21 yanvar bir sıra tarixi hadisələrə şahidlik edib.
21 yanvar 1924-cü ildə tanınmış Azərbaycan bəstəkarı Şəfiqə Axundova anadan olub. Şərqdə ilk opera yazan bəstəkar olan Şəfiqə Axundova Azərbaycanın xalq artistidir. Şəfiqə xanım 1924-cü ildə Şəki şəhərində doğulub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B.Zeydmanın sinfini bitirib. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.
O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub. Şəfiqə xanım həm də bir sıra gözəl mahnaların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir.
Onun Azərbaycan şairlərinin şerlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur.
Bəstəkar mahnı yazmaq ilə kifayətlənməyib mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. 1971-ci ildə "Gəlin qayası" operası ilə müsiqisevərləri valeh edib. Hazırda 500-dən artıq əsəri olan sənətkar xanım hələ də yazıb yaradır.
21 yanvar 1950-ci ildə xalq şairi Zəlimxan Yaqub anadan olub.
Yaqubov Zəlimxan Yusif oğlu (Zəlimxan Yaqub) Borçalının Bolniis rayonunun Kəpənəkçi kəndində anadan olub. ADU-nun Kitabxanaçılıq fakültəsində təhsil alıb.
1973-cü ildən 1978-ci ilə qədər “Azərkitab” sistemində, “Kitab pasajı” adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.
1995-2005-ci illərdə Milli Məclisin üzvü olub.
İlk mətbu əsəri 1966-cı il oktyabrın 4-də, Bolnisi rayon qəzeti “Qələbə bayrağı”nda nəşr olunub.
Məmməd Araz ədəbi mükafatı ilə, "Şair harayı", "Vətən yaralar", "Sizi qınamıram" və "Ziyarətin qəbul olsun" kitabına görə H.Z. Tağıyev adına mükafatla, “Şöhrət” ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni ilə təltif edilib. 1983--cü ildən Yazıçılar İttifaqının üzvüdür. 2005-ci ildə “Xalq şairi” fəxri adına layiq görülüb.
2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlarının V qurultayında Aşıqlar Birliyinin sədri seçilib.
1994-cü ildən Respublika Prezidenti yanında əfv Komissiyasının üzvü kimi ictimai fəaliyyət göstərir.
Bu gün həmçinin bir sıra tanınmış şəxslərin xatirə günüdür.
21 yanvar 1924 –cü ildə Sovet lideri Vladimir Lenin vəfat edib. Porletariat diktaturasının əsasını qoyan Lenin çar imperiyasını devirməklə SSRİ-nin timsalında onun yeni simasını yaratdı. Məhz onun əmri ilə 11 –ci Qızıl Ordu sərhədlərimizi keçərək Azərbaycan Demokratik Respublikasını işğal etdi. SSRİ-nin bütün ədəbiyyat və mədəniyyətində “Lenin” mövzusu bir qırmızı xətt kimi keçib.
Xalq şairi Rəsul Rzanın “Mən hansı bir insana” poeması Azərbaycan sovet ədəbiyyatında Leninə həsr olunmuş ən böyük əsər sayılır.
21 yanvar 1999-cu ildə bəstəkar Süleyman Ələsgərov vəfat edib. Tanınmış operatta ustası olan bəstəkar S.Ələsgərovun əsərləri böyük müvəfəqiyyətlə səhnəyə qoyulub. “Durna”, “Toy kimindir”, “Ulduz” operettaları tamaşaşılar arasında məşhur olub. Onun obrazlarını Azərbaycan komediya sənətinin korifeyləri olan Nəsibə Zeynalova, Lütfəli Abdulayev, Bəşir Səfəroğlu və digərləri oynayıb. Professor S.Ələsgərov bir sıra simfonik əsərlərin müəllifidir. “Planeta parni iz Baku” KVN tetarının yaradıcıları Tahir və Cabir İmanov qardaşları bəstəkarın nəvələridir.
21 yanvar 2008-ci ildə SSRİ xalq artisti Lütfiyar İmanov vəfat edib. Azərbaycan opera səhnəsində ölməz obrazlar yaradan L.İmanovun ən möhtəşəm rolu “Koroğlu” operasındakı Koroğlu obrazı olub. Dahi Bülbüldən sonra məhz L. İmanov bu rolu yenidən parlaq şəkildə oynaya bilib. SSRİ xalq artisti olan L. İmanov Azərbaycanın opera ifaçılığı məktəbində silinməz izlər qoyub.
Bu gün həmçinin tarixin müxtəlif kəsimlərində iz qoymuş hadisələrlə də yadda qalıb.
1775-ci ildə Rusiyada kəndli üsyanının rəhbəri Yemelyan Puqaçov edam edilib.
1793-cü ildə Fransız kralı XVI Lüdovik gilyotinlə edam edilib.
1920 ci ildə Parisdə Versal Sülh Konfransı başa çatıb.
1968 –ci ildə göyərtəsində 4 hidrogen bombası olan amerikan hərbi təyyarəsi Qrenlandiya yaxınlığında qəzaya uğrayır. Bombalardan bir indiyədək tapılmayıb.
1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası keçirilib. Respublika rəhbərliyi sessiyada iştirak etməyiblər və onu “qeyri-qanuni yığıncaq” adlandırıblar. Sessiyada Bakıdan qoşunun çıxarılması və fövqəladə vəziyyət rejiminin ləğvi barədə qərarlar qəbul edilib. Lakin SSRİ rəhbərliyi buna məhəl qoymayıb.
1990-cı ildə Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində 20 Yanvar qətliamını pisləyib və hadisədə SSRİ rəhbərliyini, şəxsən Mixail Qorbaçovu ittiham edib.
Modern.az