Modern.az

Ərdoğan-Gülən-Azərbaycan

Ərdoğan-Gülən-Azərbaycan

Aktual

22 Dekabr 2013, 22:43

Namidə BİNGÖL

Türkiyə dövlətinin daxilində baş verən hadisələrin miqyası bir qədər də genişləndi. Məsələnin kökündən araşdırılması Ərdoğan hökumətinə qarşı gizli təşkil olunan kampaniyanın aşkar şəkildə cərəyan etməsi ilə bağlı iddialara yol açdı. Bu barədə bir az sonra danışacağam. Öncə ölkənin daxilində baş verənlərə nəzər salaq.

Əslində, yeni bir şey yoxdu. Köhnə Hafiz Hacıyev çomağını yerə qoymur da! Əli Kərimliyə nə veribsə ala bilmir. Nə vaxt təcili toplantı keçirirsə, mütləq Əlidən, İsadan danışmasa, olmur. Ötən bazar günü Milli Şuranın məlum mitinqinə emosional reaksiya verən Hafiz müəllim, yenə də köhnə ampulasından heç cür uzaqlaşa bilmədi. Əslində, Hafiz Hacıyevin müxalifət nümayəndələrini çeynəyib tüpürməyinə bir növ adət etmişik. Ona görə də Əli Kərimlinin timsalında müxalifətdə təmsil olunan digər simaları “siyasi moşşennik”adlandırması yeni təhqir üsulu deyil. Görünür, Hafiz müəllim daha tutarlı variantlara üstünlük veməlidir. Məncə, yenilik lazımdı, Hafiz müəllim, yenilik. Yaxşı olar ki, Əli Kərimli və İsa Qəmbər haqqında təhqiramiz fikirlər səsləndirməyəsiz. Ayıbdır vallah.

Okeanın o tayında gecə-gündüz narahatlıq içində qərar tutan eks spiker Rəsul Quliyev də yenilik axtarışında deyil. Həmişəki kimi çaya tilov atmaqdan zövq alan eks-spiker məmləkəti Azərbaycanda ən kiçik nüanslara elə özüsayağı münasibət bildirir. Daha çox ağsaqqal görkəmində uzaqgörənlik etməyə üstünlük verən Rəsul müəllim, bu dəfə də SMDT-nın sədri Anar Məmmədlinin həbsinə münasibət bildirib. Gəldiyi qənaət isə odur ki, 2013-cü il seçkiləri zamanı canfəşanlıq göstərənlərin hələ bir neçəsi də həbs ediləcək. Belə çıxır ki, növbəti həbslərin artıq qara siyahısı hazırdır.

İndi isə qayıdaq bu həftə baş verən əsas hadisəyə. Xəbər ildırımsürətilə yayıldı. Doğrusu, sunaminin gətirdiyi fəlakətin saatbasaat irəliləyib siyasi qarışıqlıq yaradacağını kimsə təsəvvür etmirdi . Öncə millət vəkili Hakan Şükür istefa verdi. Meydançada rəqib komandanın qapısına vurduğu qollardan fərqli olaraq, baş nazir Ərdoğana qarşı istefa “qol”unu vurmaq ən azı ciddi “siyasi sillə” idi. Amma, bu qol Ərdoğan üçün hədiyyə də ola bilər. Çünki atılan növbəti addımların taleyini müəyyənləşdirmək Ərdoğan hakimiyyətini çıxılmaz vəziyyətlə üz-üzə qoya bilərdi. Bu ehtimal qısa zaman kəsiyində özünü doğrultdu. Türkiyənin daxilində baş verən gizli hadisələrin qəfil açılan atəş nəticəsində formallığını itirməsi çoxşaxəli parçalanmalara səbəb oldu. Türk sənətçisi Ebru Gündeşin azərbaycanlı həyat yoldaşı Rza Zərrabın rüşvət qalmaqalında, İrandan gətirilən çirkli pulların yuyulmasında birbaşa əlinin olması üstəlik, bu işlərə Türkiyənin bir çox nazir övladlarının qol qoyması hadisələrin ciddiliyini önə çəkdi.

Maraqlıdır, Türkiyədə nə baş verir?! Ərdoğan hökumətinin formalaşdırdığı hakimiyyət daxilində tor quranların bu qədər geniş səlahiyyətə malik olması nədən qaynaqlanır?! Hər halda ortada münasibətləri gərgin olan Ərdoğan-Gülən qarşıdurması var. Dərsanələrin bağlanmasına bir qədər qürurlu, bir qədər də sakit tərzdə yanaşma ortaya qoyan Fətullah Gülən çox ciddi qarışıqlığın başında bələdçilik edə bilərmi?! Bunu əminliklə söyləmək sadəlövhlük olardı. Bir tərəfdən də Ərdoğan-Gülən münasibətlərinə əsaslanan hadisələrin bir ucu da Azərbaycana gəlib çıxır. Əslində, baş verənləri Ərdoğan hakimiyətinə qarşı çevriliş kimi xarakterizə etmək doğru deyil. Söhbət Türkiyənin güclənməsindən gedir. Avropanın da, Amerikanın da Türkiyəni hər tərəfdən sıxışdırması məsələnin ana xətti də ola bilər. Türkiyənin Cənubi Qafqaza yaxınlaşması Rusiyanın narahatçılığının hədəf nöqtəsidir. İndiki halda yalnız onu demək olar ki, hadisələr qarışıq məcrada tüğyan edir. İstefa verənlərin, tutulanların işi ssenari üzrə davam edir. Fırtınanın təsirindən gəminin harda lövbər salacağını müəyyənləşdirmək çətindir. İndiki halda isə TBMM-dən istefa ilə çıxış edən Hakan Şükürün “qol”una sadəcə, şükür etmək lazımdır. Hələ bu hadisələrin bir ucunun Azərbaycana gəlib çıxması isə vəziyyəti bir qədər də mürəkkəbləşdirir.

Sən demə yayılan iddialara görə Azərbaycanda da Rza Zərrabın yaxın adamları varmış. Guya bunlardan biri də millət vəkili Cavanşir Paşazadədir. Ancaq Milli Məclisin deputatı mətbuata açıqlamasında onun haqqında deyilənlərin həqiqətə uyğun olmadığını söyləməklə bəzi media orqanlarını yoxlanmamış informasiya yazdığı üçün məhkəməyə verəcəyini bildirdi. Əslində belə çirkli işlərdə Azərbaycanın adının hallanması birinci hal deyil. Bir sözlə harda aş orda başıq. Təki deyilənlər Cavanşir müəllimin dediyi kimi həqiqət olmasın ki, Azərbaycanın da adı cinayət işlərininin dosyelərində yer tutmasın. Ancaq məsələ ondadır ki, təkcə Cavanşir Paşazadənin Türkiyə ilə bağlı hadisələrdə adı keçmir. Sən demə Sədərək gömrük komitəsinin rəisi də elə məlum hadisələrlə bağlı Türkiyədə həbs olunub. İstərdik ki, Azərbaycanın adı belə qaranlıq işlərdə hallanmasın, ancaq ümum dünya hörümçək toru olan internetdə informasiyalar elə sürətlə yayılır ki, adam çaş-baş qalır. Bəlkə də həqiqətən deyilənlər, yazılanlar doğrudur? O zaman demək ki, istək və arzularımız deyil, qanun ön plana çıxır.
Nə deyək, nəyin doğru, nəyin yalan olmasını zaman göstərər.


Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır