Modern.az

Mehriban Əliyeva 31-ci Beynəlxalq İnformatika Olimpiadasına təbrik ünvanladı

Mehriban Əliyeva 31-ci Beynəlxalq İnformatika Olimpiadasına təbrik ünvanladı

5 Avqust 2019, 17:00

Avqustun 5-də Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.

Modern.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın 31-ci Beynəlxalq İnformatika Olimpiadasının iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Məktubda deyilir:

"Əziz və hörmətli olimpiada iştirakçıları!

Sizi, dünyanın müxtəlif guşələrindən Bakıya toplaşmış 31-ci Beynəlxalq İnformatika Olimpiadasının iştirakçılarını səmimi qəlbdən salamlayır, hamınıza uğurlar arzu edirəm.

Ümidvaram ki, olimpiada informatika sahəsinin yeni istedadlarının üzə çıxarılması, gənclərin informatikaya maraqlarının daha da güclənməsi və təmsilçi ölkələrin sıralarının genişlənməsi işinə öz töhfəsini verəcək. Biliklərə əsaslanan cəmiyyətin formalaşdığı və rəqəmsal bacarıqların son dərəcə zəruri olduğu indiki dövrdə informasiya kommunikasiya texnologiyaları elmi potensialın vacib göstəricilərdən birinə çevrilib.

İnformasiya iqtisadiyyatda, elmdə və cəmiyyət həyatında böyük əhəmiyyətə malikdir. Dünya informasiya şəbəkəsinin yaradılması isə kompüter biliklərinin rolunu xeyli artırıb. 31-ci Beynəlxalq İnformatika Olimpiadası bu baxımdan qarşısınızda yeni üfüqlər açır. Kompüter elmləri üzrə ən mötəbər müsabiqələr arasında özünəməxsus yer tutan bu bilik yarışı arzularınızın gerçəkləşməsi və həyat yolunuzun müəyyənləşməsinə ciddi təsir göstərəcək.

Hazırki olimpiadanın Azərbaycanda təşkili təsadüfi deyil. Belə ki, informasiya cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atan ölkəmizdə məktəblər arasında olimpiada hərəkatı ildən-ilə geniş vüsət almaqdadır. Məktəblilərimiz beynəlxalq olimpiadalarda öz müvəffəqqiyyətlərinin davamlı inkişafına nail olaraq son illər ərzində ümumilikdə 160 medal qazanıb.

Bu olimpiada günlərində siz eyni zamanda Azərbaycanın keçmişi, bu günü və zəngin tarixi, mədəni dəyərləri ilə yaxından tanış olmaq, eləcə də yeni dostlar tapmaq imkanı əldə edəcəksiz. Olimpiadanın uzun illər hər birinizin yaddaşında xoş xatirə kimi qalacağına əminəm. İnanıram ki, sizə bəslənən ümidləri gələcək fəaliyyətinizdə layiqincə doğruldacaqsınız".


Tədbirdə Təhsil naziri, "IOI 2019"un sədri Ceyhun Bayramov ölkəmizdə bu cür nüfuzlu tədbirin təşkilinin əhəmiyyətini qeyd edib. Nazir "IOI 2019"a kimi qət edilən uzun yoldan, görülən işlərdən danışıb. Bildirib ki, bu gün ölkənin təhsil sisteminin başlıca vəzifələrindən biri insan kapitalının inkişafına nail olmaq, eyni zamanda, İKT və virtual tədrisin, kompüter şəbəkə biliklərinin rolunun artırılmasını təmin etməkdir.

Ölkəmizin beynəlxalq olimpiada uğurlarından söz açan Təhsıl naziri beynəlxalq olimpiadanın Azərbaycanda keçirilməsinin informatika sahəsinin inkişafına töhfə verəcəyini vurğulayıb.

Beynəlxalq İnformatika Olimpiadasının prezidenti, professor Qreq Li "IOI 2019" açılışı bəyannaməsini diqqətə çatdırıb, yarışmanın dəyəri barədə söz açıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi