Modern.az

Polkovnik-leytenant protez problemindən DANIŞDI: “Bütün qazilər adından xahiş edirəm...”

Polkovnik-leytenant protez problemindən DANIŞDI: “Bütün qazilər adından xahiş edirəm...”

28 Aprel 2021, 11:40

“Aprel döyüşlərindən sonra bütün qazilər protezlə təmin olundu, Vətən müharibəsində iştirak edən qazilərin evlərində oturub protez gözləməsi nə dərəcədə düzgündür?”


Bu sözləri Modern.az-a Aprel döyüşlərinin qazisi, polkovnik-leytenant  Elşən Qarayev deyib. O, hazırda Vətən müharibəsi qazilərinin protezlə təmin edilməsində problemlər olduğunu bildirib:


“Aprel döyüşlərindən sonra qazilər “Medicom” tərəfindən protezlərlə təmin olunurdu. Sonra bizə məlumat verdilər ki, artıq “Medicom”a yox, Əhmədlidə yerləşən “Protez-Ortopedik Bərpa Mərkəzi”nə yaxınlaşmalısınız. Vətən müharibəsi qaziləri də bu problemlə qarşılaşır.  44 günlük Vətən müharibəsi bitib, lakin 4-5 nəfərdən başqa heç kimə protez qoyulmayıb. 30 il müharibə aparmış ölkənin “Protez Bərpa Mərkəzi”də qazilər üçün qoyulası protez yoxdur?

Bütün qazilər məni tanıdığı üçün hər gün müraciət edirlər,  soruşurlar ki, protezlərdən xəbər var? Mən də hər dəfə deyirəm ki, yaxşı olacaq, problem yoxdur. Amma bu sözləri bir yerə qədər deyə bilərəm. Minaya düşən ayağını, qolunu itirən gənclər psixoloji problemlər yaşayırlar, onları cəmiyyətə qazandırmaq lazımdır, yoxsa nəticələri çox ağır olacaq”.

Elşən Qarayev Aprel döyüşlərinin iştirakçısı olub və döyüşlər zamanı ayağını itirib, protezi qırılan zaman dəfələrlə “Protez Bərpa Mərkəzi”nə müraciət etsə də, ona protezin dəyişdirilməsi üçün əllərində heç bir detalın olmadığını söyləyiblər:


“Protez Mərkəzi ilə əlaqə saxlayırıq, hər dəfə deyirlər ki, müqavilə imzalanıb, gətiriləcək. Mənim protezim dəyişməlidir,  amma dəyişdirilmir. Mən hərəkət edə bilirəm, amma ümumiyyətlə protezlə təmin olunmayan, hərəkət edə bilməyən qazilərimiz var. Mən bütün qazilərin adından xahiş edirəm ki, Azərbaycana lazımi qədər protez gətirilsin”.


Müsahibimiz qeyd edib ki, Vətən müharibəsindən sonra bu cür halların baş verməsi yaxşı deyil.


“Aprel döyüşlərindən sonra bütün qazilər protezlə təmin olundu. Vətən müharibəsində iştirak edən qazilərin isə indi evlərində oturub protez gözləməsi nə dərəcə də doğrudur?

Bütün qazilər adından danışaraq demək istəyirəm ki, bu problem həll olunsun. Əgər problem Əhmədli Protez Bərpa Mərkəzinin, “Medicom”un səlahiyyətləri çərçivəsini aşırsa,  digər qurumlara məlumat verilsin və lazım olan protezlər Azərbaycana gətirilsin. Biz vətən üçün canımızı qurban vermişik, xahiş edirik ki, bu mövzu diqqət mərkəzində saxlanılsın və həll olunsun. Çox sayda qazi protez gözləyir, onları bu qədər gözlətmək doğrudurmu?”. 

Mehri Qurban

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı