Modern.az

Azərbaycanın müstəqiliyini istəyən hər kəs müsavatçıdırmı? Deputatlardan etiraz gəldi...

Azərbaycanın müstəqiliyini istəyən hər kəs müsavatçıdırmı? Deputatlardan etiraz gəldi...

Ölkə

23 Fevral 2011, 13:46

Tanınmış tədqiqatçı, müasir Azərbaycan jurnalistikasının atası, professor Şirməmməd Hüseynov mətbuata verdiyi açıqlamada bildirib ki, müsavatçıdır, ancaq Müsavat Partiyasının üzvü deyil.

O, qeyd edib ki, Azərbaycanın inkişafını, azad, müstəqil olmasını istəyənlər də müsavatçıdırlar. “Onlar Yeni Azərbaycan Partiyasının da üzvü ola bilərlər, əsas odur ki, Azərbaycanın müstəqilliyinə, inkişafına çalışırlar”-deyə Ş.Hüseynov bildirib.

Ş.Hüseynovun dediklərinə münasibət bildirən deputat Fəzail Ağamalının sözlərinə görə, o, müsavatçı və Müsavat ideyaları ilə yaşayan insan deyil:
“Müsavatçı olmayan minlərlə, yüz minlərlə insan var ki, Azərbaycanın istiqlalı uğrunda mübarizə aparıb. Azərbaycan xalqının ümumi bəşəri dəyərlərə söykənən istiqlal mübarizəsini bir ideologiya, partiya çərçivəsində məhdudlaşdırmaq düzgün deyi. Mən bunun əleyhinəyəm. Bu, düzgün yanaşma deyil. Azərbaycan xalqının bütövlükdə dünyagörüşünü, ümumi məqsədlərini həyata keçirmək uğrunda mübarizədə ideologiyaya, Müsavatın baxışlarına söykənməyən minlərlə insan döyüşlərdə şəhid olub. Bu millətin ümumi düşüncə və baxışlar sistemidir. Bu baxışlar sistemini bir partiyanın proqram çərçivəsinə yerləşdirmək və onunla məhdudlaşdırmağa çalışmağı düzgün hesab etmirəm”.

F.Ağamalı bildirib ki, Azərbaycan Demokratik Cümhuriyyətinin yaradıcılarının xeyli hissəsi Müsavat Partiyasının üzvi, yaxud da onun ideyalarının daşıyıçısı olmayıblar: “Lakin Azərbaycan Cumhuriyyətinin yaradılması uğrunda, ondan öncə isə Azərbaycanın istiqlalı uğrunda mübarizədə fəal iştrak ediblər. Bunların hamısını Müsavat ideologiyasının altına yığmaq düzgün deyil”.

F. Ağamalı deyib ki, müsavatçılıq Azərbaycan xalqının baxışlar sisteminin kiçik bir hissəsidir: “Bu hissə-mahiyyət etibarilə xalqın azadlıq uğrunda döyüşünün və baxışlar sisteminin bir partiya çərçivəsi içinə sığışmasının özü düzgün yanaşma deyil.

Bütövlükdə millət azadlıq uğrunda savaşa qoşulursa və bu savaş prosesində bir qrup insan siyasi partiya yaradırsa, zamanın ortaya qoyduğu tələblər bu mübarizədə xalqın önündə gedirsə, bu xalqın ümumi baxışlar sisteminin bir tazahürüdür. Millətin istiqlal savaşında dünyaya baxışını müsavatlaşdırmaq düzgün deyil. Bu, millətin dəyərlər sistemidir, baxışlar sistemidir. Bu sistemdə Müsavat da var idi, Hümmət də, Füyuzat da... Bütün siyasi proseslərdən uzaq olan sadə Azərbaycanlılar da var idi, onlar Azərbaycanın istiqlalı uğrunda hər zaman döyüşlərə atılıb, şəhidlik zirvəsinə qalxıblar”.

Şirmməməd Hüseynova alim kimi hörmət etdiyini deyən F.Ağamalı bildirib ki, onun bu yanaşması kiyafət qədər ziddiyyətlidir: “Onunla birmənalı şəkildə razılaşmaq mümkün deyil”.

Millət vəkili Musa Quliyev isə bildirib ki, bu, Şirməmməd Hüseynovun subyektiv fikridir. Onun sözlərinə görə, bu fikirləri Müsavatın qurultayında, iclasında səsləndirmək olar: “Ümumilikdə, bu, ictimaiyyətin fikri deyil. Azərbaycana daha yaxşı xidmət etməyə qadir olan Müsavatdan başqa digər ideologiyaların da olduğu sübüt olunub. Biz bunu müstəqillik əldə etdikdən sonra Yeni Azərbaycan Partiyasının yaranması və Heydər Əliyevin Azərbaycan ideologiyasının timsalında görürük”.

Bununla belə M.Quliyev deyib ki, müsavatçılıq ideyası pis ideya deyil: “Belə ki, bu, bərabərlik ideyasıdır. Əvvəllər Hümmət təşkilatının da ideologiyası həmin idayalardan ibarət idi. XIX əsrin sonları, XX əsrin əvvəllərində yaranan bir çox partiyaların ideyaları biri-birinə oxşar idi. Müsavatın xüsusi, əlahiddə bir idayası yoxdur”.

Deputat qeyd edib ki, hamı Azərbaycanın müstəqilliyini istəyir: “Biz Azərbaycanın müstəqilliyini, qüdrətli dövlət olmasını və xalqının tərəqqisini istəyirik. Bunlara nail olmuşuq, baxmayaraq ki, bizim ideyamız azərbaycançılıq ideyasıdır, Heydər Əliyev ideyasıdır. Ancaq belə fikirlərin səslənməsində təhlükəli bir şey görmürəm. Ümuni miqyasda götürəndə hansı ideyanın qalib ideya olduğu, hansı ideyanın həyatda özünə yer tütmadığı hamıya məlumdur”.

Sədaqət SÜLEYMANOVA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı