaq yeni iqtisadi dinamikadan əlavə üstünlüklər əldə etməsinə şərait yarada bilər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?