Səhiyyə Nazirliyi həkimlərin sertifikasiyası məqsədilə yanvarın 12-də keçirilən imtahanların nəticələrini açıqlayıb. Modern.az-ın məlumatına görə, imtahanlar Pediatriya və Anesteziologiya - reanimatologiya ixtisasları üzrə keçirilib. İştirakçılardan bir həkim (anesteziologiya-reanimatologiya ixtisası üzrə) 97 bal toplayaraq ən yüksək nəticə göstərib. Bütövlükdə isə imtahanlarda iştirak edən həkimlərin 88% (49 nəfər) uğurlu nəticələr əldə edib.
İmtahanda 56 həkim iştirak edib. Nəticələr Səhiyyə Nazirliyinin internet saytında yerləşdirlib. (Nəticələr burada: //www.health.gov.az/article.php?sertifikasiya11)
İmtahanın şərtlərinə görə, 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılırlar
Sertifikasiya prosesi Prezidentin 2009-cu il 21 dekabr tarixli fərmanı və Nazirlər Kabinetinin 2010-cu il 08 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”na uyğun həyata keçirilir.
“Sertifikasiyanın məqsədi əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və ölkədə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılmasıdır. Sertifikasiya prosesinə beş ildə bir dəfə ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri cəlb edilirlər”-deyə nazirlikdən bildirilib.
Səhiyyə mütəxəssislərinin sertifikasiyası 2 mərhələdə - test və müsahibə yolu ilə reallaşdırılır. Test imtahanı 100 sualdan ibarətdir və 3 saat ərzində cavablandırılmalıdır. Test imtahanının yekununa görə 60 və ya daha çox bal toplamış şəxslər müsahibəyə buraxılacaqlar.
Müsahibəyə buraxılanlara ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən suallar veriləcək. Müsahibə açıq, hər bir şəxslə fərdi qaydada, ixtisas komissiyasının üzvləri ilə söhbət formasında 30 dəqiqəyədək müddətdə aparılacaq.
Test imtahanının və müsahibənin nəticələri əsasında sertifikasiyadan keçən şəxslərə sertifikasiya şəhadətnaməsi veriləcək və onlar 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edəcəklər.
Modern.az