
Bakı Dövlət Universitetinin rektorluğunun genişləndirilmiş iclası keçirilib. BDU-nun Mətbuat və İnformasiya şöbəsindən Modern.az-a verilən məlumata görə, iclasda çıxış edən rektor, akademik Abel Məhərrəmov dövlət və dövlətçiliyinin əsas sosial dayağı olan Bakı Dövlət Universitetində növbəti islahatlara start verildiyini bildirib.
Hüquq, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültələrinin tələbələrindən rektorluğa daxil olmuş şikayət və təklifləri geniş araşdıraraq müşahidə edilmiş neqativ halların qarşısını almaq, əmək intizamını daha da möhkəmləndirmək məqsədilə radikal qərarlar qəbul edilib. Hüquq fakültəsinin dekan vəzifəsini icra edən professor Firudin Səməndərov azad edilibi. Prorektor, professor Elxan Hüseynova islahatlar aparmaq, müvafiq radikal qərarlar qəbul etmək və əməli təkliflər hazırlamaq üçün qısa müddətə həmin fakültəyə dekan vəzifəsini icra etmək tapşırılıb.
Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin işində dönüş yaratmaq, həmin fakültədə ciddi kadr islahatları aparmaq, dekanlığın işində olan boşluqları aradan qaldırmaq məqsədilə tədris işləri üzrə prorektor, professor Vüsət Əfəndiyevin rəhbərliyi ilə komissiya yaradılıb.
Eyni zamanda, işdə buraxdıqları ciddi nöqsanlara görə Mülki hüquq kafedrasının müdiri Rəisə Dünyamalıyeva, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri Sədiyar Zeynalov vəzifələrindən azad ediliblər. Kriminalistika kafedrasının müdiri, professor Kamil Səlimova isə son xəbərdarlıqla şiddətli töhmət verilib
Həmçinin BDU Kadrlar şöbəsinin rəisi Rüstəm Əhmədov işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edilib.
İclasda fakültə dekanlarına və struktur rəhbərlərinə bir vəzifə olaraq tapşırılıb ki, bütün müraciətlərə, xüsusilə tələbələrə son dərəcə diqqət və həssaslıqla yanaşsınlar, işlərində ciddi dönüş yaratsınlar. Gözlənilə bilən bütün neqativ halların qarşısı birmənalı şəkildə alınmalı, universitetin nüfuzuna xələl gətirə bilən heç bir hərəkətə yol verilməməlidir.

Modern.az