“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” və “İnsan Hüquqları üzrə İctimai Şura” İctimai birlikləri oktyabrın 28-də miqrant probleminə dair dəyirmi masa keçirib. Modern.az xəbər verir ki, «Azərbaycandakı miqrantların mövcud durumu və problemlər» mövzusuna həsr olunan tədbirdə “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İB-nin sədi Nadir Abdullayev bildirib ki, BMT-nin araşdırmalarına əsasən, son 35 il ərzində öz vətənlərindən kənarda yaşayan insanların sayı iki dəfədən çox artaraq 200 milyona çatıb. Bu gün dünyada hər 35 nəfərdən biri miqrantdır. Tədbirdə çıxış edən təçkilatın eksperti Dəyanət Musayev miqrantların üç qrupa bölündüyünü qeyd edib: əmək fəaliyyəti ilə məşğul olmağa gələnlər (əməkçi miqrantlar), qaçqın statusu almaq üçün gələnlər və Azərbaycan ərazisindən tranzit ölkə kimi istifadə etmək istəyənlər: “Ölkəmizə gələnlərin əksəriyyəti də məhz əməkçi miqrantlardır. Son illər ərzində ölkədə baş verən iqtisadi dəyişikliklər insan hüquq və azadlıqlarının qorunması sahəsində aparılan islahatlar, Qarabağ probleminin sülh yolu ilə həll olunma ehtimalının artması, Avropaya inteqrasiya proseslərinin güclənməsi və s. hallar ayrı-ayrı ölkələrdən Azərbaycana gələnlərin sayının sürətlə artmasına səbəb olub”. D.Musayev bildirib ki, qlobal maliyyə böhranı nəticəsində dünyada miqrantların (xüsusilə də əməkçi miqrantların) sayı artır. BMT-nin son hesablamalara əsasən, qlobal maliyyə böhranı 50 milyon iş yerinin itirilməsinə səbəb olub. 2009-cu ildə 100 milyona yaxın insan ifrat yoxsulluq şəraitində yaşayır. Ekspert Azərbaycanda miqrantların sayının artmasını 2009-cu il 29 iyun tarixində Moskvadakı "Çerkizov" bazarının bağlananması ilə əlaqələndirib. Rusiya mətbuatı təkcə bu bazarda 20 min qanunsuz yaşayan və çalışan miqrantın olduğunu bildirib. D.Musayev Moskvada əcnəbilərin parəkəndə ticarətlə məşğul olmasına da kvota qoyulduğunu, onlara spirtli içkilərlə ticarət etməyə icazə verilmədiyini, Moskva və Moskvaətrafı bölgələrdə əməkçi miqrantlara ayrılan kvota sayının 750 mindən 250 minə endirilməsinin də ölkəmizə əcnəbi axınının səbəbi kimi qeyd edib. Dövlət Miqrasiya Xidmətinin miqrasiya siyasəti şöbəsinin müdir müavini Vahid Qəhrəmanov bildirib ki, 2009-cu ildə Xidmətə 7000-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib. O, xatırladıb ki, qurumun şikayət və təkliflər üçün “qaynar xətti” (561-87-54) fəaliyyət göstərir. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin miqrasiya idarəsi şöbəsinin sektor müdiri Fuad Cabbarov, “İnsan Hüquqları üzrə İctimai Şura”nın icraçı direktoru Arzuxan Əlizadə, Beynəlxalq Miqrasiya Təşkilatının layihə rəsmisi Səltənət Məmmədova, Azərbaycanda Çeçen icmasının nümayəndəsi Xamzat İlyasov, Ombudsman aparatının rəsmisi Müqalib Mahmudov, Azərbaycan Miqrasiya Mərkəzinin prezidenti Əlövsət Əliyev, Ahıska türklərinin “Vətən” cəmiyyətinin sədri İbrahim Burhanov, AMEA-nın İnsan Haqları İnstitunun rəsmisi Musa Musayev problem barədə fikirlərunu bildiriblər.