Bakı Mühəndislik Universiteti və İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində təhsillərinin sonuncu kursunu Koreya (Cənubi) Respublikasında davam etdirən tələbələrlə görüş keçirilib.
Modern.az xəbər verir ki, tələbələri salamlayan, onları IV kurs üzrə təhsillərini Koreyada başa vurmaqda olmaları münasibətilə təbrik edən BMU-nun rektoru Yaqub Piriyev ölkənin strateji inkişaf prioritetləri çərçivəsində yüksəkixtisaslı, innovativ düşüncəyə malik və beynəlxalq rəqabət mühitində fəaliyyət göstərə bilən insan kapitalının formalaşdırılmasında ikili diplom proqramlarının mühüm rol oynadığını qeyd edib. Rektor Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və davamlı inkişaf tədbirlərinin ölkənin sosial-iqtisadi tərəqqisi baxımından xüsusi əhəmiyyət daşıdığına diqqət çəkib. Bildirib ki, formalaşan yeni iqtisadi və infrastruktur mühitinin peşəkar kadrlarla təmin olunması strateji vəzifələrdən biridir. Bu baxımdan, beynəlxalq standartlara uyğun bilik və bacarıqlara yiyələnmiş ikili diplom proqramı məzunlarının bərpa və quruculuq proseslərinə mühüm töhfə verə biləcəyi qeyd olunub.
BMU-İNHA İDP-nin icrası prosesinə toxunan rektor proqramın uğurla həyata keçirilməsində tələbələrin üzərinə mühüm məsuliyyət düşdüyünü vurğulayıb. O, tələbələrin yüksək akademik göstəricilər nümayiş etdirmələrinin, peşəkar bilik və bacarıqlarını davamlı şəkildə inkişaf etdirmələrinin proqramın əsas məqsədlərinə nail olunmasında həlledici əhəmiyyət daşıdığını bildirib, universitet tərəfindən tələbələrə hərtərəfli dəstəyin göstərilməsinin bundan sonra da diqqət mərkəzində saxlanılacağını deyib.
Sonra görüşdə Elm və Təhsil Nazirliyi yanında Təhsilin İnkişafı Fondunun idarə heyətinin sədri Nicat Məmmədli, BMU-nun maliyyə-təsərrüfat işləri üzrə prorektoru Mikayıl Zeynalov, beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül, BMU-İNHA İDP-nin proqram direktoru Humay Cəfərli və digərləri çıxış ediblər.
Görüşdə tələbələrin gündəlik məsələlərlə bağlı yaranmış suallarına aydınlıq gətirilib.
Məlumat üçün bildirək ki, 3+1 modelinə əsaslanan İDP çərçivəsində tələbələr 3 ili BMU-da, sonuncu kursu isə İNHA Universitetində təhsil alırlar. Hazırda İNHA Universitetində 114 tələbə təhsil alır. Tələbələrin yaşayış, təhsil, səfər və sığorta xərcləri “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ödənilir.