Modern.az

Teletənqidçi İTV ilə AzTV-dəki dəyişiklikləri digər telekanallara nümunə göstərdi

Teletənqidçi İTV ilə AzTV-dəki dəyişiklikləri digər telekanallara nümunə göstərdi

Media

24 Sentyabr 2019, 15:47

Azərbaycan telekanalları yeni mövsümə yeni layihələrlə davam etdiklərini bildirirlər. Amma bu layihələr izləyicilər tərəfindən nə qədər maraqla qarşılanır?

 

Teletənqidçi Sevda Sultanova Modern.az-a bildirib ki, telekanallardakı verlişləri diqqətlə izləmədiyindən vəziyyəti ümumi şərh edəcək:

 

“Öncəliklə onu qeyd edim ki, yaradılan layihələrin kütlə tərəfindən izlənib-izlənməməsini bilmək üçün sorğular keçirilməlidir. Keçirilən sorğular obyektiv olmalıdır. Həmin sorğular tək Bakını deyil, rayonlarımızı, ucqar kəndlərimizi də əhatə etməlidir.

 

Rəhbər dəyişikliyindən sonra İctimai Televiziyada müəyyən dəyişikliklər oldu. Məsələn, “ReAl” Partiyasından Elkin Qədirlinin hüquqşünas kimi televizyaya dəvət olunması, digər alternativ düşünən, alternativ fikirli şəxslərin verilişlərə çağırılması edilən dəyişikliklər sırasındadır. Elçin Şıxlı da artıq İctimai TV-də işə başlayıb. Elçin Şıxlı müstəqillik dönəmində mətbuatın qurucularından biri olub və o, işində peşəkardır, intelektualdır. Əminəm ki, onun verlişi çox maraqlı olacaq. Bundan əlavə, “Səhər” verlişini çox bəyənirəm və özəlliklə də İlahə Şıxlinskayanın təqdimatını çox sevirəm. Onun fakturası çox yaxşıdır, intelektualdır. İstər İlahə xanım, istərsə də onun partnyoru hər mənada - aparıcı kimi, nitq qabiliyyətləri, görüntüləri mükəmməldir. Düşünürəm ki, bizim telekanallarımız bu fakturalar üçün darıxıb. Lakin telekanallarımızın çoxunda aparıcılıq qabiliyyəti olmayan, etik davranışlara riayyət etməyən şəxsləri efirlərə çıxarılır. Buna görə də mən hesab edirəm ki, İctimai TV bu baxımdan irəlidədir”.

 

Sevda Sultanova qeyd edib ki, İctimai Televiziyada dublaj olunan, Azərbaycan dilinə tərcümə olunan filmlərin səsləndirilməsi də yaxşı təsir bağışlayır:

 

“Həmçinin qeyd etmək istəyirəm ki, İctimai Televiziyada Cəfər Cabbarlının yubileyi ilə bağlı onun “Solğun çiçəklər”ini adaptasiya ediblər, bu da çox maraqlıdır. Hazırda “Solğun çiçəklər” indi gedir ya yox, bilmirəm. Bir az o seriala baxmışam, onun ideyası çox maraqlı gəldi mənə.

 

AzTV-nin də rəhbərliyi dəyişəndən sonra orda da yeni verlişlər açılıb. Məsələn, “Nəsilərin debatı” adlı verliş var, orda gedən bütün danışıqlar montaj edilmədən efirə verilir. Mən də bir neçə dəfə o verlişə dəvət olunmuşam, lakin özümdən aslı olmayan səbəblərə görə gedə bilməmişəm.
Qeyd edim ki, digər özəl kanallardan fərqli olaraq İctimai Televiziyada və AzTV-də görünmək mənim üçün adekvatdır. Amma digər telekanallara ayrı-ayrı dönəmlərdə dəvət olunmuşam, getməmişəm. Həmin telekanalların efirində görünmək istəməmişəm”.

 

Teletənqidçi bildirib ki, kanallarda kosmetik, yoxsa dərin dəyişilik olacaq, bunu zaman göstərəcək.

 

“Bu gün televiziyalarda gərçəkdən dəyişiklik istəyiriksə, islahat bütün telekanallarda aparılmalıdır. Məsələn, mənim üçün bir vətəndaş kimi işini bilən mütəxəssislər tərəfindən diskusiyalar, sosial problemlərin şərhi daha maraqlı gəlir. Mən artıq telekanallardakı simaların dəyişilməsini də istərdim. Artıq sosial problemlər üzərində şou quran proqramları o qədər görürük ki, insanlar zənn edir ki, veriliş ancaq belə ola bilər. Ümid edirəm ki, edilən dəyişikliklər kosmetik dəyişiklik olmayacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir