Modern.az

600-dən çox bal toplayan abituriyentlər özəl ali məktəblərdə də pulsuz oxuyacaqlar

600-dən çox bal toplayan abituriyentlər özəl ali məktəblərdə də pulsuz oxuyacaqlar

Ölkə

25 Yanvar 2011, 14:15


Ali məktəblərin reytinq siyahısında liderliyi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası edir. Ötən il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlərin əksəriyyəti bu təhsil müəssisəsini seçib. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə yanvarın 25-də keçirdiyi mətbuat konfransında ali məktəblərin reytiqini açıqlayarkən bildirib.

TQDK sədrinin sözlərinə görə, yüksək bal toplayanlar respublikanın 71 bölgəsini təmsil ediblər. 500-700 arasında bal toplayan abituriyentlərin əksəriyyəti ən nüfuzlu ixtisaslara qəbul olunublar.
TQDK sədrinin sözlərinə görə, son qəbul imtahanlarında ali məktəblərin reytinq cədvəlinə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası başçılıq edib,  bu təhsil müəssisəsinə 150 nəfər 600-dən yuxarı bal toplayan abituriyent daxil olub. Azərbaycan Dövlət Tibb Universitetinə 348 nəfər, Qafqaz Universitetinə 181 nəfər, Bakı Dövlət Universitetinə 260 nəfər, İqtisad Universitetinə 236 nəfər 600-dən yuxarı bal toplayan abituriyent daxil olub.

Ötən illərdə olduğu kimi, son qəbul imtahanında ən yüksək keçid balı Dövlət İdarəçilik Akademiyasının ixtisaslarına olub. Həm Azərbaycan, həm də rus bölməsində ən yüksək keçid balı akademiyanın II qrupa daxil olan “Menecment” ixtisasına məxsusdur. Azərbaycan bölməsində bu ixtisas üzrə keçid balı 675-ə, rus bölməsində isə 650-yə bərabərdir.

Ən aşağı keçid balı Azərbaycan bölməsində Milli Aviasiya Akademiyasının “Ekologiya mühəndisliyi”, rus bölməsində isə Gəncə Dövlət Universitetinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasında olub. Həm Azərbaycan, həm də rus bölməsi üzrə ən aşağı keçid balı 200-dür.

Qeyd edək ki, ötən il ali məktəblərə qəbul imtahanlarında iştirak edən 5424 abituriyent 500-dən, o cümlədən 1414 abituriyent 600-dən yuxarı bal toplayıb.

M.Abbaszadə yüksək nəticə göstərən abituriyentlərlə bağlı bir yeniliyi də açıqlayıb. O, deyib ki, 600-dən çox bal toplayan abituriyentlərin təhsilhaqqı onlar özəl ali məktəbləri seçsələr belə, dövlət tərəfindən ödəniləcək.

Sədaqət Süleymanova 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı