Xüsusi icra məmurları haqqında qanunvericiliyin pozulmasına görə cərimə tətbiq ediləcək. Yeni qaydalara əsasən, and içmədən və məlumatları reyestrə daxil edilmədən xüsusi icra məmuru kimi fəaliyyət göstərən şəxslər 1500 manat cərimələnəcək. Xüsusi icra məmurunun geyim formasını və ya nişanını qanunsuz daşıyan şəxslər 700 manatadək, reyestr məlumatlarında dəyişiklik barədə vaxtında məlumat verməyən xüsusi icra məmurları da 500 manat cərimə ediləcək.
Mövzu ilə əlaqədar olaraq Modern.az-a açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev qeyd edib ki, bu dəyişikliklərə yalnız texniki-hüquqi yenilik kimi baxmaq olmaz.
"Bir qədər əvvəl “Xüsusi icra məmurları haqqında” qanun qəbul edildi. Bununla da bir sıra icra funksiyaları müxtəlif istiqamətlər üzrə xüsusi icra məmurlarının səlahiyyətinə verildi. Onların qəbul etdiyi qərarlar da məcburi xarakter daşıyır. Çünki burada əsas məqsəd müxtəlif dövlət orqanları tərəfindən qəbul edilən qərarların icrasını təmin etməkdir".
Hüquqşünas bildirib ki, bu zərurət dövlətin icra mexanizmini gücləndirmək istəyindən irəli gəlir:
"Təsəvvür edin ki, bir icra məmurunun icraatında 1000-dən artıq iş var. Bu qədər işi icra etmək, prosesləri nəzarətdə saxlamaq kifayət qədər çətindir. Bu problemlər uzun illərdir qabardılır. Çoxsaylı məhkəmə qərarlarının, eləcə də digər dövlət orqanlarının qərarlarının icrasında problemlər yaranırdı və bu problem hələ də davam edir. Məhz buna görə yeni institut - xüsusi icra məmuru institutu yaradıldı. Bu, beynəlxalq təcrübəyə əsaslanan mexanizmdir. Uzun illər xüsusi icra məmurları haqqında qanunun qəbul edilməsinin vacibliyi ilə bağlı geniş müzakirələr aparılırdı. İndi qanun qəbul edilib, lakin əsas məsələ onun tətbiqidir. Artıq bununla bağlı elan da verilib və xüsusi icra məmurlarının müsabiqə yolu ilə seçilməsi prosesi başlayır".
Ə.Nuriyev onu da əlavə edib ki, imtahandan keçən şəxslər xüsusi icra məmuru statusu alacaqlar:
"Bu baxımdan xüsusi icra məmurlarının tapşırıqlarını icra etməməyə və ya “Xüsusi icra məmurları haqqında” qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyənləşdirilməsi vacib idi. Bu məsuliyyət İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 528.3-cü maddədə öz əksini tapdı. Maddə xüsusi icra məmurlarının qanuni fəaliyyətinə mane olunmasına, onların tələblərinin qəsdən yerinə yetirilməməsinə, icra hərəkətlərinin pozulmasına və prosesə müdaxilə hallarına görə məsuliyyət yaradır. İnzibati xəta tərkibi də kifayət qədər aydın şəkildə müəyyən edilib".

Hüquqşünas onu da nəzərə çatdırıb ki, Azərbaycanda icra problemi uzun illər məhkəmə sisteminin ən ağrılı nöqtələrindən biri olub və bu gün də qalmaqdadır:
"Insan məhkəməni udur, qərar alır, amma sonra aylarla, bəzən illərlə həmin qərarın icrasının arxasınca düşür. Borc, əmlak və sahibkarlıq mübahisələrində bu problem özünü daha açıq şəkildə göstərir. Yeni mexanizmin əsas məqsədi odur ki, hüquq yalnız kağız üzərində qalmasın və icra prosesi real nəticə versin. Amma burada həssas məqamlar da var və balans qorunmalıdır. Xüsusi icra məmurlarının səlahiyyətləri genişləndikcə, onların fəaliyyətinə nəzarət mexanizmi də gücləndirilməlidir. Onlar nəzarətsiz instituta çevrilməməlidirlər".
Hüquqşünas hesab edir ki, dəyişikliklərin effektivliyi yalnız cərimələrlə ölçülməyəcək Onun fikrincə, əsas məsələ tətbiq praktikasıdır:
"Yəni qanun necə işləyəcək, icra prosesində şəffaflıq təmin olunacaqmı, vətəndaş şikayətləri obyektiv araşdırılacaqmı? - əsas suallar bunlardır. Hüquqi dövlət anlayışında məhkəmə qərarının icrası artıq seçim məsələsi deyil. Ümumiyyətlə, ədalət mühakiməsi yalnız məhkəmənin qərar qəbul etməsi ilə yekunlaşmır. Ədalət o zaman tam təmin olunur ki, həmin qərar icra edilsin".
Ə.Nuriyev həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin bununla bağlı çoxsaylı qərarlarının mövcudluğuna da diqqət çəkib:
"Azərbaycan Respublikası Konstitusiyasında və Ali Məhkəmənin hüquqi mövqelərində də məhkəmə qərarlarının icrası ədalət mühakiməsinin ayrılmaz hissəsi kimi göstərilir. Bu baxımdan icra prosesi son dərəcə əhəmiyyətlidir".