Modern.az

Zakir Həsənovun müavinlərinin sayı 6-ya çatdı - Onlar kimlərdir? (DOSYE)

Zakir Həsənovun müavinlərinin sayı 6-ya çatdı - Onlar kimlərdir? (DOSYE)

Aktual

24 İyul 2021, 16:33

Ötən gün Müdafiə Nazirliyində yeni kadr təyinatları olub. Bu təyinatlardan sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müavinlərinin sayı 6-ya çatıb.  Belə ki, dövlət başçısının verdiyi sərəncamla general-mayor Ənvər Əfəndiyev müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı təyin edilib.

 

Məlumat üçün bildirək ki, bundan əvvəl  nazirin 5 müavini var idi. Hazırda nazir müavini vəzifələrindən biri boşdur. Bu, müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsidir.

 

Dünənə qədər həmin vəzifədə xidmət aparan general-leytenant Kərim Vəliyev müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin olunub. Hələlik onun keçmiş postu boş qalır. Həmin vəzifənin kimə həvalə olunacağı bəlli deyil.

 

Modern.az oxucuların marağını nəzərə alaraq, müdafiə nazirinin müavinlərinin dosyesini hazırlayıb.

 

Gəlin, Zakir Həsənovun müavinlərini daha yaxından tanıyaq!

 

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyevdir.

 

General-leytenant Vəliyev Kərim Tofiq oğlu 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub.

 

1982-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib. 1982-1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib. 1990-1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb. 1992-ci ildən Silahlı Qüvvələrdə tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, hərbi birlik komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmətdə olub.

 

Yeni Baş Qərargah rəisi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb.

 

Qeyd edək ki, Kərim Vəliyev "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" medalı, “Hərbi xidmətlərə görə" medalı, “Zəfər” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

O, 2014-cü ildə Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 2019-cu ildə isə Müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə gətirilib.

 

***

Müdafiə nazirinin digər müavini  Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevdir.

 

General-polkovnik Mustafayev Kərəm Nəriman oğlu 1 iyul 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini, 2002-ci ildə Naxçıvan Dövlət Universitetini, 2006-cı ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını  bitirib. 1983-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri və tabor komandiri vəzifələrində xidmət edib.

 

1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrində tabor komandiri, Əlahiddə Gücləndirilmiş Motoatıcı briqadanın qərargah rəisi-briqada komandirinin müavini, Əlahiddə Gücləndirilmiş Motoatıcı briqadanın komandiri, Motoatıcı diviziya komandiri, Ordu korpusunun komandiri vəzifələrində xidmət edib.

 

O, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

 

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı" ordeni, "Hərbi xidmətlərə görə" medalı, "Vətən uğrunda" medalı, "Vətənə xidmətə görə" 3-cü dərəcəli, eləcə də "Vətənə xidmətə görə" 2-ci dərəcəli ordenləri ilə təltif olunub.

 

Kərəm Mustafayev 2014-cü ildə  Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı vəzifəsinə təyinat alıb.

 

***

 

Müdafiə nazirinin üçüncü müavini general-leytenant Ramiz Tahirov Hərbi Hava Qüvvələrinin Komandanıdır.

 

 

General-leytenant Tahirov Ramiz Firudin oğlu 16 aprel 1966-cı ildə Rusiya Federasiyasının Vladiqafqaz şəhərində anadan olub. 1983-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyi, 1988-ci ildə Kiyev Ali Hərbi Zenit-Raket Mühəndislər Məktəbini fərqlənmə ilə, 2006-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə ilə bitirib. 1988-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində Sovet İttifaqı Marşalı A.M.Vasilevski adına Quru Qoşunlarının Hava Hücumundan Müdafiə Akademiyasında və SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində xidmət edib.

 

1992-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2002-2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisinin müavini vəzifəsində işləyib.

 

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

 

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Belə ki, o "Vətən uğrunda" medalı, "Hərbi xidmətlərə görə" medalı, “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə” medalı, “Vətən uğrunda” medalı və “Zəfər” ordeni ilə təltif olunub.

 

Ramiz Tahirov 2014-cü ildə Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsinə təyin edilib.

 

***

Nizam Osmanov Müdafiə nazirinin müavini və Maddi-Texniki Təminat Baş İdarəsinin rəisidir.

 

General-leytenant Osmanov Nizam Ramazan oğlu 16 iyun 1965-ci ildə Ermənistanın Kalinino rayonunda anadan olub.

 

1986-cı ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 1986-1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım, bölük, tabor komandirləri vəzifələrində xidmət edib.

 

1992-ci ilin avqust ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayıb. 1992-2002-ci illərdə motoatıcı tabor komandiri, hərbi hissənin əməliyyat şöbəsi rəisinin baş köməkçisi, qərargah rəisi, alay komandirinin müavini, motoatıcı briqadanın qərargah rəisi və komandiri, hərbi birlik komandirinin müavini vəzifələrində xidmət edib. 2002-2014-cü illərdə hərbi birlik komandiri vəzifəsində xidmətdə olub.


2014-2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.

 

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

 

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı” ordeni, “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı, “İgidliyə görə” medalı, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı və “Qarabağ” ordeni ilə təltif olunub.

 

2020-ci ildə Müdafiə nazirinin müvafiq əmri ilə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icrasına buraxılıb.

 

***

Müdafiə nazirinin müavini, Quru Qoşunların komandanı, general-mayor Ənvər Əfəndiyev kimdir?

 

General-mayor Əfəndiyev Ənvər Zəkəriyyə oğlu 18 noyabr 1965-ci ildə Qax rayonunun Qaşqaçay kəndində anadan olub. 1987-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib.

 

1987-ci ildən SSRİ Silahlı Qüvvələri tərkibində motoatıcı taqım komandiri, motoatıcı bölük komandiri, motoatıcı taborun qərargah rəisinin müavini vəzifələrində xidmət edib.

 

1992-1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində motoatıcı tabor komandiri, qərargah rəisi, hərbi hissənin əməliyyat bölməsi rəisinin köməkçisi, hərbi hissənin qərargah rəisinin müavini, alay komandirinin müavini, briqada komandirinin müavini, hərbi hissənin qərargah rəisi vəzifələrində xidmətdə olub.

 

1998-1999-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında, 1999-2000-ci illərdə isə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb.

 

2000-ci ildən Azərbaycan Ordusunun hərbi hissə, birləşmə və birlikləri, həmçinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində müxtəlif vəzifələrdə xidmət edib.

 

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

 

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Ali Baş Komandanın Sərəncamları ilə "Vətən uğrunda" medalı, “Laçının azad olunmasına görə” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı və “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

 

Ənvər Əfəndiyev 2015-ci ildə Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır