Modern.az

Ombudsman daşqından zərər çəkən şikayətçilərin sözünü yuxarılara çatdıracaq

Ombudsman daşqından zərər çəkən şikayətçilərin sözünü yuxarılara çatdıracaq

Ölkə

12 Yanvar 2011, 17:32

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova ötən il daşqına məruz qalmış Saatlı rayonunun Dəllər və Novruzlu, Sabirabad rayonunun isə Uracalı kəndlərinin bir qrup sakinini qəbul edib.
Bu barədə Modern.az-a “Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatoru Oqtay Gülalıyev məlumat verib. Görüş də elə O.Gülalıyevin  təşəbbüsü ilə baş tutub. O.Gülalıyevin sözlərinə görə, görüşdə 2010-cu ilin may-iyun aylarında baş vermiş daşqınlardan sonra yaranmış problemlər müzakirə olunub. Əsasən, söhbər birdəfəlik kompensasiyadan, yaşayış evlərinin və kəndli təsərrüfatlarının bərpasından gedib.
“Novruzlu kəndinin sakinləri öz əvvəlki mövqelərində qalaraq Yeni Novruzlu kəndinə köçmək istəmədiklərini bildirdilər. Dedilər ki, bu evlər normal yaşayış üçün yararsızdır. Uracalı kəndinin sakinləri də köçməkdən imtina etdiklərini bildirdilər”.
O.Gülalıyev deyir ki, daşqın zonasının nümayəndələri birdəfəlik kompensasiyaların verilməsi prosedurunun kobud şəkildə pozulması, hakimiyyətin kəndli təsərrüfatlarına dəyən zərəri ödəməkdən imtina etməsi, evlərin, infrastrukturun tikintisinin və təmirinin ləng getməsi barədə Ombudsmana məlumat veriblər.
2010-cu ilin iyulunda hökumət daşqının nəticələrinin aradan qaldırılmasına 300 milyon manat ayırıb.  Daşqınlar nəticəsində 110 min hektar torpaq sahəsi və 20 min ev su altında qalıb.
““Kür” qərargahı, hüquq müdafiəçiləri birdəfəlik kompensasiyanının verilməsi zamanı pozuntular, evlərin tikintisi və möhkəmləndirmə işləri zamanı korrupsiya hallarını aşkar ediblər”-deyə O.Gülalıyev əlavə edib. Onun sözlərinə görə, E.Süleymanova bildirib ki, Nazirlər Kabinetinə, Fövqəladə Hallar Nazirliyinə, “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə sorğu göndərəcək. Məqsəd daşqın rayonlarından olan vətəndaşların hüquqları ilə bağlı məsələlərə cavab almaqdır. O, irəli sürülən məsələlərin həllinə yardım göstərəcəyini vəd edib.
Görüş zamanı Ombudsman  Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarovla söhbət edib. Sonuncu zəmanət verib ki, Yeni Novruzlu kəndinə köçən Novruzlu və Dəllər kəndlərinin sakinlərinin təsərrüfat sahələri onların sahiblərinin istifadəsində qalacaq. O həmçinin bildirib ki, daşqının nəticələrinin aradan qaldırılmasının ikinci mərhələsi üzrə vəzifələrin müəyyən edilməsi üçün Dövlət Komissiyasının nümayəndələri daşqına məruz qalmış rayonlara gedəcəklər. Lakin hələlik məhsulsuz və fəaliyyət üçün vəsaitsiz qalmış kəndli təsərrüfatlarına dəyən zərərin ödəniləcəyi məlum deyil.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı