Milli Məclisin iclasında deputat Aqil Abbasın Ağdamda mənzil bölgüsü ilə bağlı çıxışı parlamentin sədri Sahibə Qafarovanın sərt etirazına səbəb olub.
Modern.az xəbər verir ki, deputat doğma şəhərinə qayıtmaq istəyən bəzi sakinlərin yeni mənzillərlə təmin olunmaması barədə müraciətlər aldığını bildirib.
A.Abbas Ağdamın mərkəzində atasına məxsus 8 sot torpaq sahəsində altıotaqlı evlərinin olduğunu deyib. Onun sözlərinə görə, beş bacısına, iki qardaşına və özünə yeni tikilən mənzillərdən verilməyib.
Deputat 1970-ci ildən Bakıda yaşadığını və məcburi köçkün statusu daşımadığını bildirib.
"Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyük tikinti gedir. Baxırsan, ürəyin açılır. Mən məcburi köçkün statusunda deyiləm. Amma atamın mülkündə tikilən evdən niyə mənə düşmürBuna görə niyə Ağdamdan öz hesabıma ev almalıyam" - deyə o qeyd edib.
A.Abbas məsələnin təkcə ailəsi ilə bağlı olmadığını, Ağdam və Xankəndidən olan sakinlərin də oxşar şikayətlərlə ona müraciət etdiklərini söyləyib:
“Bu məsələni bir məcburi köçkün kimi qaldırıram. Mənə çoxlu ağdamlılar, xankəndililər müraciət edir ki, bizə niyə ev düşmür? Mən də onların fikirlərini Milli Məclisə çatdıracağıma söz vermişəm”.
Deputat mənzil bölgüsünün meyarlarına və evlə təmin olunmayan şəxslərin vəziyyətinə aydınlıq gətirilməsini istəyib.
Onun çıxışına münasibət bildirən Milli Məclisin sədri Sahibə Qafarova mənzil verilmədiyi bildirilən şəxslərin siyahısının hazırlanmasını tələb edib:
“Deyirsiniz ki, ağdamlılara söz vermişəm. Bir o siyahını, xahiş edirəm, tərtib edin, kimə verməyiblər? Bu qədər iş görülür, niyə ləkə salırsınız? Ağdama ağdamlılar köçməyəndə kim köçür? Hansı ölkədən gətirib bu qədər insanı orada məskunlaşdırırlar?”
S.Qafarova deputatın bu məsələni əvvəllər də qaldırdığını xatırladıb:
“Siz bir dəfə də qaldırmışdınız bu məsələni, demişdiniz ki, ağdamlılara yer vermirlər. Mən hələ onda sizə demişdim: bəs kimə yer verirlər, haradan gətirirlər Ağdamda yaşayanları? O boyda işlər görülür, niyə belə ləkə salırsınız bu işlərə?”
Spiker məsələnin məhz həmin müzakirə zamanı səsləndirilməsinə də etiraz edib:
“Ayrı bir tribuna yox idi? Gərək elə bu gün, bu qanun burada müzakirə olunanda bunu deyərdiniz? Yəni sizin ayrı bir imkanınız yox idi ki, bu məsələni vəkillərlə danışasınız?”