Modern.az

Zaqatala deyiləndə ilk ağla gələn nə olur? (Tanınmışlar cavab verir)

Zaqatala deyiləndə ilk ağla gələn nə olur? (Tanınmışlar cavab verir)

Ölkə

24 Fevral 2011, 11:26

Qədim tarixə, mədəniyyətə, adət-ənənələrə malik olan Azərbaycan rayonları müxtəlif xüsusiyyətlərilə bir-birindən fərqlənir. Rayonlarımız ayrı-ayrılıqda nəyiləsə tanınırlar. Modern.az saytı “Rayonlarımız nəyi ilə tanınır” sualı ilə cəmiyyətimizin müxtəlif sahələrinin nümayəndələrinə müraciət edir. Bu dəfə də müsahiblərimizdən Zaqatala rayonunun nə ilə yaddaşlarında qaldığını öyrəndik... "

Səliqəli küçələri xatırlayıram" 

 

Dakı Dövlət Universitetinin professoru, sabiq millət vəkili Şahlar Əsgərov bildirdi ki, Zaqatala rayonu deyəndə buranın səliqəli küçələri, qədim çinar ağaçları və çox millətlərin bir arada mehriban yaşamasını xatırlayır.

 

Rayon insanlarını fərqləndirən xüsusiyyətlərə gəldikdə isə müsahibimiz bildirdi ki, bu barədə fikir söyləmək çətindir. Onun sözlərinə görə, bunu demək üçün tədqiqatlar aparmaq lazımdır.

 

“Yenilməz batalyon” yada düşür

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyir ki, Zaqatala rayonu ona “Yenilməz batalyon” filmini xatırladır: “Tələbə vaxtında bu rayona çox getmişəm. Oranın turistlər üçün çox gözəl bazası var idi”. Sovet dövründə Zaqatalanın çox inkişaf etdiyini deyən Y.Məmmədli qeyd etdi ki, indi bu rayonda vəziyyət ürəkaçan deyil: “Sovet dövründə bu rayon regionun ən gözəl turist zonası idi, hazırda isə İsmayıllı, Qəbələ çox inkişaf edib. Əlbətdə bu yaxşı haldır. Ancaq Zaqatalada əksinədir. Sovet dövründə vəziyət  nə qədər ürəkaçan idisə, indi bir o qədər pis vəziyyətdədir”. Y.Məmmədlinin sözlərinə görə, Zaqatala sakinləri ümumilikdə Azərbaycan xalqına xas olan keyfiyyətlərə malikdir: “Düzdür, Zaqatalada tanışlarım var, ancaq çox ünsiyyətdə olmadığım üçün buranın insanlarının hansı xüsusiyətləri olduğunu deyə bilmərəm. Bu rayonun insanlarını daha çox yaxşı xüsusiyyətlətləri ilə xatırlayıram. Başqa rayonlara gedəndə pis cəhətlər də görmüşəm, ancaq Zaqatalada belə halla heç üzləşməmişəm”. 

"İlk ağlıma gələn burada qızların çayxanada çay içməsidir" 

Xalq artisti Rasim Balayev bildirdi ki, Zaqatala gözəl təbiəti və gözəl insanları olan rayondur: “Bu rayonda bir neçə dəfə olmuşuq və film də çəkmişik. Bir dəfə yenə orada film çəkirdik. Arada vaxt tapıb Cahangir Zeynalovla birgə çayxanaya getdik  ki, çay içək. Gördük bir neçə qız oturub çayxanada çay içir. Özləri də şəhər tipli qızlar idi. Bizdə isə adətən qızlar çayxanalara getmirlər. Amma Zaqatalada bunun şahidi olduq. Onlar sərbəst şəkildə çaylarını içdilər, getdilər. Heç kim onlarla pis baxmırdı. Uzun zaman bu bizim təəccübümüzə səbəb oldu. Bakıya gələndə də danışdıq ki, Zaqatalada qızlar da çayxanaya gedir. Bax, Zaqatala mənim yadımda belə qalıb”.

Zaqatala sakinlərinin hansı xüsüsiyyətlərinin digər rayonların insanlarından seçilməsinə gəlincə, R.Balayev bildirdi ki, buranın insanları olduqca mehribandır: “Təbiətdə pis şey yoxdur. Ətrafda olan xoşagəlməz nüansları insanların səmimiliyi ört-basdır edir. Belə insanların içində insan ətrafda olan çatımazlıqları unudur. Zaqatalanın insanları mehriban və səmimidir”.

“İlk ağlıma gələn füsünkar təbiətdir”

Politoloq Qabil Hüseynli deyir ki, Zaqatala rayonu deyəndə ilk ağlına gələn bu rayonun füsünkar təbəti olur:  “Zaqatala deyəndə, buranın dağını, meşəsini və bolsulu çaylarını xatırlayır. Bu rayon müxtəlif xalqların yaşadığı yerdir və bu xüsusiyyət də mənə Zaqatalanı xatırladır: “Mənim fikrimcə, Zaqatala polietnik xüsusiyyətə malikdir. Burda qarışıq millətlər yaşayır, avarlar var, başqa azsaylı xalqlar yaşayır”. Rayon insanlarına xas olan xarakterə gəlincə, Q.Hüseynli deyir ki, əhalisi müxtəlif olan rayonda bu xüsusiyyət insanlarla münasibətdə özünü göstərir: “Zaqatalanın insanları olduqça mədəni və səmimidir”.

"Zaqatalalılar çox zövqlə geyinirlər"

Yazıçı Seymur Baycan da deyir ki, Zaqatala deyəndə yadına “Yenilməz batalyon” filmi düşür. S.Baycan bildirdi ki, Zaqatala digər rayonlardan kəskin şəkildə fərqlənir: “Belə ki, Azərbaycanın digər rayonlarından fərqli olaraq Zaqatlanın insanları çox zövqlə geynirlər. Mən bu rayona  tez-tez gedirəm. Deyə bilərəm ki, özümü ən rahat hiss etdiyim rayonlardan biridir. Zaqatala yeganə şəhərdir ki, burda qadınlar sərbəst şəkildə küçəyə çıxır, mağazaya restorana, kafeyə, çayxanaya gedir. Zaqatalaya gedən bütün insanlar bu fərqləri aydın şəkildə görə bilər”.

Sədaqət SÜLEYMANOVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı