Modern.az

Ziya Bünyadov prospektində söküləcək evlərin sakinləri Hövsana köçürüləcək

Ziya Bünyadov prospektində söküləcək evlərin sakinləri Hövsana köçürüləcək

Ölkə

21 Yanvar 2011, 08:35

«Azəryolservis» ASC Bakı şəhərinin əsas avtonəqliyyat magistrallarından olan Ziya Bünyadov prospektinin (Dərnəgül yolu) yenidən qurulmasına başlayıb. Bununla əlaqədar olaraq yol boyunca yüzlərlə obyekt, o cümlədən fərdi yaşayış evləri söküləcək. «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Modern.az saytına bildirib ki, hazırda söküləcək evlərin sayı dəqiqləşdirilir. Z.Bünyadov prospekti başlanğıcını Nəsimi rayonu ərazisindəki «Xutor dairəsi»ndən götürür, metronun “Əzizbəyov” stansiyasınadək uzanır. «Azəryolservis» ASC yolu ona görə genişləndirəcək ki, Dərnəgül yolu ilə nəqliyyatın hərəkəti asanlaşsın. Məsələ ondadır ki, bu yolda nəqliyyatın hərəkətənin həddən artıq sıxlaşması, ağır yüklü və sərnişin nəqliyyatının sayının çoxalması prospektin yenidən qurulmasını gündəmə gətirib. Modern.az-a Nəqliyyat Nazirliyinin adının çəkilməməsini istəyən işçisi bildirib ki, sözügedən yolun yenidən qurulmasının digər səbəbi Z.Bünyadov prospekti ilə Azadlıq prpspektinin kəsişməsinə yaxın ərazidə Prezidentin qonaq evinin yerləşməsidir: “Ziya Bünyadov prospekti genişləndirilir ki, aeroport istiqamətindən Prezidentin qonaq evinə doğru hərəkət də asanlaşsın. Çünki hazırda prospekt çox darısqaldır və burada tez-tez uzunmüddətli tıxaclar yaranır”. «Azəryolservis» rəsmiləri yol genişləndirilərkən onun ətrafından söküləcək sənədsiz fərdi yaşayış evlərinin sahiblərinə kompensasiya verilməyəcəyini də bəyan ediblər. Bəs plana düşən evlərin sakinləri hara köçürüləcəklər? Modern.az-a Nəqliyyat Nazirliyindən verilən məlumata görə, Dərnəgül yolu boyunca söküləcək evlərin sakinləri Hövsan qəsəbəsində inşa olunan çoxmərtəbəli binalara yerləşdiriləcəklər. Qeyd edək ki, plana düşən evlərin böyük əksəriyyəti Nərimanov rayonu ərazisindəki Böyük Şor qəsəbəsində yerləşir. Artıq söküləcək evlərin sakinlərinə xəbərdarlıq da olunub. Bunu əməkdaşımıza həmin evlərin sakinləri bildiriblər. Sakinlər deyiblər ki, bir neçə gün öncə onlarla Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri söhbət aparıblar və hamının yerbəyer olunacağını əmin ediblər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı