
Gəncədə şəxsi avtomobillə taksi fəaliyyəti göstərənlər yeni iş axtarmalı olacaqlar. Çünki bir ay sonra şəhərin küçələrində yalnız hüquqi şəxslərə məxsus sarı rəngli müasir tələblərə cavab verən taksilər fəaliyyət göstərə biləcək. Bu açıqlamanı Modern.az-a 1 saylı Regional Nəqliyyat Departamentinin rəisi Şəmistan Nağıyev verib. Taksilərin illərdir vergidən yayınması onların fəaliyyətinə xitam verilməsi zərurətini yaradıb. Bundan sonra Gəncədə sərnişindaşıyan avtobus və mikroavtobuslar kimi taksilər də hüquqi şəxslərə məxsus olacaq. Yəni taksilər mərkəzləşmiş qaydada idarə olunacaq.
Mərkəzi kompüter sistemi Gəncədə deyil, paytaxt Bakıda quraşdırılıb. Mərkəzləşmiş sistemin yaradılması hərəkəti tənzimləməklə yanaşı, təhlükəsizliyi də təmin edəcək. Hətta onlar Daxili İşlər Nazirliyinin 102 xidməti ilə birbaşa əlaqə yarada biləcək. Sürücülərə qarşı xuliqanlıq törədilərsə, quraşdırılan GPRS sistemi ilə 102-yə məlumat veriləcək.
İlkin mərhələdə Gəncəyə 300 ədəd sarı rəngli taksilərin gətirilməsi planlaşdırılır. Şəmistan Nağıyev deyir ki, həmin taksilərin sürücüləri də gəncəlilər olacaq. Ancaq yeni taksilər bu sahədə səriştəsi olan və işlədiyi müddətdə vergidən yayınmayan şəxslərə veriləcək. O ki qaldı şəxsi avtomobillərindən taksi kimi istifadə edənlərin aqibətinə, departament rəisinin sözlərinə görə, onların fəaliyyətinə birdəfəlik xitam veriləcək. Şəmistan Nağıyev ehtiyac duyularsa, yeni taksilərin sayının artırılacağını da istisna etmir.
Statistik rəqəmlərə görə, Gəncədə 2000-dən çox taksi fəaliyyəti ilə məşğul olan var. Ancaq müfəttişlər ay ərzində onların yalnız 500-nü vergiyə cəlb edə bilir.
Xaliq Qurbanov