Səfərlə bağlı Modern.az-a danışan Məlahət İbrahimqızı bildirib ki, konfrans Qırğızıstan Parlamenti və Hökumətinin ev sahibliyi ilə Əhali Artımı və İnkişaf üzrə Asiya Parlamentar Forumunun, UNFPA və UNIFEM-in dəstəyi ilə keçirilib:
"Məlumat üçün bildirmək istərdim ki, 1994-cü il BMT-nin Qahirə samitindən, 2000-ci il MİM sammitindən sonra dünyanın bütün qitələri üzrə hər iki ali tədbirdə qəbul edilən sənədlərə uyğun olaraq parlament forumları yarandı. BMT-nin 2015-ci ildə Baş Assambleyanın sessiyasında dünyanın 2030-cu ilədək yeni məqsəd və hədəfləri qəbul edildi. Dayanıqlı İnkişaf Məqsədləri adlanan 17 məqsəd bütün dünya ölkələri tərəfindən qəbul edildi. Bu sessiyadan sonra qitələr üzrə yaranmış parlament forumları da fəaliyyətlərini məhz bu məqsədlər əsasında yenidən qurdu. Asiya Parlamentar Forumunun da əsas fəaliyyəti məhz dünyanın 2030-cu il gündəliyi əsasındadır.
Bişkekdə keçirilən bu konfransda da bir sıra beynəlxalq təşkilatların rəhbərləri və xarici ölkə səfirləri iştirak edirdi. Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstan parlamentlərinin millət vəkilləri təmsil olunurdu. Konfransda Qırğızıstan Parlamentinin vitse-spikeri, Qırğızıstanın Baş nazirinin müavini, bir sıra nazirliklərin yüksək vəzifəli nümayəndələri, Qırğızıstanın Baş prokurorunun və daxili işlər nazirinin müavinləri də çıxış və təqdimatlar etmişlər. Məlumat üçün bildirim ki, uzun illərdir mən Asiya Parlamentar Forumunun İcra Komitəsinin fəxri üzvüyəm. Hörmətli həmkarım, millət vəkili Mehriban Vəliyeva da mənimlə birgə bu konfransda iştirak edirdi. Biz konfransın müxtəlif sessiyalarında çıxış etdik".
Deputat moderatorluq etdiyini də söyləyib:
"Forumun fəxri üzvü kimi həm də dünyada çox aktual problem olan “Qadınlara və Qızlara Qarşı Onlayn Təcavüz və Kiberhücumla Mübarizədə Parlamentarların Rolu” mövzusunda konfransın sessiyasında ekspert qismində moderatorluq etdim. Hörmətli həmkarım Mehriban Vəliyeva “Parlament üzvlərinin qadın və qızların səlahiyyətləndirilməsi məsələlərində rolu: Azərbaycan təcrübəsi” mövzusunda çıxış etdi. Ümumiyyətlə, Asiyadan olan həmkarlarımıza konfransın və sessiyaların mövzularına uyğun olaraq Azərbaycanda bu sahədə əldə edilmiş uğurlar haqqında müxtəlif ölkələrdən olan həmkarlarımıza ətraflı məlumat verdik. Konfrans çərçivəsində keçirilmiş bir sıra rəsmi görüşlərdə, eləcə də Qırğızıstan Parlamentinin vitse-spikerləri ilə görüşdük. Konfrans iştirakçılarına Qırğızıstan Parlamentinin spikeri adından ziyafət verilmişdir. İki gün davam edən konfrans çərçivəsində Bişkekdəki qadın inkişaf mərkəzlərində olaraq təcrübə mübadiləsi etdik".