Modern.az

Biznesmenlərimiz dövrünün ədibinə güvənmir” – Fuad Cəfərli

“Biznesmenlərimiz dövrünün ədibinə güvənmir” – Fuad Cəfərli

27 İyun 2020, 14:25

Prezident təqüdçüsü, şair Fuad Cəfərli ilə ədəbiyyatımızın problemlərindən, özbək dilində çapdan çıxacaq kitabından, yazıçı-oxucu münasibətlərindən danışdıq.

 

Yuxarıda da qeyd etdiyimiz kimi, Modern.az-ın “Ədəbi şənbə”sinin budəfəki qonağı, şair Fuad Cəfərlidir.

 

- Fuad bəy, yaradıcılığınızda nə yeniliklər var? İlk olaraq özbək dilində çap olunacaq kitabınızdan danışaq. Nə zaman işıq üzü görəcək?

 

-Hazırda bir neçə ədəbi layihə üzərində işləyirik.Bunlardan bir də sizin bəhs etdiyiniz özbək dilində çapına hazırlaşdığımız kitabdır. Açığı, özbək ədəbi mühiti, özbək oxucusu ilə görüşümüzün hamımız üçün maraqlı olacağını düşünürəm. Düzdür, şeirlərim daha əvvəl özbək dilinə tərcümə olunmuşdu. İndi isə ədəbi münasibətlərimizin sıxlığının daha da labüd olduğunu, yəni növbəti mərhələnin gəldiyini düşünürəm. Kitabı isə dəyərli tərcüməçi Şahəstə xanım tərcümə edir. Kitabın çapını payıza planlaşdırmışıq.

 

-Çap olunan kitablarınızdan gələn gəlmirlər sizi qane edirmi? Ümumiyyətlə, kitab bazarının indiki durumu haqqında fikirlərinizi almaq istərdik...

 

-Çap olunan kitablarımdan gələn gəlirlərimin ilkin tirajı az olsa belə məni qane edir. Yəni, kitablarımın ilk çapı yaxşı satılır. Ancaq növbəti yəni yenidən kitablarımı çap etdirib satışa təqdim eləməyə hələ enerji xərcləməmişəm. Bununda obyektiv səbəbləri var .Ən başlıca səbəbi isə yazıçının şairin işinin masa arxasında bitməməsidir. Masa arxasindan qalxan yazıçı naşirin işindən tutmuş ən son xırda işlərə qədər özü görür. Bu isə adamı usandırır. Bilirsiniz belə bir deyim var əgər gördüyün iş sənə pul qazandırmırsa demək sən profisional deyilsən. Bu yumşaq desək qəddarlıqdır, amma eyni zamanda istəməsək belə reallıqdır. Reallıqsa ondan ibarətdirki yazıçı həmdə əsərlərinin dərdindən tacir olmaq istəyir. Hər iki işi eyni zamanda görməksə hər kəsə nədib olmur. Qaldı kitabla bazar sözünün uyğunluğuna bu tandem mənə hər zaman maraqlı gəlib. Düşünürəm ki, bu dünyada hər nəsnənin bir kitabı var o cümlədən bazarında. Bazarın kitabı isə təəssüfki yazıçı tərəfindən deyil tacir tərəfindən yazılır. Yazıçının bazarındasa hələki durğunluqdur.

 

-Niyə bizdə kitab sənayesi inkişaf etmir? Əngəl və ya maneə varmı bunun üçün?

 

- Maraqlı və aktual sualdır. Sual üçün sizə təşəkkür edirəm. Sənaye iqtisadi termin olduğu üçün sualınızı iqtisadçılara və ya naşirlərə yönəltsəniz daha uyğun olardı. Amma bu sualı verildiyinizə görə müşahidələrimi və mülahizələrimi sizinlə bölüşümək istəyirəm. Yazıçılarımız öz üzərinə düşən işi yetərincə məsuliyyətlə və ən yüksək səviyyədə görür. Sadəcə olaraq biznesmenlərimiz ədəbiyyatdan uzaqlaşdığı üçün dövrünün ədibinə güvənmir.

 

-Oxucu qıtlığı yaşanan ölkədə yazıçı, şair olmaq çətin deyil ki?

 

- Mən bunu obyektiv fikir kimi deyil, subyektiv fikir kimi qəbul edirəm və birmənalı olaraq 5-6 manatın baha olmadığını bildirmək istəyirəm. İcazənizlə, bu sualınızı bir cümləylə cavablandırım. Kitab insanlarımızın yadından çıxıb.

Fuad bəy, bizimkilər niyə dünya ədəbiyyatına çıxa bilmirlər? Sizcə bizim yazarların buna nəfəsi çatmır, ya başqa səbəb var?

 

 -İstedad zəhmət və pul. Bu üç mühərrikli bir mexanizmdir. Biri işləməsə digər ikisinin işlək vəziyyətdə olması nəticəni dəyişmək iqtidarında deyil. İstedadlı və zəhmətkeş yazarlarımız çoxdu və hamısının problemi var. Yoxsa dünya lap çoxdan rəflərin önündə ən az on yazıçımızın və şairimizin başına and içirdi.

 

 

- AYB-nin qurultayı ilə bağlı nə yeniliklər var? Qərarınız dəyişməyib ki?

 

-Yenilik ondan ibarətdir ki, qurultayın vaxtı bildiyiniz kimi payıza keçirldi. Fikrimisə dəyişməyib. Hamı kimi bizdə qurultayın keçiriləcəyi zamanı gözləyirik.

 

Söhbətləşdi: Tural Turan

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir