"Eurovsion" Mahnı Müsabiqəsinin milli seçimlərində finala çıxan 5 ifaçının yanvarın 24-dən etibarən İctimai Televiziyada verdiyi canlı solo konsertləri artıq başa çatıb.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədovun verdiyi məlumata görə, bu solo konsert proqramları hər bir ifaçının səs və səhnə performansları, həmçinin danışıq, ünsiyyət, xoreoqrafiya bacarıqlarını daha yaxından izləməyə imkan verdi. İndi final konsertinə hazırlıqlar gedir.
Tahir Məmmədov final konsertinin tarixinin yaxın günlərdə açıqlanacağını bildirib. Münsiflər heyəti final günü 5 ifaçı arasından Azərbaycanın “Eurovision-2011”-dəki təmsilçisini müəyyən edəcək. Xatırladaq ki, final mərhələsində qalib yalnız münsiflərin səsverməsi nəticəsində seçilir. Finalda Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova iştirak edəcək.
Modern.az