Modern.az

Türk politoloqdan təklif: \"Minsk qrupunun əvəzinə bu format olsun\"

Türk politoloqdan təklif: \

4 Oktyabr 2020, 08:48

Ermənistanın son təxribatları Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir həll edilə bilməməsindən qaynaqlanır. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun cəhdlərinin artıq bir nəticə verməyəcəyi hər kəsə məlumdur.  Bundan sonra Cənubi Qafqazın sülh və əmin-amanlığı, eləcə də Azərbaycanın ərazi bütövlüyü Minsk qrupuna həvalə edilə bilməz.

 

Bunu Modern.az-a açıqlamasında türkiyəli politoloq Mehmet Perinçek deyib. Onun sözlərinə görə, indiki məqamda Türkiyə, Rusiya və İran arasındakı Astana danışıqları önəmli rol oynamaqdadır:

 

“Ankara, Moskva və Tehran bir araya gəldikdə Qərb dövlətlərini dövriyyədən çıxarıb özləri problemin həllində önəmli rol oynaya bilirlər. Bunu Suriya münaqişəsinin həlli istiqamətində bu üçlüyün atdığı addımlardan və əldə olunan müsbət nəticələrdən də görmək mümkündür. Astana formatının bu mənada bütün bölgə münaqişələrinin, problemlərinin həllində önəmli rol oynaya biləcəyini düşünmək olar. Hətta Qarabağ münaqişəsinin həllində də Astana formatı həlledici ola bilər”.

 

Mehmet Perinçek onu da əlavə edib ki, münaqişəsinin ədalətli həllində ən ideal format da məhz budur:

 “Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Moskva ilə İrəvanın arasında soyuqlaşma görürük. Görünən odur ki, Paşinyanın Qərbyönlü siyasəti Kremldə xoş qarşılanmır. Bununla yanaşı, Türkiyə ilə Rusiya arasındakı diplomatik əlaqələr daha da inkişaf edir. Bakı ilə Moskva arasındakı münasibətlər də yeni inkişaf mərhələsindədir. Bütün bunlar Astana formatının Qarabağ münaqişəsinin həllində önəmli rol oynaya biləcəyi düşüncəsini bizdə daha da möhkəmləndirir.

Digər tərəfdən, Ankara və Tehranın Qarabağ münaqişəsi ilə əlaqəsi Minsk Qrupunda təmsil olunan Qərb bölgələrindən fərqli olaraq daha sıxdır. Buraya tarixi, coğrafi, siyasi və mədəni amilləri aid etmək lazımdır.

Bir sözlə, Minsk qrupu işlək format olmadığını sübut edib və Qarabağ münaqişəsinin həllində yeni mexanizm formalaşdırılmalıdır. Həmin yeni mexanizmlə Cənubi Qafqazda sülh və əmin-amanlığı bərpa etmək mümkündür. Hətta Ermənistanın qəsbkar siyasətinin qarşısını almaq və Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etmək olar”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı