Polşa hökuməti məktəblərdə şagirdlərin smartfon və ağıllı saatlardan istifadəsini məhdudlaşdıran yeni qanun layihəsini təsdiqləyib. Qanun qüvvəyə minərsə, 16 yaşdan kiçik şagirdlər məktəb ərazisində dərs vaxtı ilə yanaşı, tənəffüslərdə və dərsdən sonrakı fəaliyyətlər zamanı da bu cihazlardan istifadə edə bilməyəcəklər. Qanun layihəsinin qüvvəyə minməsi üçün ölkə parlamentinin və Polşa Prezidenti Karol Navrotskinin təsdiqi tələb olunur. Təsdiq olunacağı halda yeni qaydalar 2026-2027-ci tədris ilinin başlanğıcı olan 1 sentyabrdan tətbiq ediləcək.
Yeni qaydalara əsasən şagirdlər telefon və ağıllı saatlarını məktəbə gətirə bilsələr də, cihazları gün ərzində saxlamaq üçün məktəblərdə xüsusi yerlər ayrılacaq. Şagirdlər dərslər bitənə qədər cihazlarını həmin məntəqələrdə saxlamalı olacaqlar. Qadağa müəllimlərə və məktəb əməkdaşlarına şamil edilməyəcək. Həmçinin şəkər səviyyəsini izləmək və ya digər tibbi ehtiyaclar üçün elektron cihazlardan istifadə edən xəstə və ya xüsusi qayğıya ehtiyacı olan şagirdlər istisna təşkil edəcəklər. Fövqəladə hallarda isə şagirdlər telefonlarından istifadə edə biləcəklər.
Polşanın Baş naziri Donald Tusk bildirib ki, hökumət bu addımı uşaqlar arasında telefon və internet asılılığı ilə mübarizə məqsədilə atır. Onun sözlərinə görə, bu, mükəmməl həll yolu olmasa da, problemin qarşısını almaq üçün vacib addımdır.