Ermənilər azərbaycanlıların öz torpaqlarına qayıtmasından qorxmamalıdırlar.
Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Qaçqınlar gününə həsr olunmuş Qərbi Azərbaycana qayıdış: tarixi ədalətin bərpası və insan hüquqları adlı tədbirdə çıxışı zamanı Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib.
"Bağlanacaq hər hansı sazişin dayanıqlığı bu iki xalqın – erməni və azərbaycanlıların birgəyaşayışına bağlıdır, birgəyaşayışın yeganə yolu isə hər bir insanın doğulub boya-başa çatdığı ərazilərə qayıdış hüququnun tanınmasından və təmin edilməsindən keçir. Əlbəttə, Ermənistan tərəfinin narahatlığını da başa düşürük, yüzillər boyu xalqımıza qarşı etdikləri cinayətlərin haqq-hesabının bir gün onlardan soruşulacağından qorxurlar. Lakin möhtərəm Prezidentimz İlham Əliyev Milli Elmlər Akademiyasının yubileyindəki tarixi çıxışında bildirdi ki, soydaşlarımızın geriyə qayıdışı erməniləri qorxutmamalıdır. Və bu qayıdışın bütün detalları ideya müəllifi möhtərəm Prezidentimiz olan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında öz əksini tapıb. Biz sülh yolu ilə və ləyaqətli şəkildə, bütün hüquqlarımız bərpa olunmaq şərtilə, qonaq kimi yox, ev sahibi kimi öz evlərimizə geriyə qayıtmaq istəyirik və qayıdacağıq.
Buna görə də ümid edir və inanırıq ki, Ermənistan rəhbərliyi, nəhayət, İcmamızla konstruktiv dialoqa gəlmək üçün özündə iradə tapacaq və Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması istiqamətində davam edən səylər bizim qayıdış haqqımızı da təmin edəcəkdir".