Vaşinqtonun vasitəçiliyi ilə iki ölkənin nümayəndələri arasında keçirilən danışıqlardan sonra İsrail və Livan atəşkəs rejiminə əməl etmək barədə razılığa gəliblər. Bu razılaşma “Hizbullah” hərəkatının hücumları tamamilə dayandırması şərti ilə qüvvəyə minəcək.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirlib.
ABŞ-ın rəhbərliyi altında aparılan danışıqların nəticəsində İsrail və Livan atəşkəsə razılıq veriblər. Atəşkəsin qüvvədə qalması “Hizbullah” tərəfindən atəşin tam dayandırılmasından və təşkilatın bütün silahlı üzvlərinin Litani çayının cənubundakı ərazidən çıxarılmasından asılıdır.
Bəyanatda qeyd olunur ki, tərəflər həmçinin nəzarətin tam şəkildə Livan Silahlı Qüvvələri tərəfindən həyata keçiriləcəyi pilot (sınaq) zonalarının yaradılması barədə də razılığa gəliblər.
ABŞ Dövlət Departamenti bildirib ki, İsrail və Livan bir-birinə qarşı düşmənçilik niyyətlərinin olmadığını təsdiqləyib və qarşılıqlı etimadın möhkəmləndirilməsi, bütün mübahisəli məsələlərin həlli və iki ölkə arasında hərtərəfli saziş üzərində işləmək məqsədilə birbaşa danışıqları davam etdirməyi öhdələrinə götürüblər.
Departamentin məlumatına görə, İsrail və Livan “22 iyunla başlayan həftədə siyasi və təhlükəsizlik məsələləri üzrə müzakirələri bərpa etmək və hərtərəfli razılaşmaya nail olmaq məqsədilə” razılığa gəliblər.
Bununla yanaşı, ABŞ keçid dövründə tərəflər arasında əlaqələrin qurulmasına dəstək verməyə davam etməyə razı olub.
Livan və İsrail aprel ayında atəşkəs barədə razılıq əldə etmişdilər. Livan ordusu İsraillə münaqişədə iştirak etməmiş, döyüş əməliyyatlarını isə atəşkəs razılaşmasının tərəfi olmayan “Hizbullah” hərəkatı aparmışdı.