Modern.az

16510 bakalavr magistratura imtahanı verir

16510 bakalavr magistratura imtahanı verir

Ölkə

20 Fevral 2011, 12:15

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirir. TQDK-dan Modern.az-a verilən məlumata görə, imtahanlar respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəranda keçirilir. Ərizələrin qəbulu internet vasitəsilə yanvarın 25-dən fevralın 7-dək aparılıb və imtahanda iştirak etmək üçün 16510 bakalavr sənəd verib. Onlardan 14447 nəfəri Azərbaycan bölməsi, 2063 nəfəri rus bölməsi üzrə imtahan verir. Ərizə verənlərin 8047 nəfəri oğlan, 8463 nəfəri isə qızlardır. Bakalavrlardan 9569 nəfəri 2011-ci ilin məzunlarıdır. Qəbul imtahanı Bakı şəhərində 22, Naxçıvanda 1, Gəncədə 2, Lənkəranda 1 binada keçirilir. Bakıda 14385, Naxçıvanda 509, Gəncədə 1464, Lənkəranda isə 152 bakalavr imtahan verir. İmtahanın idarə olunması üçün 119 imtahan rəhbəri, 1207 nəzarətçi-müəllim cəlb olunub. Bütün bölgələrdə qəbul imtahanının gedişini TQDK-da akkreditasiyadan keçmiş 40-dan çox KİV nümayəndəsi müşahidə edir. İmtahan bütün binalarda eyni vaxtda - saat 14:00-da başlanır və sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni üzrə 25 test tapşırığı təqdim olunur. Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən topladığı bal 20-dən, informatika üzrə testdən topladığı bal 10-dan, xarici dil üzrə testdən topladığı bal 10-dan az olmayan bakalavrlar ikinci mərhələyə buraxılacaqlar. Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya qəbul imtahanlarını 2005-ci ildən etibarən keçirir. Hər il Komissiyada ali məktəblərin magistratura şöbələri, ixtisas kafedraları, professor-müəllim heyəti və aparıcı mütəxəssisləri ilə birlikdə aparılan səmərəli iş nəticəsində magistraturaya qəbul imtahanının məzmununa aid zəruri elmi-metodiki materiallar, qəbul proqramları hazırlanır. Ayrı-ayrı ixtisaslar üzrə formalaşdırılmış qəbul proqramları, ədəbiyyat siyahıları, model test tapşırıqları imtahana hazırlaşan bakalavrlara təqdim olunur. TQDK qəbul imtahanının məzmununun və qiymətləndirmə mexanizminin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin davamı olaraq 2009-cu ildə magistraturaya qəbul qaydalarında da müəyyən dəyişikliklər edib. Belə ki, 2009/2010-cu tədris ilindən etibarən magistratura səviyyəsinə qəbul imtahanlarının iki mərhələdə keçirilməsinə başlanılıb. Bu sahədə yeniliklərdən biri də həmin ildən başlayaraq magistratura imtahanlarında bakalavrların informatika üzrə ümumi biliklərinin test üsulu ilə yoxlanılmasıdır. Qəbul imtahanlarının keçirilmə arealının genişlənməsini xüsusi qeyd etmək olar. Belə ki, 2010-cu ildə magistraturaya qəbul imtahanının I mərhələsi Bakı və Naxçıvanla yanaşı, ilk dəfə olaraq Gəncə şəhərində də keçirildi. Yuxarıda göstərildiyi kimi, fevralın 20-də magistraturaya qəbul imtahanı ilk dəfə olaraq Lənkəran şəhərində də keçirilir.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı