Modern.az

Qarabağa gedən jurnalistlərimiz dağ-dərə şəkli paylaşıblar” - Müşfiq Ələsgərli 

“Qarabağa gedən jurnalistlərimiz dağ-dərə şəkli paylaşıblar” - Müşfiq Ələsgərli 

25 Noyabr 2019, 14:17

“Mətbuat Şurası erməni və azərbaycanlı jurnalistlərin səfərinin təşkil ediləcəyindən xəbərdar idi. Amma bu sırf siyasi məsələ olduğu üçün təşkilatçı qismində media cameəsi iştirak etməyib”.

 

Bu sözləri Modern.az-a Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli söyləyib. O, qeyd edib ki, Şura sədri Əflatun Amaşov xaricdədir və ölkəyə qayıtdıqda məsələ ilə bağlı medianın suallarını cavablandıracaq:

 

“Ona görə, hadisəyə Şuranın rəsmi mövqeyini gözləməli olacağıq. Mən isə media eksperti olaraq, jurnalistlərin mübadiləsini sırf siyasi hadisə adlandırardım. Çünki bu, media, jurnalistika hadisəsi deyil. Səfərləri razılaşdıranlar Qarabağ probleminin tənzimlənməsi ilə məşğul olan şəxslər olub, siyasi aspektdən prosesi həyata keçiriblər. Məsələ ətrafında informasiya kifayət qədər qıtdır. Xarici İşlər Nazirliyindən açıqlama verilib, amma bir həftə öncə XİN tamam başqa cür bəyanat vermişdi, məlumatsız olduqlarını diqqətə çatdırmışdı. Jurnalistlər gəlib, gedəndən sonra məsələ açıqlandı. Ona görə, səfər ətrafında ziddiyyətlər kifayət qədər çoxdur, birmənalı fikir bildirmək çətindir. ATƏT təklifi verib, onların da təşkilatçılığı ilə proses yerinə yetirilib. Prinsipial götürəndə burada media ictimaiyyətinin müdaxilə edə biləcəyi məsələ yoxdur. Çünki Qarabağ probleminin tənzimlənməsini Azərbaycan xalqı Azərbaycan dövlətinə həvalə edib”.

 

M.Ələsgərli hesab edir ki, qarşılıqlı səfər hadisəsində izah edilməsi kifayət qədər çətin olan məqamlar var:

 

“Mən ora səfər edən jurnalistlərimizin paylaşımlarına baxdım, qayıtdıqda dağ-dərə şəkli paylaşıblar. Bunun problemin həllinə nə faydası var? Hələlik getmələri, gəlmələri, orada nə iş görmələri və s. barədə heç bir açıqlama yoxdur. Həmçinin səfərlərə Dağlıq Qarabağın erməni icmasının jurnalisti qatılırsa, Azərbaycan Qarabağ icmasından nümayəndələr də iştirak etməli idi. Biz bunu görmədik. Ona görə, qiymətləndirilməsi, münasibət bildirilməsi çətin məsələdir. Yaxşı olar ki, səfərin təşkil olunmasına biz tərəfdən məsul olan şəxslər açıqlama versinlər, səfərin təşkili səbəbləri nə idi, niyə birtərəfli təşkil olunub, faydaları nələr oldu və s.

Düşünürəm ki, belə vacib hadisə ilə bağlı informasiyanın məhdud yayımlanması, prosesin qapalı təşkil olunması məqbul hadisə deyil. Ölkə ictimaiyyətinin nə baş verdiyindən xəbəri olmalıdır. Ona görə mediaya detallı informasiya verməyə borcludurlar”.

 

Qeyd edək ki, ötən həftə erməni və azərbaycanlı jurnalistlərin qarşılıqlı mübadiləsi baş tutub. Ermənistan tərəfdən Azərbaycana “Şant” telekanalının icmalçısı Artyom Yerkanyan, “Mediamaks” xəbər agentliyinin baş redaktoru David Alaverdyan və İctimai Televiziyanın jurnalisti Edgar Elbakyan səfər ediblər.

Azərbaycan tərəfdən isə Ermənistana Trend xəbər agentliyinin baş redaktoru Elçin Vəliyev, 1news.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Kavkaza”nın Azərbaycandakı müxbiri Orxan Yolçiyev səfər ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi