Modern.az

Məleykə Abbaszadə test tapşırıqlarından danışdı“İmtahandan sonra informasiya sızması baş verir

Məleykə Abbaszadə test tapşırıqlarından danışdı: “İmtahandan sonra informasiya sızması baş verir”

26 Aprel 2021, 10:28

Çağdaş zamanda ali təhsil müəssisələrinə qəbulla bağlı dünyada fərqli təcrübələr mövcuddur. Elə zamanda yaşayırıq ki, internet resursları bu təcrübələrlə hər kəsin tanış olmaq imkanını əlçatan edib. Bu, istənilən halda müsbət haldır.


Ancaq bəzən ali təhsillə bağlı qərarların verilməsində insanların təcrübələrə, gerçəkliklərə deyil, emosiyalara söykənməsi arzuolunan nəticə vermir. 


Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Modern.az saytı və AzEdu.az təhsil portalı vasitəsilə imtahan və qəbul sisteminə aid növbəti suallara aydınlıq gətirir. 


Sizi maraqlandıran sualları redaksiyamıza ünvanlaya və hər birimiz üçün faydalı ola biləcək müzakirə prosesinə qoşula bilərsiniz.


Beləliklə, Məleykə Abbaszadənin əməkdaşlıq çərçivəsində cavabladığı və aktuallığı ilə seçilən  növbəti maraqlı tezisləri təqdim edirik:  


- Pandemiya dövründə hər bölgə üzrə ayrıca imtahan keçirilməsi ədalətsizliyə səbəb olurmu?

- Məlumdur ki, pandemiya dövründə Dövlət İmtahan Mərkəzi də digər dövlət orqanları kimi öz fəaliyyətini Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi tələblərə uyğun şəkildə qurur. Xüsusi karantin rejimi kütləvi tədbirlərin keçirilməsini məhdudlaşdırıldığına görə imtahanların qrafiki rejiminin gedişatına uyğun olaraq operativ şəkildə müəyyən olunur. Bu şəraitdə mərkəzləşmiş imtahanların həmişə olduğu kimi, bütün ölkə üzrə eyni vaxtda keçirilməsi qeyri-mümkündür. Digər tərəfdən ölkənin ali təhsil müəssisələrində tədris prosesinin fasiləsiz davam etməsi üçün imtahanların keçirilməsi zəruridir və bu vəziyyət bəzi qeyri-standart qərarların verilməsini tələb edir.


Buna görə də, DİM imtahanların müxtəlif regionlarda müxtəlif vaxtlarda keçirilməsinə qərar verib. Təbii ki, bu qərar imtahanların obyektivliyi baxımından haqlı olaraq ictimaiyyətdə bir sıra suallar doğurur və bu suallara aydınlıq gətirilməsinə ehtiyac var. Belə ki, bir regionda keçirilən imtahanın məzmunu artıq iştirakçılara məlum olduğu üçün informasiya sızması baş verir, test tapşırıqları imtahanlardan sonra xüsusən sosial mediada paylaşılır. Bu sualların növbəti imtahanda istifadə olunması nəticələrin obyektivliyinə xələl gətirə bilər. Buna görə də, növbəti imtahanda testlərə artıq fərqli tapşırıqlar daxil edilir. Bu isə hər iki imtahanın çətinlik dərəcəsinin eyni olub-omaması, bəzi abituriyentlərə istəmədən də olsa, müəyyən üstünlük verib-verməməsi ilə bağlı sualların meydana çıxmasına səbəb olur.


Onu qeyd edim ki, DİM-in test bankında test tapşırıqları çətinlik dərəcələrinə görə kateqoriyalara ayrılır və imtahanlarda istifadə olunan bütün testlər standart alqoritm vasitəsilə eyni prinsiplə formalaşdırılır. Daha aydın desək, hər bir testə daxil edilən tapşırıqların çətinlik dərəcələri üzrə paylanması eyni olur. Xatırladım ki, 2020-ci ildəki qədər olmasa da, imtahanda müxtəlif test variantları hər il tətbiq olunur və nəticələr əsasında dünyada qəbul olunmuş elmi-statistik metodlar vasitəsilə test variantlarının müqayisəli təhlili aparılır və digər məlumatlarla birlikdə illik hesabatın tərkibində ictimaiyyətin diqqətinə çatdırılır. Uzun illər aparılan təhlillər eyni imtahan üzrə müxtəlif test variantları arasında korrelyasiya əmsalının 0,8-0,9 aralığında olduğunu göstərir ki, bu da yüksək səviyyədə uyğunluq deməkdir. Beləliklə, müxtəlif test variantlarının çətinlik dərəcəsi arasında ehtimali fərq məqbul statistik xəta payı çərçivəsindən kənara çıxmır.


Maraqlıdır ki, test variantlarını müqayisə edən insanlar bir çox halda öz fikirlərini əsaslandırmaq üçün ümumilikdə test bloklarını yox, testlərə daxil olan ayrıca götürülmüş tapşırıqları müqayisə edirlər. Qeyd edim ki, oxşar və ya eyni mövzuya aid test tapşırıqları bir varianta mürəkkəbləşdirilmiş, digər varianta isə asanlaşdırılmış formada daxil edilə bilər. Bu halda testin çətinlik dərəcəsi başqa tapşırıqlar hesabına tənzimlənir. Buna görə də test variantlarına daxil olan oxşar tapşırıqların müqayisəsi bizdə yanlış təəssürat yarada bilər. Sağlam qənaət əldə etmək üçün müqayisə bütövlükdə bloklar arasında aparılmalıdır ki, bu da ətraflı statistik təhlillər əsasında həyata keçirilir. İlk baxışda gözə çarpan zahiri fərqlər testlərin çətinlik dərəcəsini ifadə etmir.


Başqa sözlə desək, bir kiloqram pambıq kənardan baxanda bir kiloqram dəmirdən daha böyük görünə bilər, amma mahiyyət etibarı ilə hər ikisinin çəkisi eynidir və onların hər ikisini qaldırmaq üçün eyni dərəcədə güc sərf olunur.


- Açıq tipli test tapşırıqları nəyə lazımdır?

- Hər imtahan kampaniyasından sonra səsləndirilən şikayətlərdən biri də açıq tipli test tapşırıqları ilə bağlı olur. Bəzi valideyn və abituriyentlər bu tapşırıqların xüsusən çətin olmasından gileylənirlər. Bu məsələ təhsil mütəxəssisləri üçün hər hansı sual doğurmasa da, onun valideyn və abituriyentlər üçün daha sadə dildə izah olunmasına ehtiyac var. Qeyd olunmalıdır ki, testlərin strukturu formalaşdırılarkən iki məsələ prioritet kimi müəyyən olunur: abituriyentlərin təhsil prorqamını nə dərəcədə mənimsəmiş olması və onların zehni və ya məntiqi qabiliyyətləri.


Standart çoxvariantlı test tapşırıqları geniş diapazonlu mövzuları əhatə edir və imtahan verənlərin tədris proqramını nə dərəcədə mənimsədiyini müəyyən etməyə imkan verir. Açıq tipli suallar isə onların hər hansı bir məlumatı dərindən işləmə və təhliletmə qabiliyyətini qiymətləndirir. Əgər standart tapşırıqların cavablandırılmasında yaddaş və məntiqi qabiliyyətlər balanslı şəkildə tətbiq olunursa, açıq tipli tapşırıqlarda ikinci daha əhəmiyyətli rol oynayır.


İmtahanların nəticələri əsasında aparılan təhlillər göstərir ki, açıq tipli tapşırıqlar xüsusən yüksək nəticə göstərən abituriyentlər arasında seçim etmək üçün əhəmiyyətli rol oynayır. Lakin açıq tipli tapşırıqların cavablandırılması və yoxlanılması daha uzun vaxt tələb etdiyi üçün onlar test blokuna məhdud sayda daxil edilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir