Modern.az

Səlim Müslümov əmək pensiyaları sahəsindəki dəyişikliklərdən danışıb

Səlim Müslümov əmək pensiyaları sahəsindəki dəyişikliklərdən danışıb

Ölkə

28 Yanvar 2011, 14:09

Yanvarın 28-də Dövlət Sosial Müdafiə Fondunda (DSMF) ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.
Modern.az-ın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov pensiyaçıların sosial müdafiəsi sahəsində mühüm addımlar atılıb:
“2010-cu ildə Avropanın əksər ölkələrində maaş və pensiyaların məbləği aşağı düşsə də, Azərbaycanda əməkhaqqı və pensiyaların baza hissəsi artırılıb”. 
   
S.Müslümov vurğulayıb ki, ölkədə həyata keçirilən düşünülmüş iqtisadi islahatların tərkib hissəsi kimi sığorta-pensiya sisteminin yenidən qurulması və davamlı inkişafına nail olunması, həmçinin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2010-cu ildə Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin əsas istiqamətlərini təşkil edib. 2010-cu ildə Fondun gəlirləri 1765,7 mln. manat  təşkil edib ki, bu da 2009-cu  ilə nisbətən 164 mln. manat və ya 10,2 faiz  çoxdur.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2009-cu ilə nisbətən 7,7 faiz və ya 80 mln. manat artaraq 1114,3 mln. manat təşkil edib.
Qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2009-cu ilə nisbətən 12,6 faiz və ya 72,5 mln. manat  artaraq 648,8 mln. manat təşkil edib. Bu artım orta aylıq əmək haqqının artım səviyyəsini  3,5 faiz bəndi üstələyib. Hesabat dövrü ərzində həm fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi  gücləndirilib. Nəticədə,  fiziki şəxslərdən daxilolmalar 8,7 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 58 faiz artıb.

2010-cu ildə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1765,1 mln. manat olub ki, bu da 2009-cu  ilə nisbətən 89,7 mln. manat və ya 5,4 faiz  çoxdur.
      
S.Müslümov bildirib ki,  gəlirlərin icrası, maliyyə dayanıqlıgının qorunması son nəticədə pensiyaçıların sosial müdafiəsinə xidmət edib, 2010-cu ildə Prezidentin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən 4 sərəncamı Dövlət Sosial Müdafiə Fondu tərəfindən icra olunub: “Nəticədə, əmək pensiyalarının orta aylıq məbləği 2010-cu ilin əvvəlinə nisbətən 11,5 faiz artaraq ilin sonuna 112  manat olub”. 
    
S.Müslümov nəzərə çatdırıb ki, artıq 2010-cu il yanvarın 1-dən "Əmək pensiyaları haqqında" Qanuna edilən son əlavə və dəyişikliklər tətbiq olunmaqdadır və əldə olunan nəticələr müsbətdir: “Əmək pensiyaları sahəsində qanunvericiliyə edilən son dəyişiklik nəticəsində yeni sadələşdirilmiş qaydanın tətbiqi nəticəcində ölkə üzrə pensiyanın orta aylıq məbləgi 112 manat təşkil etdiyi halda, yeni təyin olunan pensiyalar üzrə orta aylıq məbləğ 162 manat olmuşdur”. 
     
Fərdi uçot sisteminin tətbiq dairəsinin daha da genişləndirilməsi məqsədilə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində davam etdirilən tədbirlər nəticəsində 2010-cu ildə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 9,79 faiz artıb. İl ərzində Fond tərəfindən əlavə olaraq 160 523 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 800 452 nəfərə yüksəlib. 
Hazırda sığortaedənlərdən 2006-2009-cu illər üçün məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesi yekunlaşıb və sığortaolunanların Fondun saytına daxil olmaqla öz şəxsi hesablarına nəzarət etmək imkanını verən proqramın sınaq işləri aparılır.
       
S.Müslümov 2010-cu ildə Azərbaycanda sığorta-pensiya sistemi üzrə davam etdirilən islahatların bir sıra beynəlxalq uğurlarla müşahidə olunduğunu deyib. Azərbaycanda həyata keçirilən sığorta - pensiya islahatlarnın nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi 3-5 mart 2010-cu il tarixində Polşa Respublikasının Varşava şəhərində keçirilən Avropa Sosial Təminat Forumunda Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu "Avropanın uğurlu təcrübəsi" müsabiqəsinin "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə" nominasiyası üzrə Avropa qalibi elan edilib.
2010-cu ilin dekabr ayında BMT İnkişaf Proqramının Avropa və MDB üzrə Regional bürosu Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin islahatları üzrə layihənin, həmin büronun xəttilə gerçəkləşdirilən layihələr arasında birinci yerə layiq görüldüyünü açıqlayıb.   Bununla yanaşı, 29 noyabr - 4 dekabr 2010-cu il tarixində Cənubi Afrika Respublikasının Keyptaun şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının təşkilatçılığı ilə keçirilən Dünya Sosial Təminat Forumunda Beynəlxalq Sosial Təminat Assosiasiyasının MDB və türkdilli ölkələr üzrə Regional Koordinasiya Mərkəzinin Bakıda yaradılması qərara alınıb.

Sonra Fondun mərkəzi aparatının ayrı-ayrı şöbələrinin müdirləri hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı çıxışlar ediblər.
     
Geniş kollegiya iclasında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” ilə icrası 2011-cu il üçün nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi müzakirə edilib. Müzakirələr zamanı pensiya və müavinət təyinatının avtomatlaşdırılması, Fond sistemində vahid korporativ şəbəkənin qurulması və digər istiqamətlərdəki  tədbirlərin daha da intensivləşdirilməsi barədə qərarlar qəbul olunub.  Bildirilib ki, sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi istiqamətində Dövlət Sosial Müdafiə Fondu orqanları qarşısında mühüm vəzifələr durur.  
        
Kollegiya iclasında həmçinin Fondun yerli orqanlarının 2010-cu ildəki fəaliyyəti ətraflı təhlil edilib və fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı