Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı qətliamından 19 il ötür. İllər ötsə də bu dəhşətlərin ağrı-acısı silinməz bir tarixə çevrilib.
Modern.az saytı tanınmış şəxslərdən 1992-ci il fevralın 25-ni necə xatırladıqlarını öyrənməyə çalışıb.
“Həmin mənzərə sanki bu dəqiqə olmuş kimi gözümün önündən getmir”
Həmin dəhşətin canlı şahidi olan vaxtilə Xankəndinin polis rəisinin müavini, sonra isə Şuşanın rəisi olmuş polkovnik Sadir Məmmədov Xocalıda fevralın 25-də gördüyü hadisələri belə xatırlayır:
“Fevralın 25-də Xocalıda vəziyyət olduqca gərgin idi. Şəhərin demək olar ki, dörd bir təfəri mühasirədə idi. Təkcə Ağdam yolundan başqa insanların çıxa biləcəyi bir yol qalmamışdı. Xocalı blokada vəziyyətində qalmışdı. Sanki insanlar hər an erməni vandallarının hücumunu gözləyirdilər”.
S.Məmmədov Xocalıda yaşadığı o günləri bir an belə unutmadığını deyir: “Xocalıda yaşanan o dəhşət dolu anları ifadə etmək onu yaşamaq qədər çətidir. Xocalı camaatı elə bil bu faciəni hiss etmişdi. İnsanlar canlarını qurtarmaq üçün meşələrə qaçırıdılar. Şəhərin təhlükədə olduğunu bilə-bilə o zamanki hökumət əlacsız qalan xocalılara kömək əlini uzatmadı. Ayın 25-i gündüz vaxtı vəziyyət nisbətən sakit idi. Hər tərəf sükut içində idi. Lakin arabir atəş səsləri eşidilirdi. Sən demə, erməni silahlı birləşmələri 366-cı rus motoatıcı alayı ilə birlikdə axşam Xocalıya hücum etməyi planlaşdırıbmış. Onlar gecə saat 11-də şəhərə daxil oldular. Əliyalın, köməksiz insanlar düşmən gülləsinin qarşısında sipər oldu. Qoca, cavan, uşaq bilməyən cinayətkarlar qarşılarına çıxan bütün insanları məhv etdilər. Bir göz qırpımında Xocalı yerlə-yeskan edildi. Bu hadisələrdən 19 il keçməsinə baxmayaraq, həmin mənzərə sanki bu dəqiqə olmuş kimi gözümün önündən bir an belə getmir”.
“O gün vəziyyət çox ağır idi”
Xankəndinin deputatı, Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova isə 25 fevralı belə xatırlayır: “Yoldaşım o zaman Ağdamda idi. Mən isə Bakıda idim və tez-tez vəziyyəti öyrənmək üçün onunla əlaqə saxlamağa çalışırdım. Fevralın 25-i Xocalıda vəziyyət çox gərgin idi. Şəhər böyük təhlükənin astanasında idi. Bunu mənə deməsələr də, özüm hiss edirdim. Hətta mənim yaxın qohumlarımın çoxu Xocalıda yaşayırdılar. Ona görə biz hamımız çox narahat idik və vəziyyəti öyrənmək üçün tez-tez əlaqə saxlayırdıq. Ordan da bizə heç nə bildirmirdilər”.
“Xocalı soyqırımı günü AzTV xalqa çərşənbə bayramı göstərirdi”
Millət vəkili Məlahət İbrahimqızı 1992-ci ilin Xocalı dəhşətini belə xatırlayır:
“1992-ci il fevralın 26-da Xocalı faciəsi baş verən gün indiki kimi yadımdadır. Çərşənbə günü idi. Həmin günü AzTV-də mən şəxsən özüm gördüm ki, Xocalı ilə bağlı çox qısa bir məlumat yayımlandı. Sonra başladılar guya heç nə olmamış kimi çərşənbə haqqında sujetlər yaymağa... Xocalıya aid təsəvvür edin, heç nə yayımlanmırdı. Bir neçə gündən sonra bildik ki, Xocalıda belə bir dəhşət yaşanıb”
Anar RÜSTƏMOV