Modern.az

Qlobal Şuşa

Qlobal Şuşa

Analitika

Bu gün, 08:36

Dünyanın dörd bir yanından jurnalistlər Şuşaya gəlir. Hiss edirsən ki, dünyanın siyasi və media leksikonunda Şuşanın yeni adı formalaşmağa başlayıb. İndi Şuşa tam fərqlidir, qlobal dialoqun ünvanıdır. Dünən işğal altında olan Şuşa bu gün qələbə, quruculuq və beynəlxalq əməkdaşlığın özüdür.

 

Biz otuz ilə yaxın Şuşa həsrətilə yaşadıq. Hamımız bir gün o xəbəri gözləyirdik...

 

O gün gəldi. 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev xalqa müraciət etdi. O müraciət Azərbaycanın 500 illik tarixinin ən unudulmaz çıxışı idi. Həmin gün milyonlarla insan sevinc göz yaşlarını saxlaya bilmədi. Şuşa azad idi, Qarabağın ürəyi öz sahibilə qovuşmuşdu.

 

Bir neçə gün sonra Prezident İlham Əliyev Şuşaya gəldi. O an Prezidentin söylədiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” sözləri tarixə çevrildi.

 

Prezidentin bu sözləri otuz illik həsrətin son nöqtəsi idi. Azərbaycan dövlətinin iradəsinin ifadəsi, şəhidlərin ruhuna verilən ən böyük hesabat idi. Həmin andan Şuşanın yeni həyatı başladı.

 

Şuşanın missiyası da dəyişdi. İşğaldan əvvəl Şuşa Azərbaycanın mədəniyyət paytaxtı idi. Azadlıqdan sonra isə o, beynəlxalq siyasətin, diplomatiyanın, mədəniyyətin və medianın görüş yerinə çevrildi.

 

Bunun ilk böyük mesajı 2021-ci ilin iyununda verildi. Azərbaycan və Türkiyə prezidentləri məhz Şuşada görüşdülər. Dünyanın gözü qarşısında iki qardaş ölkə Şuşa Bəyannaməsini imzaladı. Bəyannamə yeni geosiyasi dövrün manifesti idi.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini strateji müttəfiqlikdən daha yüksək mərhələyə qaldırdı. Regionun təhlükəsizlik arxitekturası yeni məzmun qazandı. Dünyanın aparıcı siyasi mərkəzləri bu sənədi diqqətlə təhlil etdilər. Cənubi Qafqazda yeni reallıq yarandı. O reallığın adı Azərbaycan, mərkəzi isə Şuşa oldu.

 

Həmin gündən “Qlobal Şuşa” anlayışı formalaşmağa başladı. Bundan əvvəl Şuşa daha çox Azərbaycanın şəhəri idi. Şuşa Bəyannaməsindən sonra isə dünya siyasətinin gündəmində görünməyə başladı. Dünyanın ən nüfuzlu media qurumları Şuşadan reportajlar hazırladı. Beynəlxalq analitik mərkəzlər Qarabağ haqqında yeni hesabatlar yazdılar. Xarici diplomatlar Şuşanı ziyarət etməyə başladılar.

 

Əvvəllər Şuşa haqqında xəbərlər işğal, dağıntılar və itkilərlə bağlı olurdu. İndi isə xəbərlər quruculuq, beynəlxalq tədbirlər və əməkdaşlıqdan bəhs edir. Fərq ardıcıl dövlət siyasətinin nəticəsidir.

 

Prezident İlham Əliyev Şuşanı sadəcə bərpa etməyi qarşıya məqsəd qoymadı. O, Şuşanı beynəlxalq mərkəzə çevirmək strategiyasını seçdi.

 

Bu gün geriyə baxanda həmin addımların bir zəncir təşkil etdiyini görürük. Əvvəl Zəfər, sonra azad Şuşa gəldi. Ardınca Şuşa Bəyannaməsi, Qlobal Şuşa ideyası göründü...

 

Əslində bunların hamısı biri-birinə bağlı çox böyük hadisələrdir. Bunlar vahid dövlət strategiyasının mərhələləri idi. Elə buna görə də bu gün Şuşaya baxanda tək qədim şəhəri görmürük. Orada həm də Azərbaycanın gələcəyə hesablanmış siyasəti var.

 

Yolun başlanğıcındayıq. Şuşanın dünyaya deyəcəyi hələ çox sözü var. Şuşanın qloballaşması bir sənədlə başlamadı və bir tədbirlə də yekunlaşmadı. Hər beynəlxalq tədbir bu şəhərin nüfuzunu daha da artırdı. Beləcə, Qlobal Şuşa anlayışı real məzmun qazandı.

 

Şuşanın növbəti böyük uğuru Türk dünyasının mədəniyyət paytaxtı elan olunması oldu. Şuşa əsrlər boyu türk mədəniyyətinin ən güclü ocaqlarından olub. Azərbaycanın böyük sənətkarları məhz bu şəhərdə yetişiblər. Şuşanın musiqisi, poeziyası və incəsənəti bütöv bir mədəniyyət məktəbi yaradıb. Bu tarixi həqiqət beynəlxalq səviyyədə bir daha təsdiq olundu.

Bunun ardınca Şuşa yenidən öz mədəni nəfəsini qaytardı. “Xarıbülbül” Musiqi Festivalı doğma yurduna döndü. Vaqif Poeziya Günləri yenidən Cıdır düzünün ruhunu oyatdı. Dünyanın müxtəlif ölkələrindən sənət adamları Şuşaya gəldilər. Qarabağ bu dəfə dağıntılarla deyil, musiqi ilə tanındı. Şuşanın səsi yenidən dünyaya yayıldı.

 

Şuşanın yolu yalnız mədəniyyətlə də məhdudlaşmadı. Bu şəhər eyni zamanda beynəlxalq siyasətin mühüm görüş məkanına çevrildi. Xarici ölkələrin prezidentləri və hökumət nümayəndələri Şuşaya səfərlər etdilər. Onlar burada aparılan geniş quruculuq işlərinin şahidi oldular.

 

Şuşada keçirilən beynəlxalq konfranslar da şəhərin artan nüfuzunu nümayiş etdirdi. Müxtəlif mövzularda ekspertlər bir araya gəldilər. Humanitar məsələlər, regional əməkdaşlıq perspektivləri dəyərləndirildi. Mədəniyyətlərarası dialoq təşviq edildi. Şuşa fikir mübadiləsinin ünvanına çevrildi.

 

Bu prosesin ən mühüm istiqamətlərindən biri media diplomatiyasıdır. Şuşa Qlobal Media Forumları qısa müddətdə beynəlxalq nüfuz qazandı. Dünyanın aparıcı media qurumları Qarabağa məhz bu platforma vasitəsilə gəldilər. Xarici jurnalistlər Qarabağın yeni öz auditoriyalarına çatdırdılar.

 

Bu gün dördüncü dəfə Şuşa Qlobal Media Forumu keçirilir. Forumun mövzusu “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” adlanır. Təbii ki, mövzu təsadüfi seçilməyib. Müasir dövrdə informasiya da sülhün mühüm vasitələrindən biridir. Doğru xəbər etimad yaradır. Etimad isə davamlı sülhün əsas şərtlərindən sayılır.

Forum dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini bir araya gətirir. İnformasiya agentlikləri, televiziya rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri fikir mübadiləsi aparacaq. Şuşa bir daha qlobal dialoqun mərkəzinə çevrilir.

 

Paralel olaraq Qarabağın digər şəhərlərində də beynəlxalq tədbirlər keçirilir. Bu, Azərbaycanın bölgədə yaratdığı sabitliyin göstəricisidir. Qarabağ artıq əməkdaşlıq məkanı kimi qəbul olunur.

 

Bütün bu hadisələrə ayrı-ayrılıqda baxmaq olar. Amma onları bir zəncir kimi qiymətləndirəndə daha böyük mənzərə görünür. Əvvəl Zəfər əldə olundu. Sonra Şuşa azad edildi. Ardınca Şuşa Bəyannaməsi imzalandı. Daha sonra şəhər Türk dünyasının mədəniyyət paytaxtına çevrildi. Sonra beynəlxalq festivallar bərpa edildi. Ardınca qlobal media forumları keçirildi. Xarici liderlərin səfərləri başladı. Azərbaycan diasporunun nümayəndələri Şuşaya gəldi.

 

Bu gün Şuşa işğaldan əvvəlki Şuşadan daha böyük missiya daşıyır. Şuşa tarixi şəhərdir, həm də beynəlxalq siyasətin, mədəniyyətlərin görüş yeridir. Şuşa media diplomatiyasının platformasıdır. Azərbaycanın dünyaya açılan pəncərələrindən biridir.

Biz jurnalistlər Şuşaya, yenidən böyük bir tarixi prosesin canlı şahidi olmağa gedirik. Dünyanın müxtəlif ölkələrindən gələn həmkarlarımızla eyni məkanda olacağıq. Qarabağın yeni reallıqlarını birlikdə müzakirə edəcəyik.

 

Dördüncü dəfədir ki, dünyanın müxtəlif ölkələrindən jurnalistlər Şuşada görüşürlər. Bu faktın özü çox şeyi izah edir. Bir vaxtlar müharibə xəbərləri ilə gündəmə gələn şəhər bu gün sülh, dialoq və əməkdaşlıq barədə danışır. Budur Azərbaycanın yaratdığı yeni gerçəklik.

 

Mənə görə, Şuşanın ən böyük uğuru öz tarixini qoruyaraq gələcəyini qurmasındadır. Şuşa öz kimliyini itirmədən dünyaya açılır, milli dəyərləri qoruyaraq beynəlxalq platformaya çevrilir.

 

Şuşanın yeni adı məhz buna görə Qlobal Şuşadır. Çünki bu şəhər bütün dünyanın diqqətindədir. Burada qəbul edilən qərarlar, keçirilən tədbirlər və səsləndirilən fikirlər beynəlxalq əhəmiyyət daşıyır. Şuşa öz adını Azərbaycanın adı ilə birlikdə dünyaya təqdim edir. Bu gün Şuşaya baxanda gələcəyin ümidlərini görürük. Elə buna görə də əminliklə demək olar ki, Qlobal Şuşa bu günün reallığıdır.

 

Elnur ƏMİROV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna Rusiyanın gəmilərini ard-arda VURDU - ŞOK GÖRÜNTÜLƏR