Son illər ayrı-ayrı tanınmış idmançılarımızın cinayətkar aləmlə əlaqələrinin olması faktdır. Maraqlıdır ki, adətən döyüş növlərinin təmsilçiləri məhz belə qruplaşmaların «qurbanı» olurlar. Deməli, məntiqlə məhz güc amili kriminal şəbəkə rəhbərlərinin idmançılara marağını artırır. İndi isə ümumi sözləri kənara qoyaraq konkret faktlara istinad edək. Beləliklə, bu yazıda tanınmış idmançıların kriminal aləmdən keçən yoluna nəzər salmağa çalışacağıq.
Peşəkar boks üzrə dünya çempionu Fariz Məmmədov
Bu idmançı qısa müddət ərzində Azərbaycn boks tarixində elə bir iz qoyub ki, bəlkə də illər sonra da xatırlanacaq. Argentinalı «əlcək ustası» Rudi Enkarnasionalı nokauta göndərməklə dünyada bir nömrə olduğunu sübut edən idmançımız çox keçmir ki, kriminal aləmdə «Lotu Quli» kimi tanınan Nadir Səlifovun rəhbrlik etdiyi dəstənin təsiri altına düşür. Sonradan isə o bu dəstənin aparıcı simalarından birinə çevrilir.
Cinayət Məcəlləsinin bir neçə maddəsiylə qanunsuz silah saxlama, əldəetmə, hədə-qorxu ilə tələbetmədə ittiaham olunan Fariz hazırda həbsxana həyatı yaşayır. Hansı ki, peşəkar boksda axsayan idmanımızın Fariz Məmmədov kimi təcrübəli idmançıya, daha sonra isə məşqçiyə ehtiyacı var.
Boksçu, Olimpiadanın bürünc medalçısı Vüqar Ələkbərov
Hazırda 29 yaşında olan Vüqar Mingəçevir güləş məktəbinin yetirməsidir. Cəmi 19 yaşında bütün ölkədə məşhurlaşan idmançı nə zamansa cinayətkarlıqda ittiham olunacağını bəlkə də ağlına gətirmirdi. Amma zaman keçdikcə Vüqar da kriminal çevrədən yan keçə bilmədi və həbs olundu. Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunan idmançı iş adamı ,«İnşaatçı-E» MMC-nin təsisçisi Kənan Quliyevdən zor tətbiq etməklə «Toyota» markalı avtomobilini və hədələyərək 10 min dollar tələb etməkdə təqsirləndirilib. İlkin istintaqda irəli sürülən ittihamı qəbul edən Vüqar məhkəmədə dediklərinin doğru olmadığını söyləyib. Belə ki, Ələkbərov Quliyevdən ona olan borcunu istədiyini iddia edib.Beləliklə, məhkəmə Ələkbərovu günahsız hesab edərək, məhkmə zalından azadlığa buraxıb. Ancaq prosesə jurnalistlərin buraxılmaması onu deməyə əsas verir ki, Vüqarın günahsız bilnməsi tanınmış idmançı olmasından və zərərçəkmiş tərəfin iddiasını geri götürməsindən sonra baş tutub. Hər halda bu da bir ehtimaldır.
Bürünc medalçı 2004-cü ildən sonra - yəni 23 yaşından bəri elə də ciddi uğur qazana bilmir. Görünən odur ki, karyerasının pik nöqtəsində lazımsız həbsə məruz qalan Vüqar hələ də özünə gələ bilmir.
Boksçu Ramal Amanov
Boks yığmamızın daha bir tanınan siması Ramal Amanov da bir zamanlar kriminal həyatın bir addımlığından geri qayıdıb. Elə məhz Vüqar Ələkbərov tutularkən Ramal da saxlanılmışdı. Avropa və dünya çempionatlarının iştirakçısı olmuş Amanov dəmir barmaqlıqlar arxasındakı həyatı görməsə də, ora çox yaxınlaşdı və canını güclə qurtardı. Bəzi məlumatlara görə, bu idmançı «razborka»lara tez-tez girişirmiş. Hər halda hazırda «Baku Fires» boks komandasının tərkibində çıxış edən idmançı əvvəlki kimi parlaq qələbələr qazanmır. Qalib gəldiyi döyüşlərdə isə minimum xal üstünlüyü əldə edə bilir. Halbuki, 26 yaşlı idmançı 4-5 il əvvəl ölkə boksunun gələcəyi sayılırdı.
Qaydasız döyüş üzrə peşəkar idmançı Azad Məmmədov
Qaydasız döyüş üzrə Avropa çempionatının gümüş mükafatçısı, tanınmış idmançı Azad Məmmədov da kriminala bulaşan idmançılardandır. Karyerasının ilk illərində böyük uğurlara imza atan Azad da sonradan cinayətkarların tələsindən yan keçə bilməyib. Amma ittiham olunduğu maddəyə baxanda Azadın özünün də bu yola meylli olduğu sezilir.
Qanunsuz silah gəzdirmədə ittiham olanan Məmmədov doğulduğu Şəki rayonunda yaxın qohumunun yas mərasimində iştirak edərkən rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Evində aparılan axtarış zamanı bir ədəd «Vinçester» tipli silah, bir ədəd «Tir» tüfəngi və qaz tapançası aşkar edilərək götürülüb.
A.Məmmədov 1999-cu ildə Rusiyada keçirilmiş qaydasız döyüş üzrə Avropa çempionatının gümüş medalçısı olub.
İkiqat dünya çempionu Canpolad Budaqov
Baş verən ən son hadisə isə Uşu-sanda üzrə ikiqat dünya və Avropa çempionu, Azərbaycanın uşu-sanda yığmasının keçmiş baş məşqçisi Canpolad Budaqovla bağlıdır. Nəsimi RPİ-nin yaydığı məlumata görə, C.Budaqov Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinir. O, ötən il xuliqanlıq əməli törətməkdə təqsirli bilinərək, barəsində cinayət işi başlanıb. Lakin C.Budaqov Azərbaycanda olmadığından barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib. Onun hazırda Rusiyada olduğu söylənilir.
Canpolad Vəli oğlu Budaqov 1971-ci ildə Gürcüstan Respublikasında anadan olub. O, 2007-ci ildə narkotik vasitələrin qanunsuz hazırlanması və istifadəsində təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib və 2009-cu ildə azadlığa çıxırb.
Azərbaycan idmançılarının bu cür xoşagəlməz əməlləri barədə rəsmilər dəfələrlə oz fikirlərini bildiriblər. Məsələn, gəncər və idman nazirinin müvini İsmayıl İsmayılov deyib: «Mən tanınmış idmançılarımızın kriminal işlərə qarışmasının, cinayət törətməsiin qəti əleyhinəyəm. Avropa və Dünya çempionatlarında, mötəbər beynəlxalq turnirlərdə fərqlənən idmançılarımız gərək nümunəvi insanlar olsunlar. Ağac bar verdikcə, başınıaşağı əyər. Bu gün heç kimin qanunu pozmağa nə haqqı var, nə də iqtidarı. Hər kəs öz əməlinə görə cavab verməlidir. Qanun hamımız üçündür, alidir, hamıya şamil olunur”.
Qeyd olunan bütün faktlarla bağlı son olaraq demək olar ki, idmançılar dünən də kriminal qruplaşmalarla əlaqədə olub, bu gün də həmin əlaqələr var və bəlkə də sabah da olacaq. Fikrimizcə, bunun üçün idmançılar, xüsusən də milli komanda üzvləri ciddi nəzarətdə olmalı, hətta müəyyən olunmuş qaydalar çərçivəsində onların cinayətkarla əlaqələrinin olub-olmadığı araşdırılmalıdır. Çünki hansısa qruplaşmanın təsiri altında olun güc sahibinin sabah öz ətrafına zərbə vurmayacağına heç kim təminat vermir.
İntiqam VALEHOĞLU