Modern.az

Xocavəndin icra başçısı: “Helikopter faciəsindən əvvəl Mütəllibovdan silah istədik, vermədilər”

Xocavəndin icra başçısı: “Helikopter faciəsindən əvvəl Mütəllibovdan silah istədik, vermədilər”

20 Noyabr 2014, 16:42

Hadisələrin gözlənilməz sonluqla bitməsi həmişə xoş təəssüratla yad edilmir. Tarixin “qara” səhifəsini vərəqlədikcə dərindən bir kəlmə “təəssüf” deməyimiz kifayət edir.

Onların hər biri üçün bu gün də “kaş ki, həmin helikopter səmaya qalxmayaydı”, - deyirik. Zaman dəyişsə də, geriyə qayıdıb baş verənləri dəyişmək mümkün deyil.

1991-ci il noyabrın 20-də Qarakənd səmasında 22 nəfərin olduğu helikopterin vurulmasından 23 il keçir. Faciədən uzun illər keçməsinə baxmayaraq, bir çox suallar hələ də cavabsız qalır.

Helikopter faciəsi zamanı özünümüdafiə qüvvələrinə rəhbərlik edən, hazırda Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 23 il bundan qabaq baş verən bu faciənin şahidi kimi Modern.az-a danışıb:

“Qəzaya qədər Dağlıq Qarabağda açıq müharibə gedirdi. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gedən avtobusu ermənilərin atəşə tutması nəticəsində  8 nəfər ölmüş, 23 nəfər də ağır yaralanmışdı. Onlar da sonra aldıqları yaralardan həlak oldular. Həmin ərəfədə Dağlıq Qarabağın bütün yaşayış məntəqələrində müharibə gedirdi. 1991-ci ilin sentyabr ayında Ağdərənin İmarət Qərvənd kəndini yandırıb əhalini oradan çıxardılar. Oktyabr ayının 30-da Xocavənd rayonunun Tuğxocavənd kəndini  yandırıb işğal etdilər. Noyabr ayının 19-da isə Xocavənd rayonunun Xocavənd kəndini dağıdıb insanlarını amansız şəkildə öldürdülər. 1991-ci il sentyabrın 8-də Qaradağlıya gedən avtobusu erməni silahlıları məhv etdilər. O zaman Ayaz Mütəllibovdan silah verilməsini xahiş etdik. Ancaq o zamankı hökumət müharibə getdiyini anlamırdı. 1980-ci illərin sonlarında əhalidən bütün ov tüfəngləri yığılmışdı. Hadisələr başlayanda isə əhali ordan-burdan ov tüfəngi əldə edirdi. Biz həmin ov tüfəngləri ilə özümüzü müdafiə edirdik. Qarakənd səmasında bütün helikopterlər atəşə məruz qalırdı. Həmin ərazi həmişə təhlükəli olub. 1991-ci ildə Xocavənd kəndinin əhalisinin sayı 1500  nəfərə çatırdı. Strateji məntəqədə yerləşirdi. Həmin kənd ermənilərə qarşı dayanıqlı mübarizə aparırdı. Noyabr ayının 19-na kimi Dağlıq Qarabağın heç bir azərbaycanlı kəndində bir dənə də olsun silah yox idi. O zaman hakimiyyətdə olanlar əhaliyə özünümüdafiə üçün heç bir silah verilmirdi. Halbuki həmin ərəfədə Dağlıq Qarabağ ərazisində erməni silahlı birləşmələri var idi. Onlar planlı şəkildə ərazilərimizə hücumlar təşkil edirdi. Dəfələrlə rəhbərliyə bizə silah göndərilməsi üçün müraciət edirdik. Amma müraciətimizə əhəmiyyət verən yox idi. 1991-ci ilin noyabrında Xocavənd kəndini SSRİ ordusunun köməkliyi ilə dağıtdılar. Noyabrın 20-də xocavəndlilər Ağdam ərazisinə toplaşdı. Gedə biləcəyimiz yer ora idi. Həmin dövrdə o zamankı dövlət katibi olmuş Tofiq İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti Ağdama gəlmişdi. Həmin helikopterin vurulması Xocavənd kəndi ilə bağlı baş vermişdi”.

Eyvaz Hüseynovun sözlərinə görə, camaatın bir yerə toplaşdığı yerə gələn Tofiq İsmayılov Xocavəndin komendantlarını ciddi şəkildə tənqid edib:
“Noyabrın 19-u və 20-də Xocavənd ərazisinə səfər edilməsi öncədən planlaşdırılmamışdı. Tofiq müəllim və digər görkəmli dövlət xadimləri insanlara qarşı vəhşi davranışları eşitdikdən sonra Xocavəndə getmələri barədə qərar qəbul etdilər.  Bu qərar Ağdamda keçirilən toplantı zamanı verildi. Ağdam kənd ağsaqqalları isə 22 nəfərin hamısına “Xocavəndə getməyin. Ermənilər sizi vuracaqlar”, - dedilər. Bundan sonra həmin Qarakənd faciəsi baş verdi”.

İcra başçısının fikrincə, bu hadisələrdə kənardan gələn ermənilər daha çox canfəşanlıq göstərirdilər: “Hadisələri daha da qızışdıran qüvvələr erməni mafiyası və ona arxa duranlar idi. Bunlar konfliktin dərinləşməsində maraqlı idilər. Məsələn, 1992-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndini ermənilər işğal edəndə orda yerli ermənilər iştirak etməyib. Hamısı xaricdən gələn muzdlular idi. Monte Qrikonyan ASALA terror təşkilatının üzvü idi. Amerikadan gəlmişdi, “Aramo” adlı dəstədəkilərin hamısı muzdlular idi”.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir