Modern.az

Fövqəladə hallarda tibbi xidmətlərə ödəniş qaydası dəyişir

Fövqəladə hallarda tibbi xidmətlərə ödəniş qaydası dəyişir

Ölkə

Bu gün, 09:59

Azərbaycanda hərbi və fövqəladə vəziyyət zamanı tibbi xidmətlərə tələbatın kəskin artması nəticəsində yaranan əlavə xərclərin dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulur.

Modern.az xəbər verir ki, bu, “Tibbi sığorta haqqında” Qanuna təklif olunan dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, hərbi vəziyyət və fövqəladə vəziyyət elan olunması, həmçinin sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi nəticəsində tibbi xidmətlərə tələbat kəskin artarsa və icbari tibbi sığorta fondunun vəsaiti xərcləri qarşılamaq üçün kifayət etməzsə, çatışmayan vəsait dövlət büdcəsi hesabına maliyyələşdirilə biləcək.

Bununla bağlı qanuna yeni 15-9.3-cü maddənin əlavə edilməsi təklif olunur.

Digər dəyişikliyə əsasən, icbari tibbi sığorta fondunun növbəti il üçün gəlirləri proqnozlaşdırılarkən cari ilin sonuna gözlənilən profisit, yəni gəlirlərin xərclərdən artıq olan hissəsi də xərclərin maliyyə təminatı kimi nəzərə alınacaq.

Bundan başqa, icbari tibbi sığorta haqlarının ödənilməsi qaydası da dəyişdirilir. Layihəyə əsasən, sığorta haqları tam məbləğdə və yalnız nağdsız hesablaşma qaydasında ödəniləcək.

Dəyişikliklər fövqəladə hallarda tibbi xidmətlərin maliyyələşdirilməsinin təmin olunmasını və icbari tibbi sığorta fondunun vəsaitlərinin idarə edilməsi mexanizminin təkmilləşdirilməsini nəzərdə tutur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İrandan şok xəbərdarlıq - Hazır olun, vuracağıq!