Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi ötən həftədən ölkənin ümumtəhsil müəssisələrində sınaq (yoxlama) imtahanları keçiri. Nazirliyin Monitorinq və qiymətləndirmə şöbəsindən Modern.az saytına verilən məlumata görə, fevralın 20-də daha 12 bölgədəki ümumtəhsil məktəblərinin 9-cu və 11-ci sinif şagirdləri sınaq imtahanları veriblər. Belə ki, bu günkü imtahanlar Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarının orta məktəblərində keçirilib. Nazirlikdən bildirlib ki, sınaq imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılacaq. Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.
Xatırladaq ki, imtahanlar test üsulu ilə keçirilir. 11-ci sinif şagirdləri üçün sınaq imtahanları (səkkiz ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil), 9-cu sinif şagirdləri üçün isə iki (ana dili və riyaziyyat) fənn üzrə keçirilir. İmtahan XI sinif şagirdləri üçün 3, IX sinif şagirdləri üçün isə 1 saat 30 dəqiqə davam edib. 2010-2011-ci dərs ilində keçirilən yoxlama imtahanlarında bir sıra yeniliklər tətbiq olunub. Belə ki, tam orta təhsil səviyyəsi üzrə yoxlama və buraxılış imtahanlarında ümumi sual sayı dəyişilməz olaraq 120 qalsa da, fənlər üzrə sual sayları dəyişilib. Ana dili və riyaziyyat fənləri üzrə sualların sayı 25-dən 21-ə endirilib, təbiət fənləri üzrə sualların sayı isə (kimya, bialogiya, fizika, coğrafiya) 10-dan 12-yə qaldırılıb. Bundan əlavə, ilk dəfə şagirdlərə Təhsil Nazirliyi tərəfindən hazırlanmış xüsusi buraxılış vərəqələri verilib.
Onu da qeyd edək ki, 2010-2011-ci dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama və buraxılış imtahanlarında respublika üzrə iştirak edəcək 236710 şagirdin 137523 nəfəri IX, 94417 nəfəri XI sinif, 4770 nəfəri isə texniki peşə liseylərinin şagirdidir. ”Orta məktəblərdə keçirilən sınaq imtahanlarının nəticələrinə elə-belə yanaşmaq olmaz, çünki qiymətlər attestata da təsir göstərəcək”. Bu sözləri Modern.az saytına Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən bildiriblər. Nazirlikdən onu da deyiblər ki, ötən şənbə və bazar günləri Bakı məktəblərində keçirilmiş sınaq imtahanlarından “2” qiyməti alan 11-ci sinif şagirdləri bu barədə ciddi düşünməli və buraxılış imtahanlarına yaxşı hazırlaşmalıdırlar ki, “nailiyyətlərini” təkrarlamasınlar, əks halda attestat ala bilməyəcəklər. Əgər indiki sınaq imtahanlarından “2” alan şagirdlər yayda buraxılış imtahanlarından yuxarı qiymət alsalar, onların problemləri olmayacaq, yəni attestat ala biləcəklər.
Modern.az