Slovakiya Respublikasının Prezidenti iyulda Azərbaycana gələcək.
Modern.az xəbər verir ki, bunu Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə keçirilən birgə mətbuat açıqlaması zamanı bildirib.
Milli Şuranın sədri bildirib ki, ölkələrarası müsbət dinamika yüksək səviyyəli təmasların intensivləşməsində də öz əksini tapır:
“Ötən ilin dekabrında Prezident Əliyevi Slovakiyada ilk rəsmi səfəri çərçivəsində qəbul etmək şərəfinə nail olduq. Həmçinin Slovakiya Respublikası Prezidenti Peter Pelleqrinin bu ilin iyul ayında Azərbaycana planlaşdırılan ilk rəsmi səfərini alqışlayırıq”.
O bildirib ki, bugünkü səfərin əsas məqsədi münasibətlərimizin tərəfdaşlıq ölçüsünü daha da gücləndirməkdir:
“Xanım sədr və mən qanunverici orqanlarımız arasında bütün səviyyələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi ilə razılaşdıq. Bugünkü görüş həm də xanım sədrin 2021-ci ildə Slovakiya Respublikasına etdiyi rəsmi səfərin davamıdır. Parlament diplomatiyası və əməkdaşlığı böyük əhəmiyyət daşıyır, çünki parlamentlər xalqlarımız arasında mühüm körpü rolunu oynayır”.
Sədr qeyd edib ki, bugünkü danışıqların əsas məqamı Slovakiya Respublikası Milli Şurası ilə Azərbaycan Milli Məclisi arasında Parlamentlərarası Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması oldu.
“Bu sənəd münasibətlərimizə gələcək illər üçün sabit institusional çərçivə yaradır. Memorandum müxtəlif sahələrdə intensiv əməkdaşlıq, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və parlament administrasiyaları arasında qabaqcıl təcrübə mübadiləsi üçün əsas formalaşdırır”.
“Bu səfər çərçivəsində mən yenidən Qarabağa səfər edərək bərpa işlərinin gedişini yerində görəcəyəm. Əməkdaşlığımızın enerji, müdafiə sənayesi və turizm kimi digər sahələrdə də inkişaf etməsindən məmnunam. Ölkələr insanlar sərbəst hərəkət edib ünsiyyət qurduqda ən effektiv şəkildə bir-birinə bağlanır” - o bildirib.