Modern.az

Bakı bələdiyyələrinin sədrlərindən ciddi etiraz: "Səlahiyyətlərimizi alıblar..."

Bakı bələdiyyələrinin sədrlərindən ciddi etiraz: "Səlahiyyətlərimizi alıblar..."

Ölkə

21 Yanvar 2011, 11:36


Bu gün Azərbaycan cəmiyyətində bələdiyyələr daha çox lazımsız qurum təsiri bağışlayır. Əslində, məhdud səlahiyyətə malik olan, icra hakimiyyəti strujturlarından asılı vəziyyətə düşən yerli özünü idarəetmə orqanlarına başqa cür baxmaq da mümkün deyil. Maraqlıdır, hazırda bələdiyyələr öz gəlirlərini haradan formalaşdırırlar, bu istiqamətdə təşəbbüsləri varmı, yoxsa elə dotasiyalara göz dikiblər? Modern.az-ın əməkdaşı bu suala cavab almaq üçün bəliyyələrə müraciət edib.

Nərimanov rayon bələdiyyəsinin sədri: “İşçilərimizə maaş verə bilmirik”

Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib ki, rəhbərlik etdiyi quruma heç bir yerdən maliyyə yardımı edilmir: “Bizim nə gəlirimiz var, nə də maliyyə resursumuz. Oturmuşuq, işçilərmizin aylıq maaşlarını da verə bilmirik.
Bilirsiniz, çoxları düşünürlər ki, bələdiyyələr ancaq torpaq satmaqla məşğuldurlar. Bizdə nə torpaq var, nə də başqa bir şey. Maliyyə resurslarımızı artırmaq üçün hələ ki heç bir beynəlxalq təşkilatla da iş birliyimiz olmayıb”.
T.Tağıyev 2011-ci il üçün nəzərdə tutulan layihələr barədə danışaraq qeyd edib ki, cari il üçün bir neçə layihələri var: “Ancaq bizim büdcəmiz buna imkan vermir ki, hansısa böyük layihələr həyata keçirək. Bu baxımdan ciddi problemlərimiz var”.

Binəqədi bələdiyyəsinin sədr müavini: “Mənzil istismar sahələri bələdiyyələrə verilərsə...”

Binəqədi rayon bələdiyyəsinin sədr müavini Nicat İsmayılov bildirib ki, onlar əsasən yerli vergilərdən və reklamdan daxil olan gəlirlərlə maliyyələşir: “Dövlət tərəfindən isə bir neçə il öncə dotasiya verilsə də, son zamanlar bu istiqamətində heç bir yardım göstərilməyib”.
N.İsmayılov 2010-cu ildə görülən işlər haqda danışaraq qeyd edib ki, ötən il ərzində Binəqədi bələdiyyəsi bir çox mühüm işlər görüb: “Rayon ərazisində yaşayan insanların çoxsaylı ərizələrinə baxılıb. Bir çox aztəminatlı ailələrə maddi yardımlar göstərilib”.
Sədr müavini deyib: “Ölkə prezidentinin müvafiq fərmanından sonra bələdiyyələrdə torpaq alqı-satqı dayandırıldı. Halbuki bələdiyyələrin başlıca gəlir mənbəyi torpaq alqı-satqısı idi. İndi isə bu olmadığından bələdiyyəmiz daha çox vergidən gələn vəsait hesabına yaşayır”.
N.İsmayılov fikrincə, mənzil istismar sahələri bələdiyyələrə verilərsə, Binəqədi rayonunda bir çox dəyişikliklər olacaq və yeni iş yerləri açılacaq.

Yasamal bələdiyyəsinin sədri: “...Gəlir yerləri əlimizdən alınıb”

