Arxiv
11 Aprel 2019, 13:34 | ÖLKƏ
Trampın Qolan yüksəklikləri çağırışı - Təsadüf, yoxsa ənənəvi ABŞ mövqeyi… - Heydər Əliyevin şəxsi tərcüməçisi YAZDI

Dünyanın siyasi xəritəsi daim dəyişikliklərə məruz qalır. Müasir dövrümüzdə mövcud olan bəzi dövlət adları 50 il bundan əvvəl dünya xəritəsində yer almırdı.

Sinqapur, Şərqi Timur, Cənubi Sudan, Kosovo kimi dövlətlər əvvəllər mövcud deyildi.

Yeni dövlətlər bir qayda olaraq uzun sürən daxili münaqişələrin və tərəflərin bərabər yaşamasında ciddi ziddiyyətlərin nəticəsi kimi yaranır.

Adətən münaqişəni başlamış tərəf öz hərəkətini milli azadlıq hərəkatı, ərazisinin toxunulmazlığında maraqlı olan dövlət isə separatçılıq kimi qiymətləndirir.

Qeyd etmək lazımdır ki, yalnız radikal separatizm şiddətindən asılı olmayaraq müstəqilliyin əldə olunması üçün yetərli deyil. Yeni dövlətlərin yaranması üçün ilk növbədə bu amillər vacib şərtdir:

 

- beynəlxalq aləmin razılığı;

- supergüclərin razılığı;

- münaqişə gedən ölkənin həmin anda zəifliyi.

 

Osmanlı İmperiyasının zəif dönəmində Yaxın Şərq, Şimali Afrika və Balkanların digər imperiyaların nəzarəti altına keçməsi, SSRİ-nin zəif dönəmində müttəfiq sosialist respublikaların müstəqillik əldə etməsi buna misaldır. O zamanın supergücləri də Osmanlı imperiyası və Sovet İttifaqının parçalanmasında maraqlı idilər.


Martın 21-də ABŞ Prezidenti Trampın "Qolan yüksəkliklərini İsrailin suveren ərazisi kimi tanımağın vaxtı çatmışdır" çağırışı beynəlxalq aləmdə çaşqınlıq yaratdı.


Çoxları bu çağırışı Trampın emosional xarakteri ilə bağladı, nüfuzlu "Los Anceles Times" qəzeti isə bunu "tipik Trampsayağı" bəyanat kimi qiymətləndirdi. Bu bəyanat Amerikanın uzun illər boyu uğursuz Yaxın Şərq siyasətini daha da çətin duruma saldı. Gözləmək olar ki, indi Yaxın Şərqdə ABŞ-ın ədalətli vasitəçi ola biləcəyinə inam daha da azalacaq.  

 

Məlumdur ki, Suriyaya məxsus Qolan yüksəklikləri 1967-ci ildə İsrail tərəfindən  işğal edilib və 1981-ci ildən sonra tam anneksiyaya cəhdlər davam edir.

 

BMT Təhlükəsizlik Şurasının 497-ci Qətnaməsində bildirilir: "İsrailin işğal olunmuş Suriya Qolan yüksəklikləri üzərində qanunlarını, qanunvericiliyini və idarəçiliyini tətbiq etmək cəhdlərinin heç bir əsası və beynəlxalq hüquqi qüvvəsi yoxdur."

 

Bütün BMT üzvləri kimi ABŞ da hər zaman Yaxın Şərq münaqişəsinə BMT prinsipləri mövqeyindən yanaşıb. Trampın Qolan yüksəklikləri ilə bağlı çağırışını ABŞ-ın Yaxın Şərq siyasətində dönüş nöqtəsi hesab etmək olarmı?

 

Bunu anlamaq üçün Amerika Birləşmiş Ştatlarının Şimali Afrika və Yaxın Şərq (ŞAYŞ) siyasətində ayrı-ayrı prezidentlərin tutduğu mövqeyə və qüdrətli yəhudi lobbisinin fəaliyyətinə nəzər salmaq lazım gəlir. Burada bir neçə məqam önə çəkilməlidir:

 

- ABŞ tarixi baxımdan Osmanlı və Britaniya İmperiyaları, eləcə də Fransadan daha gənc dövlət olduğu üçün onun ŞAYŞ siyasətinin də onlar qədər qədim tarixi yoxdur.

- ABŞ-ın Şimali Afrika və Yaxın Şərq siyasəti ilk növbədə, Yaxın Şərq regionunu əhatə edir.

- Yaxın Şərq siyasəti  Amerika diplomatiyasında daha çox ABŞ-Ərəb və daha sonra ABŞ-Türkiyə və ABŞ-İran münasibətlərini nəzərdə tutur.

- Uzun illər boyu Amerikanın regionda böyük enerji maraqları, demokratik dəyərlər yaymaq missiyası olsa da, əsas rolu İsrail-Fələstin münaqişəsinin tənzimlənməsinə yönəlmış olub.

 

Məlumdur ki, Yaxın Şərq regionu daimi təlatüm içərisindədir. Tarixən və hazırki gündə regionda hadisələr o qədər gərgin dinamikaya malikdir ki, sanki həmin səbəbdən üç müxtəlif dinin Peyğəmbərləri Musa, İsa və Məhəmməd məhz Yaxın Şərqə göndərilmişdir.

 

Yaxın Şərqin üzləşdiyi problemlər Osmanlı İmperiyasının süqutu və keçmiş Osmanlı ərazilərinin Fransa və Britaniya tərəfindən bölüşdürülməsi ilə başlamışdır.

Əslində, Yaxın Şərqdə mövcud sərhəd xəttləri heç bir məntiqi əsas olmadan britaniyalılar tərəfindən elə çəkilmişdir ki, bu da bölgədə istənilən vaxt etnik, dini və digər məzhəb münaqişələrinin qızışdırılmasına və kənar güclərin müdaxiləsinə şərait yaradır. Avropa gücləri regionda öz dominant mövqelərini itirdikdən sonra Amerika Birləşmiş Ştatları öz maraq və öhdəlikləri ilə bölgəyə daxil olaraq, imperialist siyasətini gücləndirməyə başladı.

ABŞ-ın Yaxın Şərqdə acıq-aşkar rolu 33-cü prezident Harri Truman (1945-1953) ilə başladı. Əslində bu, ABŞ və SSRİ arasındakı "Soyuq müharibə"nin tərkib hissəsi idi. Prezident səlahiyyətlərini 12 aprel 1945-ci ildə Franklin Ruzveltdən sonra icra etməyə başlayan Trumen müharibə veteranı və kommunizmin sərt əleyhdarı idi. Hələ senator ikən yəhudilərə böyük simpatiyası ilə yadda qalan Trumen praktiki olaraq yəhudilərə Fələstin ərazilərində mövcud olmuş qədim vətənlərinə yenidən sahib olmaq üçün "yaşıl işıq" yandırdı. Senatorluğu dövründə Yaxın Şərq mövzusunda yəhudilərə geniş reveranslar edən Trumenə Dövlət Departamenti tərəfindən xəbərdarlıq edilirdi ki, ABŞ-a Səudiyyə nefti lazım olacaq və ərəblərlə münasibəti poza biləcək addımlardan çəkinmək lazımdır. Bütün bunlara cavab olaraq senator bildirirdi ki, onun seçki dairəsində cəmi bir neçə ərəb yaşayır. Harri Trumenin ən yaxın dostu və biznes partnyoru Eddi Ceykobson yəhudi idi və o, Trumeni İsrail dövlətini tanımağın zəruriliyinə inandırmışdı.

 

34-cü Prezident Duayt Eyzenhauer (1953-1961) ədalətli mövqedən çıxış edərək, münaqişəyə qatılmış tərəfləri yaxınlaşdırmaq istəyirdi.

 

35-ci Prezident Con Kennedi eyni kursu davam etdirmək istəyirdi, lakin tezliklə qətlə yetirildi. İndiyədək qətlin Sovet İttifaqından köçmüş miqrant tərəfindən yerinə yetirilməsinin təsadüf, ya məqsədli olması müzakirələri davam edir.

 

36-cı Prezident Lindon Conson (1963-1969) İsrailin acıq-aşkar dəstəklənməsi yolunu tutmuşdu. Əsas faktor kimi, Conson İsrailin demokratiya və dost ölkə olmasını göstərirdi. Onun dövründə ərəblər ABŞ-ın ədalətli vasitəçi ola biləcəyinə şübhə ilə yanaşmağa başladılar və məhz bu zaman SSRİ regiona çox fəal daxil oldu.

 

37-ci Prezident Niksonun (1969-1974) rəhbərliyində ABŞ-Yaxın Şərq əlaqələri ən pis dönəmini yaşadı. Bu dövr 1972-ci il Münhen Olimpiadası zamanı terrorizmin taktika kimi seçilməsi, İsrailə Yom Kuppur döyüşləri zamanı itkilərin kompensasiyası, OPEC (1960) təşkilatının 70-ci illərin əvvəllərində siyasi qüvvəyə çevrilərək, neft faktorundan iqtisadi savaş kimi istifadə etməsi, Birləşmiş Ştatların hər yerində yanacaqdoldurma məntəqələrindəki uzun növbələr ilə yadda qaldı.

 

Qeyd etmək lazmdır ki, ABŞ-ın bir neçə prezidenti regiondakı böhranla bağlı ciddi siyasi problem yaşamışdır.

 

38-ci Prezident Cerald Ford (1974-1977) Ərəb ölkələri ilə əlaqələrin artmasında maraqlı olan sənaye lobbisinin təsiri altında İsrail ilə münasibətlərə yenidən baxılacağı qərarına gəldi və bu barədə Dövlət katibi Kissincer vasitəsilə İsrailin Baş naziri Rabbinə məktub göndərdi. Məktubda xəbərdarlıq edilirdi ki, İsrailin İordaniya və Misirlə razılığa gələ bilməyəcəyi təqdirdə bunun regiona və ikitərəfli münasibətlərə təsiri olacaq. Təcrübəsiz prezident olan Fordun belə mövqe tutması, təbii ki, İsraili qıcıqlandırmaya bilməzdi.  Bu və ya digər səbəbdən o, Ağ Evdə yalnız 900 gün qalmağa müvəffəq oldu. 

 

39-cu Prezident Cimmi Karter (1977-1981) Kemp Devid raziliğının əldə olunmasında özünü bacarıqlı vasitəçi kimi göstərə bilsə də, regionda vəziyyət nəzarətdən çıxdı və Karterin dövrü İran inqilabı və Tehranda ABŞ diplomatlarının girov götürülməsi ilə tarixə düşdü. 

 

40-cı Prezident Ronald Reyqanın (1981-1989) dövründə Yaxın Şərqdə hadisələr  daha kəskin xarakter aldı. Bu dövr İran-İraq müharibəsi, ABŞ-ın Səddama silah təchizatı, daha sonralar isə həmin silahların amerikalılara qarşı istifadə olunması,  xaricdən maliyyələşən islami qruplaşmaların Yaxın Şərqdə mövqeyinin daha da güclənməsi ilə yadda qaldı.

 

41-ci Prezident Corc Buş (1989-1993) zamanı Körfəz savaşı baş verdi və bu Amerika xarici siyasəti üçün nisbətən uğurlu dövr adlandırıla bilər.

 

42-ci Prezident Bill Klinton (1993-2001) dövründə ABŞ dünyanın digər ərazilərində münaqişələrin həllinə fəal qatıldığına görə, Yaxın Şərq siyasəti əvvəlki qədər gündəmdə olmadı. Klintonun Yaxın Şərq siyasətinin əsasını "biz Yaxın Şərq münaqişəsinin tənzimlənməsini diqtə edə bilmərik və tərəflər öz aralarında razılığa gəlməlidirlər" tezisi təşkil edirdi.

 

43-cü Prezident oğul Corc Buş (2001-2009) dövrü terrorizmin tam yeni forması və 11 sentyabr hadisələri ilə tarixə daxil oldu.

 

44-cü Prezident Barak Obama (2009-2017) əsasən İraqda müharibəyə son qoyacağına dair bəyanatlarına görə dövlət başçısı seçilsə də, onun rəhbərliyi dövründə Yaxın Şərq qanlı müharibələr və humanitar fəlakətlər meydanına çevrildi. Liviya hadisələrinin gözlənilməz davamı, Müsəlman Qardaşların Misirdə hakimiyyətə gəlməsi, əlbəttə ki, Amerikanın xarici siyasət planlarına daxil deyildi.

 

Xüsusi qeyd olunmalıdır ki, 1967-ci ildən başlayaraq, hər bir ABŞ prezidentinin rəsmi siyasəti yəhudi köçkünlərin işğal olunmuş ərazilərdə yerləşdirilməsinə qarşı olmuşdur. Amma onların heç biri bunun üçün əməli iş görmədi. Nəticədə 1967-ci ildə yarım milyon yəhudi işğal olunmuş ərazidə yerləşdirildi. 

 

Bununla belə, Klinton, Buş və Obama açıq bəyanatla çıxış edərək, funksional Fələstin dövləti yaradılmasının vacibliyini qeyd etmişlər.

 

2009-cu ildə Obama Qahirədə çıxışı zamanı Yaxın Şərqdə həm İsrail, həm də Fələstin dövlətinin mövcudluğunun ABŞ, İsrail, Fələstin və bütün dünyanın marağında olduğunu vurğuladı. ABŞ yəhudilərinin lobbiçi təşkilatı AİPAC (American İsraeli Public Administration Company) 329 konqresmen və 76 senatoru Obamaya məktubla müraciət etməyə səfərbər etdi. Məktubda Prezidentdən İsrailə təzyiq etməmək xahiş olunurdu. 

 

Qeyd etmək lazımdır ki, adətən ABŞ Senatında yəhudi senatorların sayı 15%-dən aşağı olmur.

 

AİPAC

İsrail lobbisi yeganə səbəb olmasa da, ABŞ-ın İsraillə yaxınlığının başlıca səbəbidir. İsrail lobbisi:

-ABŞ-ın İsrail-Fələstin münaqişəsini nizamlamaqda ədalətli mövqeyini əngəlləyir;

-mətbuata təsir edərək İsrailin müsbət, ərəblərin isə mənfi obrazını formalaşdırır;

-prezidentliyə namizədlərə vəsait ayırır. 90-cı illərdən başlayaraq namizədlərə 60 milyon ABŞ dolları qədər vəsait ayırmışdır. Müqayisə üçün Ərəb Amerika Qrupları bu müddət ərzində 1 milyon ABŞ dollarından az vəsait ayırmışlar.

 

Dövlət katibləri

Qeyd etmək yerinə düşər ki, İsrail-Fələstin münaqişəsinin ən qızğın dövrlərində ABŞ-ın Dövlət katibləri yəhudi olmuşlar. 56-cı Dövlət katibi Kissincer (1969-1977) milliyyətçə yəhudi idi. Əlbəttə ki, Birləşmiş Ştatlar vahid amerikan xalqı kimi formalaşmış müxtəlif etnosların toplusudur, lakin Kissincerin Dövlət katibi olduğu vaxt baş vermiş tarixi fakt İsrailin ən yuxarı səviyyələrdə yəhudi faktorundan istifadə etmək cəhdinə nümunə ola bilər. Kissincerlə İsrail Baş naziri Qolda Meyr arasında şəxsi yazışma mövcud olub. Məktublarının birində xanım Baş nazir yazırdı:

“Əziz Henri, İsrail-Ərəb münaqişəsinin tənzimlənməsi ilə bağlı qərar qəbul edərkən unutmayın ki, Siz yəhudisiniz". Dövlət katibi cavab məktubunda ciddi şəkildə bu faktorun əsas rol oynamadığını bildirdi: “Əziz Qolda, mən ilk əvvəl ABŞ Dövlət katibi, sonra Amerika vətəndaşı və yalnız bundan sonra yəhudiyəm”.
İsrail tərəfdən cavab məktubu özünü çox gözlətmədi: “Əziz Henri, İsraildə biz sağdan sola oxuyuruq".

58-ci Dövlət katibi Edmund Maski (Marçijevski) (1980-1981) Polşa əsilli yəhudi, 64-cü Dövlət katibi Madelayn Olbrayt (1997-2001) Çexiya əsilli yəhudi idi.

Birləşmiş Ştatların tarixində yalnız bir dəfə 1977-ci ildə cəmi 3 gün müddətində Dövlət katibi vəzifəsini maronit ərəb Filip Həbib icra etmişdir.

 
ABŞ Yaxın Şərqdə nədən ehtiyat edir
:

- Yeni xilafətin qurulmasından;

- dini liderlərin hakimiyyətə gəlməsindən, şəriət qanunlarının tətbiq olunmasından;

-  terrorçulara sığınacaq verilməsindən.


Qeyd etmək lazımdır ki, həqiqətən də İsrail dövləti xilafətin yaranmasını durduracaq və terrorçu təşkilatları dayandıra biləcək qüvvədir və ABŞ-ın bu mənada regionda arxalana biləcəyi ölkədir.

 

Yaxın Şərq ABŞ-dan nə istəyir:

-Ərəb-İsrail münaqişəsində tərəflərə eyni münasibət;

-məntiqli neft qiymətlərinin tətbiqi;

-ABŞ-ın ərəb ölkələrinin daxili işlərinə qarışmaması.

 

ABŞ-ın Yaxın Şərq siyasəti və "Ərəb baharı"

"Ərəb baharı"ndan sonra ABŞ Yaxın Şərqlə bağlı əvvəlkindən də çox narahatlıq keçirir. "Ərəb baharı"nın ABŞ-ın Yaxın Şərq siyasətinə təsirlərini belə səciyyələndirmək olar:

-hadisələr gözlənilən nəticələri vermədi;

-Ərəb liderlərinin ABŞ-na inamı azaldı. Etiraf edilməlidir ki, bəzi ərəb inqilabları digər xarici müdaxilələr nəticəsində baş verdi;

-bəzi ərəb azlıqlarının Yaxın Şərqdə yaşaması mümkünsüz oldu, nəticədə Şimali Afrika və Yaxın Şərqdən Avropaya miqrasiya axını gücləndi;

-ərəblərin Avropa və ABŞ-a girişi çətinləşdi. Beləliklə, ərəb sərmayələri ABŞ və Avropaya deyil, Çin, Cənub-Şərqi Asiya və Türkiyəyə yönəldi.

 

Hal-hazırkı ABŞ siyasəti nəticəsində

-neft ixracatçıları üçün qiymətlər çox aşağıdır;

- Əl-Qaidə, İŞİD kimi ekstremist qruplar daha da qisasçı mövqe tuturlar və hətta Avropadan da təşkilata yeni üzvlər cəlb etməyə müvəffəq olurlar;

- Türkiyə kimi tərəfdaş ölkələr ABŞ-ın Yaxın Şərq siyasətini dəstəkləməkdə çətinlik çəkirlər;

 

Beləliklə, ABŞ-ın Yaxın Şərq siyasətində ciddi çatların yarandığı, müsəlman aləmində bu ölkəyə inamın və etimadın sarsıldığı bir zamanda 45-ci Prezident Donald Tramp (2017-....) Qüdsü (Yerusəlimi) İsrailin paytaxtı kimi tanıyır və Qolan yüksəkliklərini İsrail ərazisi kimi tanınmağın vaxtı çatdığını bəyan edir.

 

Beynəlxalq İctimaiyyət ilk bəyanatda yekdilliq nümayiş etdirməsə də, Qolan yüksəklikləri ilə bağlı ABŞ-ın mövqeyinə sərt təpki göstərdi.

 

BMT Baş katibinin sözçüsü Stefan Ducarriç bildirdi ki, Qolan yüksəkliklərinin statusu dəyişməz qalır və Qolanla bağlı BMT-nin mövqeyi öz əksini müvafiq BMT Təhlükəsizlik Şurası qətnamələrində tapmışdır.

 

Ərəb Liqasının bəyanatında bildirilib ki, "Amerikadan gələn bəyanat heç bir halda Qolan yüksəkliklərinin statusunu dəyişə bilməz, Qolan yüksəklikləri Suriyanın işğal olunmuş ərazisidir".

 

Səudiyyə Ərəbistanı, BƏƏ, Oman və digər ABŞ meylli ərəb ölkələri də belə bəyanatın yolverilməz olduğunu bildirdilər. Ən kəskin reaksiya isə Suriyadan gəldi. Suriya Xarici İşlər Nazirliyi bu addımı beynəlxalq təhqir adlandırdı.

 

Regionun digər liderləri İran Prezidenti Həsən Ruhaninin və Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın etirazları daha kəskin notlarla müşayiət olundu.

 

Rusiya Prezidenti Putin Livan Prezidenti Mişel Aoun ilə görüşərək məsələni müzakirə etdi.

 

ABŞ-ın yaxın tərəfdarları Kanada və Avstraliya Qolan Yüksəklikləri ilə bağlı ölkələrinin mövqeyinin dəyişməz qalacağını təsdiqlədi

 

Qeyd olunmalıdır ki, Trampın bu bəyanatı yalnız Yaxın Şərqin ərəb ölkələri tərəfindən deyil, ABŞ-ın NATO müttəfiqləri Fransa və Almaniya tərəfindən də mənfi qarşılandı.

 

Trampın bu bəyanatı ərazisi işğal olunmuş bir sıra ölkələr üçün presedent təhlükəsi yaradır. Bəyanat ərazisinin 20 faizi işğal altında olan Azərbaycan üçün də xeyli düşündürücüdür. Belə ki, Qolan Yüksəklikləri probleminə münasibətdə sərgilənən mövqe ilə ABŞ Prezidenti beynəlxalq hüquqa acıq-aşgar etinasızlığını göstərməklə, ölkələrin ərazi bütövlüyünü təhdid edən növbəti mənfi presedentə rəvac verir. Təbiidir ki, bu mövqe 30 ildən artiq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin nizamlanmasında Minsk Qrupunun üç həmsədr dövlətindən biri olaraq ABŞ-ın vasitəçilik missiyasının obyektivliyinə ciddi şübhələr yaradır. 

 

Ölkə ərazisində yaşayan bütün etnik qruplara və konfessiyalara dözümlü münasibətilə tanınan Azərbaycan üçün isə İsrail və ABŞ-ın qüdrətli İsrail lobbisi ilə əlaqələrin daha əməli səviyyəyə çatdırılması zərurəti yaranır.

 

Tahir Kərimov

Diplomat, Harvard Universitetinin məzunu,

Mərhum Prezident Heydər Əliyevin şəxsi tərcüməçisi 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hərbi bazaya silahlı hücumda 5 gürcü əsgər yaralandı 12 Dekabr 2019, 00:48 Mehriban Əliyeva Heydər Əliyevi belə yad etdi 12 Dekabr 2019, 00:32 Bakıda 31 yaşlı kişi bıçaqlandı 12 Dekabr 2019, 00:14 Heydər Əliyevin anım günüdür - VİDEO 12 Dekabr 2019, 00:00 PSJ - "Qalatasaray" matçından öncə qarşıdurma  - VİDEO 11 Dekabr 2019, 23:44 YÖS, ALES, SAT və İELTS nəticələrində inqilab edəcək tədris mərkəzi – Uğur sirri 11 Dekabr 2019, 23:31 FED uçot dərəcəsini dəyişmədi 11 Dekabr 2019, 23:17 Azərbaycan neftinin qiyməti dəyişib 11 Dekabr 2019, 22:58 Bakı metrosunda qorxulu anlar - VİDEO 11 Dekabr 2019, 22:45 Qarabağda döyüşən qadınlar haqqında ən gözəl kitabın müəllifi 11 Dekabr 2019, 22:29 Ərdoğanla Putin Suriyadakı durumu müzakirə etdi 11 Dekabr 2019, 22:19 Hulusi Akara qarşı məhdudiyyətlər 11 Dekabr 2019, 21:53 Qatil məhkəmənin tavanından qaçmaq istədi - VİDEO 11 Dekabr 2019, 21:36 İrandan ABŞ-ın sanksiyalarına cavab 11 Dekabr 2019, 21:21 Davudoğlu partiyasının adını açıqladı 11 Dekabr 2019, 21:07 Lvov meri Azərbaycan diaspor rəhbəri ilə müzakirə apardı - FOTO 11 Dekabr 2019, 20:52 "Oyun daha çox "Qarabağ" üçün əhəmiyyətlidir" - Rəqib baş məşqçi 11 Dekabr 2019, 20:44 Azay Quliyev Oktay Gülalıyevdən yazdı - FOTO 11 Dekabr 2019, 20:30 Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək 11 Dekabr 2019, 20:17 AŞPA-nın həmməruzəçiləri Azərbaycana gəlir 11 Dekabr 2019, 20:03 Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradılıb 11 Dekabr 2019, 19:51 “Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir” 11 Dekabr 2019, 19:45 Komitə sədri: “ Heydər Əliyev strategiyası uğurla davam etdirilir” 11 Dekabr 2019, 19:33 İstanbulda FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən daha 22 nəfər saxlanıldı 11 Dekabr 2019, 19:26 Qroznı şəhərinin polis rəisi ABŞ-ın “qara siyahı”sına düşdü 11 Dekabr 2019, 19:16 UNEC tələbələrinin “Nəsimi” tamaşası Ankarada anşlaqla qarşılanıb 11 Dekabr 2019, 18:53 Yunis Səfərov və digərlərinin cinayət işi icraata verilib 11 Dekabr 2019, 18:41 Ağstafada 7 nəfəri güllələyən şəxsin məhkəməsi başlayır 11 Dekabr 2019, 18:22 İsrail Knesseti özünü buraxmaq barədə qərar qəbul etdi 11 Dekabr 2019, 18:15 Bakıda 91 yaşlı qadının evinə basqın edildi 11 Dekabr 2019, 18:08 Qorxmaz Hüseynov iki rayonun sakinlərini qəbul etdi - FOTO 11 Dekabr 2019, 17:58 Üç dostun dağlara gedən yolu - “Dağlar Günü”nün adamları 11 Dekabr 2019, 17:43 Növbəti diaqnostik qiymətləndirmənin tarixləri AÇIQLANDI   11 Dekabr 2019, 17:36 Zakir Həsənov komandir-rəis heyətinə tapşırıqlar VERDİ 11 Dekabr 2019, 17:27 İcra başçısı Fəxralı sakinlərinin problemlərini araşdırıb 11 Dekabr 2019, 17:26