Modern.az

Milli Məclisdə “91-lər”dən kimlər var? - DOSYE

Milli Məclisdə “91-lər”dən kimlər var? - DOSYE

Parlament

5 Avqust 2021, 09:45

Yeni Azərbaycan Partiyasının yaranmasında müstəsna xidmətləri olmuş şəxsləri “91-lər” adlandırırlar.  1992-ci ilin 16 oktyabrında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən 91 nəfər ziyalının müraciəti zaman-zaman müzakirə mövzusu olub.

 

Onlar vaxtilə Yeni Azərbaycan Partiyasının “qızılfondu” elan olunmuşdular.

 

Bəs məşhur “91-lər”dən kimlər hazırda parlamentin üzvüdür?

 

Modern.az bununla bağlı kiçik bir araşdırma aparıb.

 

Məlub olub ki, hazırda Milli Məclisdə “91-lər”dən cəmi 2 nəfər təmsil olunur. Onlardan biri parlamentin İntizam komissiyasının sədri,  4 saylı Naxçıvan şəhər seçki dairəsinin deputatı Eldar İbrahimovdur.

 

 

Azərbaycanın I, II, III, IV, V və VI çağırış Milli Məclisinin deputatı, iqtisadi elmlər üzrə elmlər doktoru, professor Eldar İbrahimov 1945-ci il martın 12-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Bakı Sosial İdarəetmə və Politologiya İnstitunu bitirib.

 

1961-ci ildə Naxçıvanda tikinti idarəsində, toxuculuq kombinatında, avtotəmir zavodunda fəhlə, çilingər, mexanik işləyib. 1966-cı ildən Azərbaycan Kənd Texnika Birliyi sistemində mühəndis, baş mühəndis, 1980-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı olub. 1982–1988-ci illərdə Naxçıvan Dövlət Texnika Birliyinin sədri - Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin müavini, 1988-ci ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini - Dövlət Aqrar Sənaye Komitəsinin sədri və Vilayət Partiya Komitəsinin büro üzvü, 1993-cü ildən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini - Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri vəzifələrində çalışıb.

 

Beş çağırış Milli Məclisin Aqrar siyasət komitəsinin sədri olub. O hazırda VI çağırış parlamentin İntizam komissiyasının sədridir. Bundan əlavə, Ağsaqqallar Şurasının sədr müavinidir.

 

Azərbaycan-Özbəkistan Dostluq qrupunun sədridir. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.

 

Ailəlidir 3 övladı var.

 

****

 

 

“91-lər”dən parlamentdə olan ikinci şəxs Azərbaycandakı Rus icmasının sədri,  34 saylı Xətai ikinci seçki dairəsinin deputatı Mixail Zabelindir.

 

M.Zabelin 1946-cı il martın 19-da Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya fakültəsini, Bakı Ali Partiya Məktəbini və Ümumittifaq Qiyabi Hüquq İnstitutunun Sovet quruculuğu fakültəsini bitirib.

 

1966-cı ildən Bakıda layihə institutunda texnik işləyib. 1969-cu ildən Oktyabr Rayon Komsomol Komitəsinin katibi, 1974-cü ildən Lenin Rayon Partiya Komitəsinin, Bakı Şəhər Partiya Komitəsinin təlimatçısı olub. 1978-ci ildən Azərbaycan KP MK-da təlimatçı, birinci katibin (Heydər Əliyevin) referenti, müfəttiş, 1989-cu ildən Nizami Rayon İcraiyyə Komitəsinin sədri, 1991-ci ildən Azərbaycan Respublikası Ali Soveti Katibliyinin baş mütəxəssisi, Daimi komissiyalar şöbəsinin katibi vəzifələrində çalışıb.

 

1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı, I, II, III, IV, V və VI çağırışlarda Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilib.

 

Mixail Zabelin Yeni Azərbaycan Partiyasının yaradıcılarından olub, Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.

 

M.Zabelin ABŞ-ın Texas ştatının fəxri vətəndaşıdır. O, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvüdür.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir