Xəbər verildiyi kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci il yanvarın 23-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə və ilk dəfə tətbiq ediləcək açıq testlərə abituriyentlərin cavablarını təhlil etmək üçün Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində sınaq imtahanları keçirir.
Yazılış 2011-ci il yanvarın 6-dan başlayıb və sınaq imtahanlarının keçirilməsi üçün nəzərdə tutulan yerlərin əksəriyyəti artıq dolub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, 11 yanvar 2011-ci il saat 14:30-a olan məlumata görə sınaq imtahanı üçün nəzərdə tutulan 31 minə yaxın yerdən yalnız 1090-na yazılış davam edir.
Həmin yerlərə yazılmaq üçün abituriyentlər TQDK-nın “ödəmə kartı”nı Komissiyanın internet səhifəsindən elektron formada əldə edə bilərlər. Belə ki, “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada alaraq sınaq imtahanına yazıla bilər.
Qeyd edək ki, sonrakı sınaq imtahanlarının müntəzəm olaraq 2011-ci ilin aprel ayından etibarən keçirilməsi nəzərdə tutulub.