Arzu Qazıyeva
Çarli Çaplinin şöhrətinin pik çağında Amerikada “Çapliniada”lar təşkil olunurdu. “Çapliniada”lar aktyorun təqlidinə həsr olunmuş müsabiqələr idi. Bir dəfə Çaplin özü də San-Fransiskoda keçirilən belə müsabiqədə özünü tanıtdırmadan iştirak etmişdi. Çox qəribədir ki, adına olan müsabiqədə müəllif özü qalib gələ bilməmişdi. Nə üçün? Yəni Çaplini təqlid edənlər onun özündən güclü aktyorlar idilər? Yoxsa münsiflər heyəti qeyri-ciddi idi? Bu suallara cavab vermək çətindir. Çünki münsiflərin kimliyi heç zaman müzakirə predmeti olmur. Ortada yalnız nəticə var: sən ya qalibsən, ya da məğlub. Və istənilən müsabiqənin mahiyyətində konyuktura tapmaq mümkündür. Əlbəttə ki, “Çapliniada”ların məzmununda siyasi çalarlar axtarmaq gülməli olardı. Halbuki son zamanlar ən möhtəşəm və ən yüksək müsabiqələr siyasi motivlərə söykənməmiş deyillər.
Günlərin birində “Xarabalıqdan çıxmış milyonçu” filminə təkrar baxdım. Nə üçün ona 8 nominasiya üzrə “Oskar” verilməsini anlamaq üçün. Məhz “Oskar”a təqdim olunmaq üçün bir hindli milyonçunun bəxşiş verdiyi 22 mln. dollara bir amerikalı rejissorun şəriklliyi ilə çəkilmiş filmin süjet xətti və induistlərin qanlı hücumundan canlarını güclə qurtara bilmiş iki müsəlman uşağın hadisəsi həqiqətən də orijinaldır. Lakin Hindistan reallıqları üçün orijinal deyil. Bəs onda ən prestijli mükafatı almaq üçün “Milyonçu”da nə var idi axı?
Kinoda iki epizod var. Birində Amerika “tərənnüm” edilir, digərində “terrorçu İslam” “göstərilir”. Xatırlayaq: yeniyetmə Camal Amerikadan gəlmiş turistləri gəzdirərkən qardaşı dəstəsi ilə amerikalının avtomobilini qarət edirlər. Geri qayıdanda amerikalılar gördükləri mənzərəyə məəttəl qalırlar. Bu zaman şişman bir nəzarətçi qarətə görə Camalı yerə yıxıb təpikləməyə başlayır. Turistlər nəzarətçini oğlandan aralayırlar. Camal deyir: “siz Hindistanı görmək istəyirdiniz? Bu da sizə Hindistan!”. Qadın cavabında: “mən də sənə Amerikanı göstərərəm” deyir. Tez yoldaşına tərəf çevrilib: “ona pul ver!” – tələbini edir. Kişi pulqabından bir neçə yüzlük çıxarıb oğlana uzadır. Məna belədir: Amerika çox varlı ölkədir. O qədər varlıdır ki, istənilən ölkəni əhalisi ilə birlikdə alıb-satar. Pulun çoxdursa gücün də böyükdür.
Haqq, humanizm, demokratiya, ədalət də çalarlarından asılı olmayaraq həmişə gücün tərəfindədir. Amerikanın təbliği üçün yaxşı düşünülmüş tryukdur, elə deyil?
İkinci epizod: gecəyarı hənirtiyə ayılan Camal görür ki, qardaşı namaz qılır. Namazını bitirdikdən sonra silahını cibinə qoyub adam öldürməyə gedir. Adi “obıvatel” üçün bəlkə də səssiz-küysüz ötüşən epizoddur – hətta burda nə var ki? deyə bilər. Amma iti gözlərdən yayınmaz. Mənası belədir: İislamda Allaha ibadət möminlik, düzgünlük, halallıq, humanistlik, ədalət, rəhm məsələsidir. Bu qədər terminlər naminə ibadət edib sonra adam öldürmək və bir ibadətlə də Allahın qəzəbindən qurtulmaq elə İslamın özüdür. Öldürmək çox asan və bir namazla müşayiət olunan aktdır. Heç soruşmusuz ki, bu necə ola bilər? Yox. İslamı bundan uğurla gözdən salmaq olmazdı! Sözsüz və şərhsiz. Yaxşı düşünülüb, elə deyil?? İki epizod və iki epizodla da “Oskar” Hindlistana getdi.
“Avroviziya” mahnı müsabiqəsi başlanğıc mahiyyətini artıq çoxdan itirmiş sayılır. Kimi ora təcrübə toplamağa, kimi “qaloçka” xətrinə, kimi yeni tanışlıqlar tapmağa, kimi sadəcə tanınmağa gedir. Necə deyərlər hər kəsin öz marağı olur. Müsabiqə başlamazdan bəlli olur ki, qələbə kimin olacaq. Qələbənin sahibini müəyyənləşdirmək çətin deyil. Yetər ki, dünya siyasi səhnəsində hansı əsərin oynanılmasına diqqət edəsən.
Əgər müsabiqə mahnı müsabiqəsi, şou idisə, onda ədalət naminə demək lazımdır ki, bu mənada Rusiya təmsilçisi həqiqətən də şou göstərdi və müsabiqənin prinsiplərinə uyğun olan mahnı ifa etdi. Amma münasiflər – yeri gəlmişkən münsif üzvlərinin ciddiliyini və peşəkarlığını kim qətiyyətlə söyləyə bilər? - qələbəni ona vermədilər. Hətta sadə insanların və o cümlədən ukrainlərin ən yüksək balı Rusiyaya vermələrinə baxmayaraq.
Cəmalə isə Avropa səhnəsində siyasi motivli mahnı oxudu, Krım türklərinin taleyindən oxudu, nəqaratını türkcə oxudu. Mahnının məna yükü ağır idi. Və heç də yüngül məzmunlu müsabiqə qaydalarına uyğun deyildi. Bu nonsens idi. Və bircə nonsenslə də I yer Ukraynaya verildi. Ayrı vaxt belə istisnalara qətiyyən yol verilməzdi. Amma indi vəziyyət başqadır. İndi dünyada cəllad və vəhşi Rusiya faktoru var, Rusiyanın ilhaq etdiyi Krım faktoru var, Rusiyanın onilliklərlə öz vətənlərindən sıxışdırdığı Krım türkləri var. Təbii ki, qələbə ona verilə bilməzdi. Krım Ukraynanın tam müstəqilliyi naminə verdiyi qurbandır. Və reallıqda Krımı Ukraynaya qaytarmaq müşküldür. Bu mənada vəziyyəti kompensasiya etmək gərək idi. Sadəcə bir tryukla – Cəmaləyə I yeri verib, dolayı yolla Rusiyaya qalib etməklə Ukraynanın könlünü aldılar.
Yaxşı düşünülmüş şoudur, elə deyil? Məgər dünyanın Krım türklərinin tarixindən xəbəri yox idi? Var idi. Məgər dünyanın Qarabağda baş verənlərdən – torpaqlarımızın qonşularımız tərəfindən işğal edilməsindən, günahsız insanlarımızın qırılmasından, əsgərlərimizin şəhid olmasından xəbəri yoxdur? Var. Məgər dünyanın ərəb ölkələrində uşaqların, qocaların, qadınların, cavanların günahsız yerə məhv olmasından xəbəri yoxdur? Əlbəttə ki, var.
Mən təəccüblənərəm, əgər növbəti kino, mahnı və ya rəsm müsabiqəsində Şimali Koreya liderinin bir nömrəli diktator olmasını göstərən təqdimat qalib gəlməsə...