Yasamal rayon bələdiyyəsinin də büdcəsi torpaq və əmlak vergilərindən yığılan vəsait hesabına formalaşır. Bu haqda bələdiyyə sədri Zakir Cəfərov məlumat verib. O, bildirib ki, Yasamal bələdiyyəsinin 19 bələdiyyə üzvü və 35 işçisi var. Bələdiyyə sədri maddi imkanların az olmasına baxmayaraq işçilərin maaşlarının vaxtı-vaxtında verildiyini söyləyib və ötən ildə görülən işlərdən danışıb: “Fəaliyyətimiz dövründə ərazidə abadlıq, quruculuq  işləri aparmışıq, yeni istirahət parkları salmışıq. Məhəllədaxili yolları təmir etmişik. Bundan savayı Avropa standartalarına tam cavab verən yeni stadion tikib insanların istifadəsinə vermişik”.
Z.Cəfərov daha sonra bələdiyyənin yeni planlarından danışıb: “Biz maliyyə resursalarımızı artırmaq üçün yeni addımlar atmağı fikirləşirik. Cari ildə mənzil istismar idarələri ilə bağlı bəzi planlarımız var. Balansımızda heç bir torpaq sahəsi olmadığından, məcbur oluruq büdcəmizi vergilər hesabına təşkil edək”.
Z.Cəfərov onu da bildirib ki, bələdiyyənin bir çox imkanları məhdudlaşdırılıb: “Reklam və ərazilərin zibildən təmizlənməsi kimi gəlir yerləri əllərindən alınıb.
Hətta bizim 3 zibilyığan maşınımız xarab olub və indi onları təmir etdirə bilmirik. Əvvəllər gəlirlərimizin çox hissəsini bu sahədən yığdığımız vəsait təşkil edirdisə, indi o da dayandırılıb. “Təmiz şəhər” adlı qurum bizə işləməyə imkan vermədi. Daha sonra Bakı Şəhər Dövlət Yol Polisi texniki baxışa nəzarəti də əlimizdən aldı. Yəni imkanlarımız çox məhduddur”.
Ötən il dövlət tərəfindən 12 min manat dotasiya aldıqlarını deyən bələdiyyə sədri rayon İcra Hakimiyyəti ilə birgə yeni koordinasiya şurası yaratdıqlarını qeyd edib. “Bu şura tərəfindən biz müəyyən edəcəyik ki, hansı işlər görülməlidir.
Zaman-zaman kasıb, aztəminatlı ailələrə də maddi yardımlar edirik. Tələbələrin bəzi problemlərini imkanımız daxilində həll etməyə çalışırıaq. Bundan başqa, bizə müraciət edən insanların problemlərini, təkliflərini dinləyib həll etməyə səy göstəririk. Necə deyim, əlimizdən gələni eləyirik”.

Nəsimi bələdiyyəsinin sədri: “Yazılı şəkildə dotasyaların 50, 100 min manat olduğunu qeyd etsək də, əslinə bu rəqəm 10 min manat təşkil edir”

Nəsimi rayon bələdiyyəsinin sədri Natiq Abbasov bildirib ki, hər bir bələdiyyə kimi, onların da bir sıra problemləri var: “Ən başlıcası bələdiyyələrlə bağlı qanundakı boşluqlar düzəldilməlidir.
Bələdiyyələrin əsas işi dövlətin üzərinə düşən yükə kömək etməkdir. Bunun üçün isə bizim büdcə resursumuz yetərli deyil. Reklam kimi gəlir gətirən sahələr bələdiyyələrin səlahiyyətində olmalıdır, amma bu, bizim ixtiyarımızda deyil. Nəqliyyat sistemində də problemlərimiz var. Dayanacaqların olmaması da bəzi çətinliklər yaradır.
Bələdiyyələr yerli  özünü idarəetmə orqanı kimi 11 ildir ki, fəaliyyətə başlayıb. Bu, çox kiçik vaxtdır. İlk növbədə qanunda vergilərlə bağlı dəyişikliklər edilməlidir. Ən böyük problemlərimiz əmlak vergilərinin fiziki şəxslərdən yığılması və əmlakın dəyərləndirilməsi ilə bağlıdır”.
N.Abbasov bələdiyyənin gəlirləri haqda danışırkən bildirib ki, onlarda torpaq satışı olmadığı üçün büdcə vergilərdən yığılan vəsaitlərdən aslıdırlar:
“Hazırda 19 bələdiyyə üzvümüz və 30 müfəttişlərimiz var. Biz onların maaşalarını vaxtı-vaxtında verə bilirik. Yığılan gəlirlərin 20%- i  maaş olaraq işçilərə verilir”.
Dövlət tərəfindən verilən dotasiyaların azlığında gileylənən N.Abbasov vurğualyıb ki, biz yazılı şəkildə dotasyaların 50 min və 100 min manat olduğunu qeyd etsək də, əslinə bu rəqəm 10 min manat təşkil edir”.
Bələdiyyə sədri onu da əlavə edib ki, yerli orqanlarla əməkdaşlıq edərək daxili imkanlarını artırmağa çalışlar. Beynəlxalq təşkilatlarla isə heç bir əlaqələri yoxdur.
Maddi cəhətdən ciddi problemlərin olduğunu deyən N.Abbasov cari ildə yeni istehsal müəssisəsi açacaqlarını bildirib . Onun sözlərinə görə, vaxtilə bələdiyyədə vergi yığımında 9 mütəxəssis çalışırdısa, indi isə onların sayı 30-dan çoxdur.
Sədrin fikrincə, insanların bələdiyyələri torpaq satan qurum kimi tanıması düzgün deyil: “Kim deyirsə bələdiyyələr ancaq torpaq satışı ilə məşğul olur, mən bu fikrə qəti şəkildə etiraz edirəm. Hardasa qeyri-qanuni torpaq satışı ilə məşğul olan bələdiyyə orqanları varsa, onlar lazımı şəkildə cəzalandırılıblar. Bu faktaları gündəmə gətirmək, mətbuatda işıqlandırmaq bələdiyyələrin nüfuzuna mənfi təsir edir”.
Bizim gördüyümüz müsbət işləri niyə  gündəmə gətirmirlər. Rayonun abadlıq işlərindən tutmuş, kasıblara maddi yardımların göstərilməsinə kimi saysız, hesabsız işlərimiz olur, bunları da qeyd etmək lazımdır”.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı