Modern.az

Magistr olmaq istəyən bakalavrlar 20 fevralda imtahan verəcəklər

Magistr olmaq istəyən bakalavrlar 20 fevralda imtahan verəcəklər

Ölkə

18 Yanvar 2011, 13:32

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012-ci tədris ili üçün magistraturaya tələbə qəbulu elan edib. Modern.az xəbər verir ki, ərizələrin qəbulu internet vasitəsi ilə aşağıdakı qaydada aparılır: Bakalavr "TQDK-nın ödəmə kartı"ndan istifadə etməklə Komissiyasının müvafiq internet səhifəsinə daxil olur və oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurur. TQDK-nın ödəmə kartını TQDK-nın binasından, Respublikanın bütün şəhər və rayon poçt şöbələrindən, eləcə də kredit kartla ödəməklə TQDK-nın internet saytından əldə etmək olar.

Bakalavrlar ərizələrini təsdiq etdirmək üçün 2011-ci il yanvarın 25-dən fevralın 7-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 9-dan 17-dək “TQDK-nın ödəmə kartı”nı və tələb olunan sənədləri  müvafiq Sənəd Qəbulu Komissiyasına şəxsən təqdim etməlidirlər. Cari ilin məzunları “Bakalavrın elektron ərizəsi” formasını bitirdikləri ali təhsil müəssisəsində yaradılmış SQK-da təsdiq etdirirlər.

Ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər və nəzdində SQK fəaliyyət göstərməyən ali təhsil müəssisələrinin cari il məzunları “Bakalavrın elektron ərizəsi” formasını ali təhsil müəssisələrində yaradılmış SQK-lardan istənilən birində təsdiq etdirirlər. Xarici ölkələrdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.

Əcnəbi və ya vətəndaşlığı olmayan ali təhsilli şəxslər “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.

“Bakalavrın elektron ərizəsi” formasının təsdiqi üçün TQDK tərəfindən yaradılmış bütün Sənəd Qəbulu Komissiyalarının siyahısı və tələb olunan sənədlər “Magistr” jurnalının 2-ci sayında dərc olunub.

Bu bölmədə “Bakalavrın elektron ərizəsi” formasının nümunəsi ilə yanaşı, onun doldurulma qaydası da verilib.  Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılacaq.

Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndiriləcək, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək.

Birinci mərhələnin imtahanı 2011-ci il fevralın 20-də keçiriləcək və bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürun) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunacaq.

Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən topladığı bal 20-dən, informatika üzrə testdən topladığı bal 10-dan, xarici dil üzrə testdən topladığı bal 10-dan az olmayan bakalavrlar qəbul imtahanının ikinci mərhələsinə buraxılacaqlar.

İkinci mərhələyə buraxılan bakalavrlar “Magistr” jurnalının 2011-ci il 4-cü sayında dərc ediləcək elana əsasən bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçir və bu proqrama aid olan ixtisaslaşmalardan qəbul olmaq istədikləri ixtisaslaşmaların kodlarını ərizələrinə daxil edib təsdiq etməlidirlər.

Modern.az
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı