Modern.az

Bakının yarısını elektrik enerjisi ilə təmin edən stansiyaları - FOTOLAR

Bakının yarısını elektrik enerjisi ilə təmin edən stansiyaları - FOTOLAR

Aktual

7 Sentyabr 2019, 14:32

Bu gün "Azərenerji" ASC media nümayəndələrinin "Şimal 2" elektrik stansiyasına səfərini təşkil edib.

 

Modern.az xəbər verir ki, stansiya haqqında məlumat verən qurumun İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev stansiyanın Azərbaycan üçün əhəmiyyət kəsb etdiyini deyib. "1950-ci illərdə istifadəyə verilən Şimal Elktrik Stansiyası 90-cı illərdə tam köhnəldiyindən istismardan çıxarılıb və 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə yenidən təməli qoyulan 400 meqavatlıq “Şimal-1” Elektrik stansiyası 2002-ci ildə istismara verilib.

 

2011-ci ildə isə Cənab Prezident İlham Əliyevin iştirakı ilə 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasının təməli qoyulub. 2018-ci ilin payızından başlayaraq “Şimal-2” Elektrik Stansiyasının tikinti və montaj prosesi sürətləndirilib. Bu ilin sentyabr ayının 5-də Cənab Prezident İlham Əliyevin iştirakı ilə “Şimal-2” Elektrik Stansiyasının açılışı həyata keçirilib", - deyə o, qeyd edib. 400 meqavat gücündə “Şimal-2” Elektrik Stansiyasının əsas komponentlərinə qaz və buxar turbinləri və generator daxildir.

 

Faydalı iş əmsalı 57,4 faiz olan buxar-qaz qurğusu Cənubu Qafqaz regionunda ən yüksək faydalı iş əmsalına malik olan Elektrik Stansiyasıdır. Elektrik stansiyasında il ərzində 3,2 milyard kilovat saat elektrik enerji istehsal edəcək və hər bir kilovat saat elektrik enerjinin buraxılışına 214 qram şərti yanacaq sərf oluncaq ki, bu da enerjisistemin ümumi göstəricisindən 65 qram azdır.

Bu isə milyonlarla manata qənaət deməkdir. “Şimal-2” Elektrik Stansiyasında soyuducu dəniz suyu sahil nasosxanasına sakitləşdirici kanal vasitəsi ilə daxil olur. “Şimal-2” layihəsi ilə əlaqədar yeni su hazırlayıcı qurğu istismara verilib. Qurğu dənizdən götürülən suyu süzgəclərdən keçirərək həm də texniki və içməli su keyfiyyətinə çatdırır. Hər birinin gücü 280 Meqa Volt Amper olan 2 ədəd avto transformator 220 kilo voltluq qapalı tipli yarımstansiya tikilib. Yarımstansiyadan sistem əhəmiyyətli 220 kV-luq 4 hava xətti çıxır.

 

Bununla yanaşı, ərazidə 5 min və 3 min kubmetrlik su çəni, qaz kompressor, məişət-maye axıntılarının və axıntı suların təmizləyici qurğuları da inşa edilib. Ərazidə yeni təmir emelatxanası və anbar binası da tikilib. Ən müasir üslubda inşa edilən idarəetmə binası vasitəsi ilə hər iki elektrik stansiyası mərkəzləşdirilmiş qaydada avtomatik idarə edilir. “Şimal-1” və “Şimal-2” elektrik stansiyaları paralel olaraq istismar ediləndə daha stabil və qənaətcil olur. Hər iki stansiyanın blokları arasında buxar xəttinin çəkilməsi işəsalma əməliyyatlarını maksimum dərəcədə sürətləndirib. “Şimal-1” və “Şimal-2” elektrik stansiyaları üzrə ümumilikdə il ərzində 5,7 milyard kilovat saat elektrik enerjisi istehsalı nəzərdə tutulub. İnzibati cəhətdən strateji əhəmiyyət daşıyan, itkilərin azalmasına səbəb olan, ümumilikdə Respublikanın 20, Bakı və Abşeron yarımadasının 40-50 faizə qədər enerji tələbatını ödəyəcək bu stansiyalar ölkənin enerji təhlükəsizliyi və təminatının gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir