Modern.az

Bir şəklin tarixçəsi - Hörüklərinin qurbanı olan DEPUTAT

Bir şəklin tarixçəsi - Hörüklərinin qurbanı olan DEPUTAT

Reportaj

Bu gün, 14:00

Şəkildə əks olunan bu abidə uzaq bir dövrdən – 1960-cı illərdən xəbər verir. Barelyefdən pambıq tarlalarının küləyini üzündə daşıyan, baxışlarında isə zəhmətin sərtliyi hiss olunan gənc bir qadın baxır...

Sevil Qazıyeva… Azərbaycan kəndinin, sovet əmək ideologiyasının və qadın zəhmətinin simvoluna çevrilmiş ad... O, ilk qadın mexanizatorlardan biri kimi pambıq tarlalarında təkcə texnikanı deyil, stereotipləri də “idarə edirdi”.

Təəssüf ki, Sevil Qazıyeva adının kölgəsində qısa bir həyatın faciəsi dayanır.

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi fotodakı bu abidə 1970-ci ildə - Sevil Qazıyeva həlak olandan 7 il sonra qoyulub.

Fotoşəklin təqdim edilməsi təsadüfi deyil. Bu gün - 1 iyun tarixi Azərbaycanda ilk qadın mexanizator, pambıq yığmaqla məşhurlaşaraq respublika Ali Sovetinin deputatı seçilən, ölümündən sonra Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən Sevil Qazıyevanın doğum günüdür.

Sevil Həmzət Qazıyeva 1940-cı il iyunun 1-də Zaqatala rayonunda anadan olub. Atası müharibədən qayıdandan sonra necə yaralandığını, tibb bacılarının döyüşçülərin yaralarını necə sarıdığını danışanda Sevildə həkim olmaq həvəsi yaranıb. 1958-ci ildə orta məktəbi bitirən Sevil sənədlərini indiki Azərbaycan Dövlət Tibb Universitetinə versə də, müsabiqədən keçə bilmir. Amma Zaqatalaya da qayıtmır. Bir gün qarşısına qızlar üçün sənət məktəbi açıldığı barədə elan çıxır. Və Bakının Montin qəsəbəsindəki 5 nömrəli sənət məktəbinin poliqrafiya  ixtisasına qəbul olunur.

1959-cu ildə bütün SSRİ-yə bir xəbər yayılır: Tursunoy Axunova adlı 23 yaşlı bir özbək qızı pambıqyığan maşınla təkbaşına bir gündə yüz adamın yığdığı qədər "ağ qızıl" yığır.
Özbək qızının hünəri barədə xəbər Sevil Qazıyevanın həyatını birdəfəlik dəyişir. O, sürücü-mexanik olmağa qərar verir. Sevilin təşəbbüsünə tələbə yoldaşı olan 4 rəqfiqəsi də qoşulur: Diləfruz Ocaqquliyeva, Solmaz Qənbərova və Nəcibə Qurbanova.

O zaman "Azərbaycan gəncləri" və "Molodyoj Azerbaydjana" qəzetləri "Qızlar, sükan arxasına!" hərəkatının ilk təşəbbüsçüləri olan 4 rəqfiqənin - Sevil Qazıyeva, Diləfruz Ocaqquliyeva, Solmaz Qənbərova və Nəcibə Qurbanovanın respublikanın bütün qızlarına müraciət məktubunu dərc edir.

58 qız Sevilin təşəbbüsünə qoşulub Bakının Binə kəndindəki 1 nömrəli kənd texniki peşə məktəbində pambıqyığan maşınları öyrənməyə başlayırlar.

1961-ci ildə Sevil məktəbi bitirib öz təyinatını Mil düzünə - Beyləqandakı (keçmiş Jdanov rayonundakı) 5 nömrəli pambıqçılıq sovxozuna alır. 

1961-ci ilin oktyabrında onu Kommunist Partiyasının sıralarına qəbul edirlər.

1962-ci ildə də Daşkənddə Orta Asiya və Zaqafqaziya pambıqçılarının müşavirəsində - SSRİ-nin rəhbəri Nikita Xruşşovun da iştirak etdiyi toplantıda Sevil Qazıyevaya söz verilir və o çıxış edir. Sevilin SSRİ rəhbəri qarşısındakı çıxışı alqışlarla qarşılanır.

1962-ci ildə maşınla bir gündə 160 ton pambıq yığan Sevilin şöhrəti Azərbaycanın hüdudlarından kənara yayılır. Ona hədiyyə olaraq "Moskviç" markalı maşın verilir. O vaxtlar Sevil Azərbaycanda maşın sürən ilk qadın olur. 

1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanizasiya fakültəsinə daxil olan Sevil Qazıyeva işləyə-işləyə həm də qiyabi təhsil alır. 1962-ci ildə onu Azərbaycan Komsomolunun XXIII qurultayına nümayəndə seçirlər. Qısa müddət ərzində Azərbaycanın adlı-sanlı pambıqçılarından birinə çevrilən Sevil Qazıyeva 1962-ci ildə öz maşını ilə 190 ton pambıq yığır. 


1963-cü ildə Sevil Qazıyeva qızlardan ibarət briqada düzəltmək istəyir. Həmin ilin mart ayında onu əmək göstəricilərinə görə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edirlər.

Daha sonra onun Azərbaycan SSR Ali Sovetinə deputatlığa namizədliyi irəli sürülür. Ali Sovetin 1963-cü ilin aprel ayında keçirilən birinci sessiyanın açılışında Sevil Qazıyeva deputat kimi çıxış edir. O, deputat seçiləndə 23 yaşı vardı.

Sevil Qazıyeva 1963-cü ildə faciəli şəkildə həlak olub.

Bu faciə barədə Sevillə dostluq etmiş, uzun illər Kommunist Partiyasında rəhbər vəzifələr tutmuş Çingiz Fərəcov “Mil düzündən Sevil” keçdi adlı xatirəsində hadisəni belə təsvir edib:

“1963-cü ilin qızıl payızını heç vaxt unutmayacağam. O vaxt Abşeron Rayon Komsomol Komitəsinin katibi işləyirdim. Azərbaycan LKGİ Mərkəzi Komitəsi tərəfindən Beyləqan (o vaxtkı Jdanov) və Füzuli rayonlarına ezamiyyətə göndərilmişdim. 1963-cü ilin sentyabr ayının 2-ci on günlüyündə sürücü mexaniklər arasında maşınla ən çox pambıq yığdığına görə Sevil Kənd Təsərrüfatı Texnikası Birliyinin keçici qırmızı bayrağı və Azərbaycan LKGİ Mərkəzi Komitənin keçici vımpeli ilə təltif olunmuşdu.

Sentyabrın 27-də gündüz saat 2-də Sevilin sahəsində oldum. Respublika Kənd Təsərrüfatı Texnikası Birliyinin sədri M.Xəlilov Sevil Qazıyevaya keçici qırmızı bayraq təqdim etdi. Mən də Azərbaycan LKGİ Mərkəzi Komitənin keçici vımpelini Sevilə verdim. Sonra isə o hamımızı tarla düşərgəsində çaya qonaq etdi. Sevilin anası Anaxanım xala da burada idi. Axşam saat 8 olardı. Hamı dağılışıb getdi. Tarla düşərgəsində mən və fotomüxbir Yaşar Bağırov qaldıq. Həmin gün Yaşar Sevilin müxtəlif formalarda şəkillərini çəkdi…
Nədənsə Sevil çox narahat idi, elə bil iynə üstündə oturmuşdu. Deyirdi ki, “bu gün çox vaxt itirdiyimdən az pambıq yığmışam, yəqin ki, bu gün Sərdar İmrəliyev və Diləfruz Ocaqquliyeva maşınla çoxlu pambıq yığıb məni ötüb keçəcəklər”. Alatoranlıq olmasına baxmayaraq, Sevil bir-iki bunker pambıq yığmağı qərara aldı. Maşını sahəyə saldı.

Adətən Sevil pambığı 2 maşınla yığırdı. Gecələr də işləyirdi ki, yarış dostu Sərdar İmrəliyevə çatsın. Vaxt itkisinə yol verməmək üçün bir maşından düşüb, o biri maşına əyləşirdi. Köməkçisi Qənimət maşının bunkerini boşaldır, növbəti yığıma hazırlayırdı. Sevil isə "mavi gəmisi"ni cərgələrin arası ilə sürərək aqreqatın ağzını kollarda qalan, yerə tökülən pambığa yönəldirdi. O, tələsirdi, artıq qaranlıq düşmüşdü, cərgələri aydın seçmək olmurdu. Maşınların fənərlərini yandırdı, bir qədər də sürəti artırdı. "Nəm düşənədək iki - üç gediş edərəm" deyə düşünürdü.


Çingiz Fərəcovun bildirdiyinə görə, pambıq tarlasının ortasına çatanda Sevil hiss edib ki, maşının sorucu aqreqatı "boşluğa işləyir", yəni pambığı sorub bunkerə çatdıra bilmir.

Buna görə də o, əyləci basıb maşını dayandırır. Başqa vaxt olsaydı, mühərriki söndürər, arxayın işini görərdi. İndi isə buna vaxt yox idi. Cəld yerə atılır. Aqreqatın üstünü örtən "sipəri" kənara itələyir. Şpindellər - şaquli vəziyyətdə yan-yana düzülmüş vallar elə sürətlə fırlanırdı ki, isti yeli üzünü qarsır. O, diqqətlə baxıb valların ikisinin dayandığını görür. Bir əlçim pambıq valların arasına "pərçimlənərək", onları hərəkətdən salmışdı. Sevil bir qədər irəli əyilir, əlini hərlənən şpindellərin "bıçağından" qoruyaraq, pambıq tıxacına doğru uzadır, onu dartıb çıxartmaq istəyir. Elə bu vaxt başının arxasından şiddətli zərbə alır. Şpindellər "sözləşmiş" kimi, eyni vaxtda onun qalın hörüyünü "qamarlayır".

Çingiz Fərəcov yazır:

"Anası Anaxanım xala mənə dedi ki, Sevilin maşını xeyli müddətdir ki, sahənin ortasında dayanıb. Görəsən nə olub? O, köməkçi Qəniməti çağırıb Sevilin yanına göndərdi. Qənimətin getməsi ilə qayıtması bir oldu. O, qışqıra-qışqıra, həyəcanlı vəziyyətdə Sevilin qəzaya uğraması barəda bizə bəd xəbər verdi. Nə vəziyyətə düşdüyümüzü təsəvvür edə bilmirəm.

Axşam saat 10 olardı. Qəsəbədə böyük fəryad qopdu. Səsə birinci Diləfruz gəlib çıxdı. O, qaça-qaça gedib rayon komsomol komitəsində yardımçı qərargaha xəbər verdi ki, Sevil qəzaya uğrayıb. Təcili Azərbaycan LKGİ Mərkəzi Komitəsinə məlumat verdim.

Hamı Sevilin sahəsinə axışırdı. İş-işdən keçmişdi. Artıq Sevil ölmüşdü. Şpindellər onun sol gözünü çıxarmış, qulağını və başının dərisinin bir hissəsini soymuşdu. Diləfruz Sevilin kombinizonunu əynindən çıxarıb, torpağın üstünə uzatdı. Həkimlər qəti qərara gəldilər ki, Sevil qəzadan deyil, ürək partlamasından ölüb...

Hadisədən heç üç saat keçməmiş, o vaxtlar Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində idarə rəisi işləyən Heydər Əliyev vertolyotla hadisə yerinə gəlib çıxdı. Geniş araşdırma apardıqdan sonra qəti qərara gəlindi ki, Sevil təhlükəsizlik qaydalarına əməl etmədiyinə görə qəzaya uğrayıb.  

Vaxtsız ölməsi elə bil Sevilin ürəyinə dammışdı. O, şeirlərinin birində Zaqatalanı həddən ziyada çox sevdiyini yazır və gələcəkdə orada dəfn olunmasını yazırdı. Sevilin "arzusu" yerinə yetirildi.

Ertəsi günü Sevilin cənazəsi Zaqatalaya yola salındı. Maşın axını Ağcabədidən, Bərdədən və Yevlaxdan keçərkən, minlərlə adamın yol kənarına yığışıb ağlamaları, maşına yaxınlaşıb Sevilin tabutu yanına çiçək dəstələri qoymaları Sevilə olan el məhəbbətinin təzahürü idi”.

Zaqatala şəhər qəbiristanlığında böyük mitinq keçirilir. Sevili doğulub, boya-başa çatdığı torpaqda dəfn edirlər.


Çingiz Fərəcov xatirələrində yazır ki, o vaxt çoxsaylı gənclər və təşkilatlar Sevil Qazıyevaya Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsini tələb edirdilər:

“Axırı ki, istəyimizə nail olduq. Ölümündən 3 il sonra 1966-cı ildə Sevil Qazıyevaya Sosialist Əməyi Qəhrəmanı adı verildi. Heykəltəraş Münəvvər Rzayevanı işə cəlb etdim. Onun Zaqatalada, Beyləqanda və Bakıda büstləri qoyuldu. Beyləqanda işləyib fəaliyyət göstərdiyi 5 nömrəli sovxoza Sevil Qazıyevanın adı verildi. Azərbaycan LKGİ Mərkəzi Komitəsi qabaqcıl sürücü mexaniklərə vermək üçün Sevil Qazıyeva adına priz təsis etdi. Cahangir Məmmədovun qəhrəmanın həyatından yazdığı "Dan ulduzu" pyesi səhnələrimizin bəzəyinə çevrildi.

Azərbaycanın Xalq şairi Nəbi Xəzri özünün "Günəşin bacısı" poemasında Sevil Qazıyevanın rəşadətli əməyini, parlaq obrazını yaratdı. "Günəşin bacısı" poeması Ümumittifaq Lenin Komsomolunun mükafatına layiq görüldü. Beylaqan rayonunda, Sevilin işlədiyi təsərrüfatda onun ev muzeyi yaradıldı”.

1963-cü ilin sentyabrında baş verən faciədən bir müddət sonra Sevilin ölümü haqda müxtəlif söz-söhbətlər ortaya çıxır. Gah deyirlər Sevil Qazıyevanın ölümü bir təsadüf olmayıb, onu təxribatla aradan götürüblər və ölümünü saxtalaşdırıblar. Gah da deyilir ki, Sevil tarlada baş verən yanğın zamanı kombaynını xilas etmək istəyərkən faciəvi şəkildə ölüb.

Bacısı Sona Qazıyeva da müsahibələrinin birində Sevilin ölümünü qəza ilə bağlamayıb:  “Bacımın ölümü qəza kimi qiymətləndirildi, amma mən bunun təxribat olduğunu düşünürəm. Çünki bacım çox diqqətli idi, ola bilməzdi ki, o, təhlükəsizlik qaydalarına əməl etməsin”.

1970-ci ildə Bakıda onun xatirəsinə qoyulan abidə-barelyefdə Sevil artıq zamanın içindən çıxarılıb əbədiləşir. Heykəltəraş Münəvvər Rzayevanın hazırladığı abidə 2002-ci ilin yayında rekonstruksiya olunub.
Sevil Qazıyevanın baş hissəsinin təsvir olunduğu həmin əsərə baxan hər kəs bir sualla üz-üzə qalır: zəhmətin qəhrəmanları niyə bəzən öz zəhmətinin içində itib gedir?

Sevil Qazıyevanın hekayəsi bir nəslin əmək romantikasının, eyni zamanda onun ağrılı gerçəyinin daşlaşmış yaddaşıdır.


Ə.Qafarlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV